AZ

Ermənistan Azərbaycandan 10 milyard dollar təzminat tələb edir? - SENSASİYA! 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesləri müzakirə olunub.

Prezident Ərdoğan, Türkiyənin yeni mərhələdə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinə dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan həmçinin Polşa prezidenti Anjey Duda ilə görüşüb.

Məlumata görə, tərəflər Ermənistan-Polşa əməkdaşlığı və onun gələcək inkişafı məsələlərini müzakirə ediblər. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyaları birgə fəaliyyət haqqında əsasnamə imzalayıblar. Bu əsasnamədə sərhədlərin delimitasiyası prosesində tərəflərin Alma-Ata Bəyannaməsini rəhbər tutacağı qeyd olunub.


Ölkə Prezidentlərinin Nikol Paşinyanla görüşməsi nədən xəbər verir? Ermənistanla Azərbaycan arasında gözlənilən sülh yaxındırmı? 

Mövzu ilə Referans.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, bu cürə görüşlərin baş tutması sülh müqaviləsinin yaxın zamanda imzalanacağını göstərən işarətlər deyil: 

"Sadəcə olaraq BMT - nin Baş Assambleyasında keçirilən sammitdən Nikol Paşinyan istifadə edib, Ermənistanın sülhpərvər dövlət olduğunu nümayiş etdirmək istəyib. Bu görüş daha çox təbliğat xarakterlidir və ermənilərin sülhə hazır olduqlarını bəyan etməklə, dolayısı ilə yarımçıq sülh mətninin imzalanmasından söhbət gedir. Bu ciddi deyil və Azərbaycan bunu qəbul edə bilməz. Çünki 30 illik münaqişənin əsas səbəbi var. Bu səbəb Ermənistan dövlətinin Azərbaycan ərazilərinə iddiası ilə bağlıdır. Məsələnin hüqiqi tərəfi var. Ermənistanın ali qanunvericiliyindən tutmuş bütün normativ sənədlərində Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Bu ərazi iddiasıdır. Bu səbəb hüquqi cəhətdən aradan götürülmədən, Ermənistanın imzaladığı sülh sənədi heç nəyi ifadə etməz. Ayrıca, əgər ərazi iddiasını Ermənistanın konstitutsiyasından çıxarmaq fikirləri yoxdursa, bu nə anlama gəlir? Bu o deməkdir ki, Ermənistan gələcək perspektivdə revanş, əvəzçıxma eləməkçün özünün hazırlıqlarını davam etdirir. Ermənistanın sürətlə silahlandırılması da bilavasitə buna xidmət edir. Sülh istəyən dövlət bir tərəfdən ordusunu intensiv silahlandırmaqla Azərbaycanı qıcıqlandırmaq istəyir. Bu gün Azərbaycanın Ermənistandan tələb etdikləri təmamilə beynəlxalq hüquqa, məntiqə, fəlsəfə və mahiyyətə uyğun davranışdır. Ermənistanın xoşagəlməz proseslərə təhrik edən qlobal  güc mərkəzləri var. Bunların niyyəti beynəlxalq humanitar hüquq adı altında ermənilərin yenidən Qarbağa qaytarılmasıdır, özü də beynəlxalq nəzarət konteksində. Yəni dolayısı ilə Qarabağ məsələsi yenidən gündəmə gətirilir. Əgər sülh prosesindən söhbət gedirsə, niyə bu məsələlər gündəmə gətirilir?!". 


Politoloq bildirib ki, hətta, hadisələr Azərbaycanın Ermənistana təzminat  ödəməsi məsələsinədək dirçəldilib. Yəni Ermənistan Azərbaycandan təzminat tələb edir. Bu gün ermənilər yalançı, süni  invertarlaşdırma təbliğ edirlər. Lazım olandan 10 dəfə artıq yalançı mülkiyyət sənədlərini təqdim etməklə, Azərbaycana 10 milyardlarla dollar məbləğində təzminat tələbi qoymaq istəyirlər.

Müsahib qeyd edir ki, hansı ki, 30 il müddətində işğala məruz qalan Azərbaycan dövləti olub. Azərbaycanın Ermənistana təzminat tələbi qoymalı olduğu təqdirində, sözügedən dövlət bizdən təzminat tələb edir: "Bu gün dövlətimiz almalı olduğu təzminatı Ermənistanın havadarları sayəsində əldə edə bilmir. Düşünürəm ki, təzminat tələbini sülh sənədində qeyd etmək lazımdır. Belə yalançı dövlətlə sülh imzalamaq regiona sülh gətirməyəcək. Ya Ermənistan hökuməti ərazi iddiası və revanşizmdən birdəfəlik imtina etməlidir, bunun üçün öhdəlik götürüb konstitutsiyasını dəyişməlidir. Yaxud da, sərhədlər qapalı qalmalı, Ermənistan təzyiq altında yaşamalıdır".

Natiq Miri qeyd edib ki, Paşinyanın sülh görüşlərinə insanlar aldanmasın: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla bəzi gerçəkləri ona anlatmaq üçün görüşüb. Ərdoğan demək istədi ki, ermənilər verilən yalançı vədlərə inanmasınlar. Sabah yeni hərbi qarşıdurma olduğu halda, Ermənistan ayaq altında qalacaq. Ermənistan razılaşmağa məcbudur, digər tərəfdən bəzi gerçəkləri də anlayır. Məsələn, Nikol Paşinyanın son açıqamasına diqqət yetirsəniz, orada həqiqətən də erməni şüurunda böyük irəliləyişin olduğunu demək olar. Paşinyan deyir ki, Ermənistanın bu gün təhlükəsizliyini kənardan heç bir güc mərkəzi gəlib təmin edə bilməz. Bu təhlükəsizliyin yeganə yolu Azərbaycanla sülhdən keçir. Bu yeganə doğru cavabdır. Həqiqətən belədir. Düşünürəm ki, Ərdoğan da bu gerçəkləri Paşinyana anladıb. Bunlar olduğu təqdirdə, Türkiyə sərhədləri də açacaq. Paşinyan əgər anlamırsa, yaxud da anlayıb, yerinə yetirə bilmirsə, hələ də Fransaların fikrinə aldanırsa, öz xalqını və dövlətini faciəyə sürükləməkdir". 

Şəlalə Babayeva


Seçilən
119
50
referans.az

10Mənbələr