AZ

İkinci TAP kəməri reallaşa bilərmi?

2024-cü il dekabrın sonunda hüquqi qüvvəsi başa çatan Rusiya ilə Ukrayna arasındakı qaz tranzitinə dair dövlətlərarası sazişin müddətinin uzadılıb-uzadılmaması hazırda ən çox Avropa İttifaqını (Aİ) narahat etməkdədir. Ukrayna üzərindən Avropaya ildə 40 milyard kub.metr təbii qaz tranzitini təmin edən kəmərlə hazırda Avropanın 10-a yaxın ölkəsinə qaz çatdırılır. Rəsmi Kiyev 2025-ci ilin yanvarınadək “Qazprom” ilə “Naftoqaz” arasında imzalanmış 5 illik sazişin müddətinin uzadılmayacağını və bununla da Avropaya nəql edilən rus qazının dayandırılacağını bəyan edib. Prezident V.Zelenski bildirib ki, bu məsələ ölkəsi üçün qapanıb. 

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə deyib ki, ölkəsi Rusiya neftinin Avropaya ötürülməsini 2029-cu ilin sonunadək davam etdirəcək.

Bildirib ki, ölkəsinin müqavilə öhdəlikləri müqavilənin müddəti başa çatanadək icra olunacaq.

Qeyd edək ki, Ukrayna üzərindən Avropaya qaz ötürülməsi üzrə müqavilənin müddəti 2025-ci ilin yanvarında başa çatır. Neftin tranziti üzrə sənəd isə 2029-cu ildə qüvvədən düşəcək.

Aİ Kiyevin bu sərt mövqeyini anlayışla qarşılasa da, fikrindən daşındırmağa çalışır. Çünki qış fəsli üçün Avropanın anbarlarında mövcud olan qaz ehtiyatı kifayət etmədiyindən Rusiya qazına ehtiyac yenə labüd olacaq. Avropadakı sıxılmış qaz ehtiyatı da nəzərəçarpacaq həcmdə deyil. Belə ki, cari ilin yayında regiona həmin mavi yanacağın idxalı 15-20 faiz həcmində azalıb. Mövcud situasiya Avropa Birliyini qayğılandırdığından Rusiya qazının  bir müddət də Ukrayna ərazisindən tranzitinin davam etdirilməsini istəyir. Avropa ölkələrinin əksəriyyəti qaz kəmərinin fəaliyyətinin məhdudlaşdırılmasını məqsəduyğun hesab etmir, xüsusilə də Macarıstan, Slovakiya, Avstriya, Bolqarıstan öz ölkələrinin enerji təhlükəsizliyinin çətin vəziyyətə düşəcəyindən narahatdır. Digər Mərkəzi Avropa ölkələri də qaz bazarındakı mürəkkəb şəraiti nəzərə alaraq tranzit kəmərinin tam qapadılmasına qarşıdır. 

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak isə qaz tranzitində Kremlin tərəfdaş ölkələrlə əlaqələrinin müxtəlif sxemlər üzrə diversifikasiya olunacağını xatırladaraq təbii qazın Ukrayna üzərindən Avropaya nəqlinə davam etməyə hazır olduqlarını da bildirib. O, həmin kəmərin işinin dayanacağı təqdirdə belə Avropaya digər marşrutlarla qaz çatdırılmasının mümkünlüyünü diqqətə çatdırıb. Belə ki, Rusiya qazının Ukraynadan yan keçərək Avropaya və digər bölgələrə nəqlini təmin edən əlavə infrastrukturlar və ötürücü xətlər mövcuddur, onlardan hazırda ən rentabellisi kimi “Balkan axını” qaz kəməri və “Cənub-Qərb” boru kəmərləri müstəsna rola malikdir. Moskva həmin kəmərlə Macarıstan, Serbiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Avstriya və İtaliyaya uzunmüddətli qaz nəql edəcək və artıq həmin ölkələrin hər biri ilə razılaşma sənədləri və memorandumlar imzalanıb. 

Ukrayna Rusiya qazını Avropaya nəql edən tranzit marşrutunu dayandırdığı halda sözsüz ki, ildə təxminən 250-280 milyon dollar gəlirdən məhrum olacaq, ona görə də həmin tranzit gəlirlərini itirməmək və mövcud qaz şəbəkələri infrastrukturunun fəaliyyətini dayandırmamaq üçün əlavə resurslar axtarır. Bu məqsədlə əsas mənbələrdən biri kimi Azərbaycanla əməkdaşlığa can atılır, Ukraynanın “Naftoqaz” şirkətinin rəhbərliyi xeyli müddətdir ki, “SOCAR”a Azərbaycan qazının öz ərazisi vasitəsilə Avropaya mümkün tranziti və bu ölkənin ərazisində saxlanması ilə bağlı təklifləri dəyərləndirməyi xahiş edir. Şirkətin baş direktoru Aleksey Çernışov bildirib ki, Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya mümkün tranziti və bu ölkənin ərazisində saxlanması ilə bağlı müzakirələr aparılır və SOCAR istehsalçı kimi öz qazını bu məqsədlər üçün təklif edə bilər. Eyni zamanda, o, hesab edir ki, SOCAR Ukraynada nə qədər çox qaz saxlamağa razı olarsa, bu, bir o qədər yaxşıdır.

Avropa rəsmiləri də Azərbaycanın qazının mübadilə olunaraq Ukraynadan keçməklə Aİ-yə nəqlini istəyir. Aİ-nin enerji komissarı Kadri Simson regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xidmətlərini yüksək dəyərləndirərək Kiyev və Moskva arasında tranzit müqaviləsinin başa  çatmasından sonra Bakıya daha çox ehtiyacların artacağını istisna etməyib. Bu məqsədlə Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı təklif edib. 

Sözsüz ki, bu təklif və təşəbbüslərin reallaşması üçün bütün tərəflərin dövlətlərarası sazişin, o cümlədən Aİ ilə yeni müqavilələrin imzalanması zəruridir. Həmçinin Azərbaycandan Avropaya TAP-dan sonra ikinci enerji marşrutunun açılması üçün yeni infrastrukturlar lazımdır. Çünki Azərbaycan Ukrayna ilə həmsərhəd deyil. Ona görə də, Azərbaycan qazının Ukrayna ərazisi ilə Avropaya nəqlində Rusiya ilə paralel infrastrukturların əlaqələndirilməsi labüddür. Həmçinin qazpaylayıcı və ötürücü sistemlərin, konnektorların birləşdirilməsi, əlavə qazötürücü blokların yaradılması və bütün bu infrastrukturların qurulması üçün böyük həcmdə investisyalar lazımdır. 

Təbii ki, yeni qaz xəttində maraqlı olan tərəf kimi bu sərmayələri Aİ təmin etməlidir. Bundan başqa, əlavə qaz resursları lazımdır. Azərbaycan 2020-ci ilin sonlarından nəqlinə başladığı TAP-la hazırda Aİ-nin 10 ölkəsinə illik həcmi 12-13 milyard kub.metr olan yanacaq ixrac edir, 2027-ci ildə ixracın həcminin 20 milyard kub.metri ötəcəyi gözlənilir. Ukrayna ərazisindən Avropaya uzanan Rusiya qaz xəttinin ötürücülük gücü 50 milyard kub.metrdən çoxdur. Azərbaycan həmin kəmərə öz ehtiyatlarının müəyyən bir qismini yönəldə bilər. Bunun üçün qazın Rusiya ərazisi vasitəsilə Rusiya-Ukrayna sərhədindəki məntəqəyə daşınması, yaxud Azərbaycan və Rusiya arasında “swap” (dəyiş-düyüş yolu ilə mübadilə) əməliyyatı mümkündür. Azərbaycan və Rusiya arasında Hacıqabul-Mozdok qaz kəməri hazırda işləkdir və mövcud infrastrukturu Bakı-Novo-Filin və əks rejimdə birləşdirmək, oradan isə Ukrayna ərazisinə, daha sonra Avropaya nəql etmək mümkün ola bilər. Bu kəmərin daşınma gücü illik 5-10 milyard kub.metrdir. Digər varinat kimi “Balkan axını”- “Türk axını”nı şaxələndirməklə Rusiya qazının mübadiləsidir. Belə ki, Azərbaycan Türkiyə ildə nəql etdiyi 10 milyard kub.metr qazı Rusiya-Ukrayna marşrutuna yönəldə bilər, Türkiyəyə çatan həmin 10 milyard kub.metri isə Rusiya kompensasiya edə bilər. Bütün bu “svop əməliyyatları” üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Aİ arasında müqavilələrin imzalanması lazımdır. 

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
8
yeniazerbaycan.com

10Mənbələr