Turan-ın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı ABŞ-ın baş diplomatı Rusiyanın Moldovada noyabrın 3-də keçiriləcək prezident seçkilərinin ikinci mərhələsinə müdaxiləsi ilə bağlı narahatlığını bildirib.
"Rusiya Moldovada seçkiləri və referendumu pozmaq, demokratiyaya xələl gətirmək üçün əlindən gələni edib. Bu, qanunsuz maliyyələşdirmə və səslərin satın alınması, dezinformasiya və kiberhücumlar vasitəsilə edilib", deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir.
Ölkənin Avropa İttifaqına inteqrasiyasının təşviqinə dair referendum cüzi səs fərqi ilə başa çatıb və Avropayönümlü prezident Mayya Sandu qalib gəlib. Lakin ikinci mərhələ keçiriləcək və onun rəqibi Sosialist Partiyasından Rusiyanın dəstəklədiyi namizəd Aleksandr Stoyanoqlo olacaq.
Blinken qeyd edib ki, ABŞ səsvermənin ikinci mərhələsində Rusiyanın yenə moldovalıların suveren hüququnu - öz liderlərini seçmək hüququnu həyata keçirməsinə mane olmağa çalışacağından narahatdır. Lakin BAŞ Moldovanın noyabrın 3-də şəffaf və demokratik prosesi təmin etmək səylərini dəstəkləməkdə davam edir.