AZ

"Yeni iqlim strategiyasının hazırlanması üçün işlər aparılır" - Muxtar Babayev

“Hazırda ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcək”.

Sabahinfo.az xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə Bakıda “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Eyni zamanda, həll olunmalı ciddi çağırışlar mövcuddur. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə yeni layihələrin həyata keçirilməsinə çətinlik yaradır.

Digər ciddi problem hüquqi çərçivələrin gücləndirilməsidir. Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlara ehtiyac var. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə, həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasında daha güclü hüquqi əsaslar yaradıla bilər.

Məhz ekoloji hüquqpozmaların qarşısını almaq məqsədilə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ciddi nəzarət tədbirləri, hüquq-mühafizə, prokurorluq orqanları tərəfindən qanun pozucularına qarşı tətbiq edilən sərt cəzalar və davamlı maarifləndirmə işləri nəticəsində son dövrlərdə ekoloji cinayətlərin sayında əvvəlki illərə nisbətən azalma müşahidə olunur”, - deyə M.Babayev qeyd edib.

Seçilən
108
12
sabahinfo.az

10Mənbələr