AZ

Hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır - ANAR BAĞIROV

“İqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Bu problem təkcə ətraf mühitin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və sair problemlər bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur”. SİA xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.A. Bağırov bildirib ki, iqlim dəyişikliyi ən həssas vətəndaş qruplarına təsir edərək onların yaşayış şərtlərini daha da çətinləşdirir, yoxsulluğu artırır və bərabərsizliyi daha da dərinləşdirir.“Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır. Hüquqi alətlər və qanunvericilik bu sahədə vacib bir mövqedədir və biz hüquqçular olaraq, iqlim ədalətinin təmin edilməsi üçün səylərimizi daha da artırmalıyıq”, - deyə sədr qeyd edibA. Bağırovun sözlərinə görə, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, təbii fəlakətlər və resurs çatışmazlığı kimi hallarla birbaşa əlaqəlidir ki, bu da ən əsas insan hüquqlarının, o cümlədən yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına gətirib çıxarır. O bildirib ki, Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf üçün müəyyən etdiyi beş milli prioritetdən birini “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq seçib.“Bu prioritetə uyğun olaraq, ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi, su ehtiyatlarının və dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Hazırda yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas prioritetidir.Ölkəmizdə ekoloji problemlərin həllinə, bərpa olunan enerji mənbələrinin inkişafına və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinə xüsusi diqqət yetirilir. Noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Konfransı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə oynadığı mühüm rolu bir daha təsdiqləyəcək", - deyə A. Bağırov vurğulayıb.Vəkillər Kollegiyasının sədri diqqətə çatdırıb ki, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır.“Hüquq-mühafizə orqanları, məhkəmələr və eləcə də biz vəkillər birgə çalışmalı, qanunvericiliyin təkmilləşdirilməsi və iqlim dəyişikliyinin neqativ təsirlərinin qarşısının alınmasını təmin edilməsi üçün yeni yanaşmalar inkişaf etdirməliyik. Biz qanunun gücündən istifadə edərək, ətraf mühitin qorunmasına, ekoloji təhlükəsizliyin təmin edilməsinə və iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı qlobal səviyyədə daha təsirli tədbirlər görməliyik”, - deyə A. Bağırov bildirib.

Seçilən
130
31
sesqazeti.az

10Mənbələr