İlqar Orucov: “Peşə təhsili müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması olduqca əhəmiyyətlidir”
Məlum olduğu kimi, 2022-ci ildən etibarən, ölkənin dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb.
Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma ilə peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək mümkün olur.
Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər. Məlumat üçün bildirək ki, növbəti illərdə peşə təhsili sistemində olan müəllimlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaq. Bəs, həmin müəllimlərin sertifikasiyadan keçməsi peşə təhsilinə nə qazandıracaq?
“… prosesin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, peşə təhsili məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesinə cəlb olunması prosesin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq: “Nəzərə almaq lazımdır ki, sertifikasiya müəllimlər arasında rəqabətin güclənməsinə, onlar öz üzərində çalışmasını vacib edir. Bu proses davamlı olaraq müəllimlərin özünü təkmilləşdirməsinə, öz ixtisası üzrə nəzəri və praktiki bilikləri əldə etməsinə səbəb olur. Peşə təhsili müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması olduqca əhəmiyyətlidir. Sertifikasiyanın vacib əhəmiyyəti ondan ibarətdir ki, müəllimlərin əmək haqqına differensiya yanaşılır. Müəllimin əldə etdiyi nəticəyə uyğun olaraq onun əmək haqqısı müəyyən olunur. Yaxşı nəticə göstərənlər yüksək əmək haqqı alacaq”.
Həmsöhbətimiz hesab edir ki, sertifikasiya prosesinin peşə məktəblərində fəaliyyət göstərən müəllimlərə şamil olunması həmin müəllimlərin peşəkarlığının artırılmasına, öz üzərində daha ciddi işləmələrinə, əmək haqlarının diferensiallaşmasına gətirib çıxaracaq: “Unutmamalıyıq ki, sertifikasiya işə qəbul imtahanı deyil. Yəni hansısa bilik yarışması yox, müəllimin hazırki peşəkarlığını, bacarığını yoxlamaqdır”.
Günel CƏLİLOVA