Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG, kəmərin tutumunu genişləndirmək məqsədilə sentyabr ayında infrastruktur işlərinə başlayacaq.
Fins.az-ın məlumatına görə, bu işlər TAP-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi bölgəsində həyata keçiriləcək.
Şirkətin açıqlamasına görə, boru kəmərinin tutumunun ildə 1,2 milyard kubmetr artırılması məqsədilə 2021-ci ildə keçirilən məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla tamamlandıqdan sonra, TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri aparılacaq.
Bu dövrdə TAP AG, birləşmə nöqtələrindəki mövcud imkanlardan maksimum dərəcədə istifadə edərək, eyni zamanda ehtiyatlı və ağıllı operator kimi fəaliyyət göstərəcək. Beləliklə, sentyabrın 17-dən oktyabrın 1-dək Kipoi birləşmə nöqtəsinin texniki imkanları sutkada 349 milyon 887 min 515 kVt/saat, Melenduqno birləşmə nöqtəsində isə sutkada 290 milyon 866 min 796 kVt/saat olacaq. Hazırda TAP-ın birləşmə nöqtələrində tutum məhdudiyyəti yoxdur.
Qeyd edək ki, 2021-ci ildə keçirilən bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı ilin yanvarın 1-dək kəmərin gücünü ildə əlavə 1,2 milyard kubmetr artırmaq öhdəliyini götürüb. TAP AG-nin icraçı direktoru Luka Skiepatti "Report"a verdiyi müsahibədə bu genişləndirmə layihəsinin ilk mərhələsi olduğunu və layihənin təxminən 132 milyon avro dəyərində olduğunu bildirmişdi. Layihə çərçivəsində Kipoi bölgəsindəki mövcud kompressor stansiyasına yeni bir kompressor qurğusu əlavə ediləcək və avadanlıqlar yenilənəcək.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən etibarən Avropaya qaz ixracına başlayıb.
Fuad Mədətov
Fins.az