Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında sülhün təsis edilməsinin artıq mümkün və əlçatan məsafədə olduğunu bildirib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışında iki ölkə arasında aparılan sülh müzakirələrinə toxunub.
N.Paşinyan əvvəlki BMT çıxışlarında ölkələr arasında sülh müzakirələrinin çıxılmaz vəziyyətə girdiyinə dair fikrinin artıq keçərsiz olduğunu söyləyib: "Bu gün Ermənistanla Azərbaycan arasında sülhün yalnız mümkün deyil, eyni zamanda əlçatan olduğunu demək istəyirəm." O, 30 avqustda Azərbaycanla Ermənistan arasındakı sərhədin müəyyənləşdirilməsi ilə bağlı iki ölkə komissiyalarının iş prinsiplərini tənzimləyən birgə sərəncamın imzalandığını, bunun da ilk hüquqi sənəd olduğunu xatırladıb. Sözügedən sərəncamın imzalanması Azərbaycan ilə Ermənistanın qarşılıqlı olaraq torpaq bütövlüklərini tanıdığı və bir-birindən ərazi tələblərinin olmadığına dair razılaşmanın göstəricisi olduğunu qeyd edərək geridə yalnız sülh müqaviləsinin imzalanmasının qaldığını bildirib.
Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin də iki ölkə arasındakı sülh müqaviləsi layihəsinin 80%-i üzrə razılığa gəldiyini söyləyərək Ermənistan tərəfinin bu maddələrlə sülh müqaviləsi imzalamağı və digər məsələlərin müzakirəsinə davam etmək təklifini dilə gətirib. O, müqavilənin razılaşdırılan maddələrlə imzalanmasının qalan məsələlərin həllini asanlaşdıracağını irəli sürərək sözlərinə belə davam edib: "Ermənistan və Azərbaycan nümunəsində sülh müqaviləsi layihəsinin razılaşdırılan maddələrində qarşılıqlı torpaq tələbinin olmadığı və gələcəkdə də ərazi iddiasının olmayacağı prinsipləri mövcuddur. Diplomatik münasibətlərin qurulması, maddələrin yerinə yetirilməsinə nəzarət edəcək birgə komissiyanın yaradılması, bir-birinin daxili işlərinə müdaxilə etməmək, güc tətbiq olunmaması və hədələməmək kimi mühüm prinsiplər var."
Ermənistan Konstitusiyasında sülh müqaviləsinin imzalanmasına maneə törədəcək bir maddənin olmadığını deyən Paşinyan Ermənistanın Azərbaycandan torpaq tələbi olmadığını bildirib.
Baş nazir Nikol Paşinyan Ermənistanın Sülh Qovşağı layihəsinə də toxunaraq layihənin Ermənistan ilə Azərbaycan arasındakı dəmir və avtomobil yollarının açılması, eləcə də Ermənistan, Azərbaycan, Türkiyə və bütün bölgə arasında nəqliyyat, boru və enerji ötürücü xətlərin keçidinin təminatının planlaşdırıldığını deyib.