Dünya təhlükəli ittifaqla üzləşə bilər - Xəbərdarlıq
“Əgər indi Rusiyanın qarşısı alınmasa, yaxın gələcəkdə Qərb artıq tam hüquqlu Rusiya-İran-Çin ittifaqı ilə məşğul olacaq və bəzi Avropa ölkələri də bu ittifaqa qoşulacaq”.
Reyting.az xəbər verir ki, bunu Kanadada keçirilən Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, Ukrayna ayrı-ayrı tərəfdaşlar arasında Ukraynadakı müharibə, atəşkəs və s. məsələlərin müzakirəsi üçün ruslarla danışıqların, məsləhətləşmələrin, görüşlərin keçirilməsi zərurəti ilə bağlı çağırışların intensivləşməsindən narahatdır. Bütün bunlar isə Rusiyaya qarşı “kövrək qorxu” ilə bağlıdır.
Aleksey Danilov
Ukrayna rəmisi vurğulayıb ki, Qərb Rusiyadan qorxmamalı və bu məsələdə Ukraynadan nümunə götürməlidir. Onun fikrincə, demokratik dünya qorxu əvəzinə Rusiyaya sərt cavab verməlidir, çünki söhbət geniş mənada “demokratiya və tiraniya arasındakı mübarizədən” gedir.
“Rusiya Ukrayna üçün, Çin ABŞ üçün əsas təhlükədir. Amma Çin-Rusiya-İran ittifaqı bütün dünya üçün çağırışdır. Əgər Qərbin Rusiyaya münasibətində dəyişiklik olmasa, Rusiyanın özündə də dəyişikliklər baş verəcək. 15-20 ildən sonra dünya təkcə Şimali Koreya, Çin, İran və Rusiya Federasiyasını deyil, bəzi Avropa ölkələrini də əhatə edəcək yeni “şər oxu” ilə üzləşəcək”,- deyə Danilov xəbərdarlıq edib.
Qeyd edək ki, bu yaxınlarda NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis “Bloomberg”ə təqdim etdiyi məqaləsində Ukraynanın Rusiya ilə “sülh üçün torpaq” prinsipi əsasında sülh müqaviləsi bağlamağı təklif edib. O, nümunə kimi ölkənin şimal hissəsi ilə birləşmək şansını itirmiş, lakin dünyanın ən zəngin və qabaqcıl ölkələrindən birinə çevrilmək şansı qazanmış Cənubi Koreyanı göstərib. Oxşar fikri Qərb mediasında tez bir zamanda fərqlənən və çoxlu tərəfdar ordusu olan məşhur amerikalı milyarder İlon Mask da səsləndirib. İ. Mask əmindir ki, Ukrayna əsgərlərinin ölümünü dayandırmaq üçün öz ərazilərini qaytarmaq planlarından əl çəkməlidir.
E. KAMAL