Publika.az Güneyli yazıçı Fəriba Vəfinin Kult.az-a müsahibəsini təqdim edir:
- Öncə deyək ki, Güney Azərbaycanın dünyaca ünlü isimlərindən Fəriba Vəfini Azərbaycanımızda salamlamaq, soydaşımızla doğma dilimizdə fikirlərini bölüşmək sonsuz məmnunluq hissi yaşadır insana. Vətənə xoş gəlmisiniz! Bu sizin Bakıya ilk gəlişinizdir, ya əvvəl də burada olmusunuz?
- Xoş gördük, çox sağ olun. Bu, mənim Bakıya artıq 4-cü səfərimdir. Axırıncı dəfə təxminən 10 il bundan əvvəl gəldim. O vaxtdan bu yana şəhər çox dəyişilib, daha da müasirləşib. Hətta bildiyim qədər, hazırda Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində də aparıcı rol oynayır. COP29 kimi beynəlxalq layihələrə ev sahibliyi edir. Bakı o qədər sürətlə inkişaf edib ki, Avropa şəhərlərindən biri kimi görünür.
- Hazırda Almaniyada yaşayırsınız. Dünyanın bir çox ölkəsində olmusunuz. Azərbaycanın sizin üçün daşıdığı mahiyyət, kəsb etdiyi əhəmiyyət nədən ibarətdir?
- Azərbaycanda olmağımdan çox şadam. Düzdür, bir çox ölkədə olsam da, Azərbaycanı digərlərindən fəqləndirən əsas xüsusiyyət sözsüz ki, doğmalıq hissidir. Bildiyiniz kimi, İranda azərbaycanlıların doğma dildə təhsil alma hüququ olmadığından və qaydalara uyğun olaraq fars dili aparıcı rol oynadığından, burada hər kəsin öz dilində danışmağı mənim üçün sevindirici haldır. Həmçinin kitab sərgisində də şahid olduğum gənc oxucuların kitabıma olan böyük rəğbəti və doğma münasibəti məni çox sevindirdi.
- Müsahibələrinizin birində demişdiniz ki, azərbaycanca düşünüb, farsca yazıram. Digər müsahibələrinizdə də dəfələrlə dil kimi strateji bir məsələyə həssaslıqla yanaşmanızın şahidi oluruq. Dünən 10-cu Beynəlxalq Kitab sərgisində də oxucularla görüşdə bunu qeyd etdiniz...
- Bilirsiz, dil çox həssas bir məsələdir. Hər bir insanın dili ona əzizdir, ancaq yazıçı üçün dil məsələsi daha dərin əhəmiyyətə malikdir. Bir çox yazıçıya görə dil yazma aləti olsa da, məncə, dil alət deyil, dil yazıçının dünyasıdır. Onun vasitəsi ilə kəlmələr həyat tapır. Daha əvvəldə qeyd etdiyim kimi, mən doğma dildə düşündüyümdən və daxili səsin ana dilimdə olmasından dolayı, Azərbaycan dili mənim üçün daha doğmadır.
- İranda qadınlara qarşı olan bütün problemli yanaşmanı nəzərə alsaq, qadınların ədəbiyyatda fəaliyyətini necə dəyərləndirirsiniz?
- İnqilabdan sonrakı dövrlərdə istər bütün İran ədəbiyyatında, istərsə də Güney ədəbiyyatında xanım yazarların sayı çox idi. Hətta elə bir dövr var idi ki, qadın yazarların sayı kişi yazarları üstələmişdi. İndi də kitablarım İranda və başqa ölkələrdə nəşr olunur. Ancaq təəssüf ki, dil məsələsi ilə bağlı azərbaycanca yazılan yazıların oxucu kütləsi daha azdır. Bildiyiniz kimi, güneyli soydaşlarımızın bir çoxu müasir Azərbaycanın qrafikası ilə tanış deyillər. Bu səbəbdən də farsca yazılar üstünlük təşkil edir.
- Sizcə, İranın müasir və klassik ədəbiyyatında qadın hansı yerdədir?
- Düşünmürəm ki, qadını hər hansı bir yerə qoymaq olar və ya lazımdır. Qadın dünyası öz-özlüyündə mürəkkəb və qarışıq, eyni zamanda ziddiyyətli aləmdir. Mən adətən yaşadığım və gördüklərimi yazıram. Şəraitdən asılı olaraq, qadınların ən xırda hüquqları əldə etmək üçün belə mübarizə aparıdığı bir cəmiyyətdə yaşamaq təcrübəmdən dolayı, deyə bilərəm ki, qadının yerini bir kəlmə ilə ifadə etməli olsam, yəqin ki bu, “mübarizə” sözü olardı.
- Adətən sizin qəhrəmanlarınız real gerçəkliklərdən, həyatın içindən boylanan qadınlardır. Qələmə aldıqlarınız ağrısı, acısı, sevinci, hissləri, duyğuları, problemləri ilə riya donundan uzaq, qadınların real yaşantılarının bədii inikasıdır. Zərif göründüyü qədər güçlü yaradılan bir kəsimin səsi olmaq necə hissdir?