AZ

Orta məktəblərdə xarici dil imtahanlarının modeli dəyişdi -saysız təhsil islahatlarına biri də əlavə olundu…

Image

Kamran Əsədov: “İmtahan modelinin dəyişməsi şagirdlər və müəllimlər üçün ilkin dövrlərdə ciddi bir adaptasiya çətinliyi yarada bilər”

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qeyd edildiyi kimi, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.

Maraqlıdır, yeni imtahan modeli şagirdlərin nəticələrinə necə təsir göstərəcək?

“Bu dəyişikliklər şagirdlərin dil bilikləri, hazırlıqları və imtahan strategiyalarına görə fərqli şəkildə qiymətləndiriləcək”

Təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a bildirdi ki, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənləri üçün tətbiq ediləcək yeni imtahan modeli şagirdlərin nəticələrinə həm müsbət, həm də mənfi təsir edəcək: “Bu dəyişikliklər şagirdlərin dil bilikləri, hazırlıqları və imtahan strategiyalarına görə fərqli şəkildə qiymətləndiriləcək. Müsbət dəyişikliklə bağlı deyim - yeni model şagirdlərin yalnız nəzəri biliklərini deyil, eyni zamanda, dilin praktiki istifadəsini də qiymətləndirəcək. Bu, şagirdlərin dinləmə, danışma və yazı bacarıqlarına daha çox diqqət yetirilməsinə səbəb ola bilər. Yeni model beynəlxalq təcrübəyə yaxınlaşdırıldıqca, şagirdlərin dili qavrama səviyyələri artır və bu da onların qlobal rəqabət bazarında daha hazırlıqlı olmasına kömək edə bilər. 

Yeni model daha çox dinləmə, danışıq, oxuma və yazma bacarıqlarını yoxlayacağı üçün şagirdlər yalnız qrammatikaya deyil, dilin bütün aspektlərinə əhəmiyyət verməli olacaqlar. Bu da təhsil prosesində daha balanslı bir yanaşma təmin edəcək və şagirdlərin dil bacarıqlarını təkmilləşdirmələrini stimullaşdıracaq.

Mənfi təsirə gəlincə, deyim ki, imtahan modelinin dəyişməsi şagirdlər və müəllimlər üçün ilkin dövrlərdə ciddi bir adaptasiya çətinliyi yarada bilər. Müəllimlər yeni proqram üzrə tədris etməyə uyğunlaşmaqda, şagirdlər isə fərqli bir sistemlə qarşılaşmaqda çətinlik çəkə bilərlər. Bu keçid dövrü, xüsusilə ilk illərdə imtahan nəticələrində qeyri-bərabərliklərə səbəb ola bilər. İmtahan modeli dəyişdikdə şagirdlərdə adaptasiya prosesi ilə əlaqədar stress səviyyəsi yüksələ bilər. Xarici dil imtahanlarında dinləmə və danışma kimi yeni bacarıqların qiymətləndirilməsi əlavə təzyiq yarada və şagirdlərin nəticələrinə mənfi təsir edə bilər.  Yeni modelə keçid zamanı müəllimlərin də əlavə təlim və resurslara ehtiyacı ola bilər. Əgər müəllimlər yeni sistemə uyğun olaraq lazımi təlimatlar almadan tədris etməyə çalışsalar, tədris keyfiyyəti aşağı düşə bilər və şagirdlər üçün nəticələr arzuolunan olmaz”.

Günel CƏLİLOVA






Seçilən
84
4
baki-xeber.com

10Mənbələr