AZ

Nadir İsrafilov: "Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməlidir"

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, yaxın gələcəkdə peşə təhsili müəssisələrində fəaliyyət göstərən müəllimlərin də sertifikasiya prosesinə cəlb olunacaq.

Həmin müəllimlərin sertifikasiyadan keçməsi peşə təhsilinə nə qazandıracaq?

Təhsil eksperti Nadir İsrafilov Hit.az-a şərhində bildirib ki, şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, onun nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib: 

"Məhz bu baxımdan da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir. Sertifikasiya bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir və əsas məqsədi ümumilikdə müəllimləri daim inkişafda saxlamaqdır. Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır.

Heç şübhəsiz ki, ümumtəhsil məktəbləri müəllimlərinin  sertifikasiyası başa çatdıqdan sonra bu  prosesin peşə məktəblərində fəaliyyət göstərən müəllimlərə şamil olunması həmin  müəllimlərin peşəkarlığının artırılmasına, öz üzərində daha ciddi işləmələrinə, əmək haqlarının diferensiallaşmasına gətirib çıxaracaq. Hazırda əsas məqsədi əmək bazarının  tələblərinə uyğun kadrların və müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanması olan bu təhsil pilləsi üzrə qəbul 84 müəssisədə 136 ixtisas üzrə aparılır. 

Açıq etiraf edək ki, biz daha çox ali təhsilə meyilliyik, nəinki peşə təhsilinə. Bu, bəlkə də, necə deyərlər mentalitetimizlə bağlı olan bir məsələdir. Hər valideyn öz övladını ali təhsilli, daha doğrusu, diplomlu görmək arzusundadır. Halbuki, iqtisadiyyatımızda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalıdır. Dövr tələb edir ki, peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim peşə adamlarına böyük ehtiyacımız var. 

Ölkə başçısı da dəfələrlə gənclərlə görüşündə peşə təhsili məsələsini ön plana çəkib – “peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır”- deyə qeyd edib. 

"Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilir, peşə təhsili nəinki təkmilləşdirilir, yeni peşələr meydana çıxır, regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq bu sahə daha da inkişaf etdirilir.

Hesab edirəm ki, yaxın gələcəkdə peşə təhsili müəssisələrində fəaliyyət göstərən müəllimlərin də sertifikasiya prosesinə cəlb olunması,  onlarda hər hansı bir narahatlıq yaradılmasına səbəb ola bilməz. Çünki, onların bununla bağlı ümumtəhsil məktəbləri müəllimlərinin keçdiyi yola nəzər salmaq, onların təcrübəsinə istinad etmək imkaları var. Sadəcə olaraq, məktəb müəllimləri üçün təşkil olunan sertifikasiya imtahanında təqdim olunan suallardan fərqli olaraq , peşə məktəblərinin müəllimləri üçün təşkil olunacaq sertifikasiya imtahanının suallarında əsas fərq ondan ibarət ola bilər ki, ümumtəhsil məktəblərinə nisbətən peşə məktəblərində  daha çox praktiki biliklər öyrədilir.

Yəqin ki, bu fərqi balanslaşdırmaq və narahatlığı minimuma endirmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi sertifikasiya imtahanları üçün müəllim hazırlığını, sınaq imtahanlarının təşkilni təmin edəcək və nəticədə müəllimlər imtahan zamanı nəzəri, praktiki və psixoloji baxımdan hazır olacaq".

Sevinc

Seçilən
74
2
hit.az

3Mənbələr