AZ

İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!


RAMİN İSAYEV 

(ÜÇÜNCÜ MƏQALƏ)


Bəşəriyyət təlaş içindədir: Yerin iqlimi çox sürətlə və ciddi fəsadlar törətməklə dəyişir. İqlim dəyişikliyi öz mahiyyətinə görə qlobal və uzunmüddətli kompleks problemdir. Müasir insanlar (Homo Sapiens), qlobal iqlim dəyişikliyi kimi mürəkkəb, və insanların, eləcə də Yerdəki bütün həyatın gələcəyi üçün real təhlükə yaradan bir problemlə hələ heç vaxt rastlaşmayıblar! İqlim dəyişikliyi problemini indiki dövrdə daha da mürəkkəbləşdirən cəhətlər bunlardır:

a) biz hələ də iqlim dəyişikliyinin bütün kök səbəblərini və mexanizmlərini dəqiq bilmirik; b) iqlim dəyişikliyinin insanlar, ümumilikdə Yerdəki həyat üçün hansı təsirlərə səbəb olacağını dəqiq təsəvvür belə edə bilmirik!

İqlim dəyişikliyi bəşəriyyət üçün çox çətin sınaqdır və inanırıq ki, ümumbəşəri dəyərlərə, elmə və əməkdaşlığa əsaslanan bəşəriyyət bu misli görünməmiş sınaqdan da uğurla çıxacaq və bəşəriyyət öz inkişafında keyfiyyətcə tamamilə yeni bir mərhələyə daxil olacaq. Hazırda müşahidə olunan, getdikcə sürətlənən iqlim dəyişikliyi əsasən insan fəaliyyəti ilə əlaqədardır və ona görə də iqlim dəyişikliyinin sürətlənməsinin qarşısını almaq üçün insanlar hökmən öz dəyərlərini, davranışlarını və ictimai münasibətlərini dəyişməlidir! Əks halda, dahi Albert Eynşteyinin dediyi kimi olacaq: eyni üsullarrla, eyni iştirakçılarla eyni prosesləri təkrarlayıb, fərqli nəticələr gözləmək cahilliyin əlamətidir.

Bu məqalədə, biz Yerdə gələcəkdə mövcud ola biləcək iqlim ssenarilərini, Yerin iqlim sistemi barədə biliklərimizin dəqiqləşdirilməsinin lazım olan əsas istiqamətlərini və insanların Yerdə gələcəkdə mövcud ola biləcək iqlim ssenarilərində öz mövcudluğunu, həyatın mövcudluğunu davam etdirmək strategiyalarını (önləyici və uyğunlaşma strategiyalarını) müzakirə edəcəyik.
Burada, bir daha iqlim dəyişikliyinin nədən ibarət olduğunu və özünü nədə və necə büruzə verdiyini yadımıza salaq. Yer planetində iqlim dedikdə, konkret ərazidə formalaşmış enerji (istilik enerjisi) tarazlığı başa düşülür. İstilik enerjisi ilə temperatur arasında birbaşa əlaqə var: yəni, Yerdə konkret ərazidə istilik enerjisi tarazlığı pozularsa, bu elə həmin ərazidə temperaturun dəyişməsinə səbəb olar. Əvvəlki məqalədə qeyd etdiyimiz kimi, Yerin iqlim sisteminin komponentlərini enerji ilə təmin edən enerji mənbələri Günəş radiasiyası (şüa enerjisi), Günəş sisteminin cazibə qüvvələri və geotermal enerji axınlarıdır. Yerdə konkret ərazidə istilik enerjisi tarazlığı halında, Günəş radiasiyası əsas rol oynayir və onun miqdarı digər mənbələrdən qaynaqlanan enerjilərdən min (!) dəfələrlə çoxdur. Yerdə istilik enerjisi tarazlığına və deməli iqlimə təsir edən təbii və ya insan fəaliyyəti nəticəsində meydana çıxan əlavə istilik enerjisini biz əlavə radiasiya təsiri adlandırırıq və ∆F ilə işarə edirik. Əlavə radiasiya təsiri, Yer səthinin temperaturunun (T) dəyişməsinə səbəb olur və bu iki kəmiyyət arasında çox sadə bir əlaqə var:
∆F= IλοIx∆T, (1)

Burada λο — Plank əks-əlaqə parametridir və Yer atmosferinin indiki halında onun qiyməti IλοI= 3.2 Vt/m2 0C-dir. Reallıqda isə, radiasiya təsirinin artması nəticəsində Yer səthinin orta temperaturu artır, bu isə istixana effekti nəticəsində daha çox əlavə radiasiya təsiri yaradır və beləliklə özü-özünü gücləndirən dövri proses işə düşür. Əlavə radiasiya təsiri yaradan, özü- özünü gücləndirən dövri proseslər mənfi və ya müsbət təsirə malik ola bilər. Yəni, Yer səthinin qızmasına, ya da soyumasına səbəb ola bilərlər. Bu halda, yəni, özü-özünü gücləndirən əks-əlaqə dövri prosesinin mövcud olduğu halda temperatur və əlavə radiasiya təsiri arasındakı asılılıq belə olur:

∆T= σi x ∆F , (2)

Burada σi — iqlim həssaslığı parametridir ( bu parametr Plank əks-əlaqə parametrindən qeyri-xətti qaydada asılıdır) və onun hazırki ən dəqiq qiyməti σi = 1 0C /(Vt/m2) qəbul edilir.

Yerin iqlim sisteminin hər hansı komponentinin və ya enerji axınının dəyişməsi enerji tarazlığının pozulmasına, əlavə radiasiya təsirinin meydana çıxmasına və bu dəyişikliyin təbiətindən asılı olaraq ya (1) ya da (2) düsturuna əsasən, həmin ərazidə temperaturun dəyişməsinə səbəb olar, bu isə öz növbəsində iqlimi təyin edən bir sıra başqa parametrlərin dəyişməsinə gətirib çıxarar. Məsələn, Yer kürəsində yüksəkliklərdəki və Arktik regionlardakı buzlaqlar sürətlə əriyir, Yer kürəsinin qar örtüyü 1960 – cı illərdən bəri 10% azalıb. Son 50 ildə okeanlarda səth suları (təxminən 200 metrədək dərinlikdəki sular) 0,5 oC istiləşib. Qeyd edək ki, okeanların səth sularının 1 oC qızması, okeanların səviyyəsinin 4 santimetr qalxmasına səbəb olur (istilikdən genişlənmə sayəsində). Əriyib okeanlara qarışan quru buzlaqlarının sularını da nəzərə alsaq, okeanların səviyyəsinin daha çox qalxması gözlənilir. Bunun nəticəsində okean cərəyanları dəyişə bilər: Belə ki, qütblərdə buzlaqların əriməsi nəticəsində okeanlara qarışan sular şirin və yüngül sulardır, tropik və subtropiklərdə isə okean sularının daha sürətlə buxarlanması səbəbindən (temperaturun yüksəlməsinə görə) həmin ərazilərdə okean suyunun duzluluğu və deməli həm də sıxlığı artacaq. Dəniz canlılarının əksəriyyətinin əsas qidası olan planktonlar indi daha şimalda, daha sərin su olan yerlərdə yaşayırlar; onların əvvəl mövcud olduğu yerlərdə isə indi sular daha istidir və oralarda yeməyə yaramayan bitkilər bitir, həmin ərazilərdə ac qalan minlərlə quşlar və digər canlılar məhv olurlar. Qlobal istiləşmənin sürətlənməsi, anomal hava şəraitlərinin tezliyinin və kəskinliyinin artmasına gətirib çıxaracaq. Yer üzərində temperaturun artması, tropik və subtropik regionlarda yoluxma xəstəliklərin daha çox növlərinin yayılmasına və həmin ərazilərdə yaşayan insanların sağlamlığı üçün ciddi təhlükələrin yaranmasına gətirib çıxaracaq.
On min illərlə mövcud olan buzların əriməsi insanların heç vaxt rastlaşmadığı mikrobların və virusların meydana çıxmasına və yeni xəstəliklərin yayılmasına səbəb ola bilər. Sahilyanı ərazilərin su altında qalması ciddi iqtisadi və humanitar problemlərə səbəb ola bilər, münaqişələr və müharibələr artar, insanların yaşayış səviyyəsi və gəlirlərinin bərabərliyi ciddi şəkildə geriləyə bilər. Buzlaqların yox olması, şirin su ehtiyatlarını kəskin azalda bilər və insanların sağlamlığı üçün ciddi fəsadlar yaradar. Əkinə yararlı torpaq sahələri azalar, ərzaq istehsalı azalar, qlobal aclıq tuğyan edə bilər. Bu sadaladıqlarımız, iqlim dəyişikliyinin meydana çıxara biləcəyi problemlərin qısa siyahısıdır. İqlim dəyişikliyinin səbəb ola biləcəyi problemlərin siyahısı daha uzun, və nəticələri isə Yerdəki həyat və insanlar üçün daha faciəli ola bilər.

İqlim dəyişikliyinin necə ciddi bir qlobal problem olduğunu hazırda bütün dünya ictimaiyyəti qəbul edir. Lakin iqlim dəyişikliyinə gətirib çıxaran kök səbəbləri dəqiq bilmədiyimiz və əsas mexanizmləri dərk etmədiyimiz üçün, bəşəriyyət hazırda bu problemlə mübarizədə acizdir. İqlim sistemini təsvir etmək üçün biz Ümumi Sirkulyasiya Modellərindən (ÜSM-lərdən) istifadə edirik. Lakin, ÜSM-lər hələ də bəzi müşahidə etdiyimiz iqlim problemlərini izah edə bilmirlər.

İndiki bilik və məlumat bazamız əsasında hələ də izah edə bilmədiyimiz belə iqlim problemlərinə İqlim Tapmacaları deyilir. Öz həllini gözləyən bu İqlim Tapmacaları, keçmişdə Yerdə mövcud olan və gələcəkdə mövcud ola biləcək iqlim şəraitləri barədə, həmçinin insan fəaliyyətinin iqlimə təsirləri barədə biliklərimizin hansı sahələrdə məhdud olmasını qabarıq şəkildə göstərirlər. Bu məqalədə, biz 4(dörd) əsas İqlim Tapmacası barədə söhbət açacayıq. Bu İqlim Tapmacalarının növbəti illərdə həll edilməsi, iqlim ssenarilərini daha inamla və dəqiqliklə müzakirə etməyimizə kömək edəcək.

İqlim Tapmacası-1:

Biz hələ də dəqiq izah edə bilmirik: Nəyə görə atmosferdəki istixana qazları olan CO2 (karbon dioksid) və CH4 (metan)-in miqdarı, Yer səthinin orta temperaturunun və buzlaqların sahəsinin dəyişməsindən çox gec dəyişməyə başlayır? Bu deyilənlər, son bir neçə yüz min ildə buzlaqlarda “donub qalmış” iqlim dəyişikliyi məlumatları ilə təsdiq olunur. Bu Paleoiqlim məlumatlarıdır və son 600 min il üçün əldə etdiyimiz iqlim məlumatları ilə dəqiq təsdiq edilir. Buz nümunələrindən əldə olunan məlumatlar göstərir ki, buzlaşma maksimumlarından mülayim iqlim şəraitinə keçən zaman, əvvəlcə Yerdə temperatur artıb (Yer orbitinin həndəsi parametrlərinin dəyişməsi səbəbindən), buzlaqlar əriməyə başlayıb və yalnız bundan bir neçə yüz il sonra atmosferdə CO2 və CH4-in miqdarı artmağa başlayıb. Bu isə hazırda Yerdə müşahidə olunan iqlim dəyişikliyi və CO2, CH4 istixana qazlarının atmosferdəki miqdarlarının artması ardıcıllığı ilə ziddiyyət təşkil edir. Belə ki, son 170 ildə Yerdə temperaturun ölçülməsi barədə dəqiq qeydlər aparılıb, həmçinin 1958-ci ildən bəri Havay adalarındakı Mauna Loa Rəsədxanasında atmosferdəki CO2 konsentrasiyası dəqiq ölçülüb və qeydlər mövcuddur. Bu qeydlər və təhlillər isə onu deyir ki, son onilliklərdə atmosferdə CO2 konsentrasiyasının artması, Yerdə temperaturun artmasından daha əvvəl baş verir və bu da iqlimşünas alimləri çaşdırır. Biz hələ də bilmirik ki, hazırda müşahidə etdiyimiz CO2 konsentrasiyasının və temperaturun artması arasında səbəb-nəticə əlaqəsi necədir: temperaturun artması CO2-nin konsentrasiyasının artmasına səbəb olur, yoxsa CO2-nin atmosferdə konsentrasiyanın artması Yerdə temperaturun artmasına səbəb olur? Bizim bu suala hələ ki, birmənalı cavabımız yoxdur. Bu İqlim Tapmacasını həll edə bilməsək, biz antropogen CO2 emissiyalarının artmasının iqlim dəyişikliklərinə nə zaman və nə dərəcədə təsir edəcəyini proqnozlaşdıra bilməyəcəyik. Yəni növbəti onilliklər, yüzilliklər ərzində atmosferdəki CO2 və CH4 konsentrasiyalarının hansı (artma yoxsa azalma) istiqamətində və hansı sürətlə dəyişəcəyi qeyri- müəyyəndir. Bu səbəbdən də, iqlim dəyişiklikləri ilə əlaqədar antropogen CO2 emissiyaları ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlərin effektivliyi və səmərəliliyi ciddi şübhələr doğurur.

İqlim Tapmacası-2:

Hal-hazırda, atmosferə atılan antropogen CO2 qazının 25%-i okeanlar tərəfindən udulur, 25%-i isə Yer üzərindəki biokütlə tərəfindən udulur. Deməli, hazırda atmosferə atılan CO2 qazının təxminən 50%-i atmosferdə yığılıb qalır və atmosferdəki CO2 konsentrasiyasının sürətlə artmasına gətirib çıxarır. Bu isə bizə məlum olan paleoiqlim məlumatları ilə ziddiyyət təşkil edir. Belə ki, mövcud paleoiqlim məlumatlarına əsasən, buzlaşma dövrünün sonunda, Yerin orbitinin həndəsi parametrlərinin dəyişməsi nəticəsində, Yerə düşən Günəş enerjisinin miqdarı artır, Yer səthinin orta temperaturu yüksəlir, bu isə öz növbəsində okeanlarda və qurudakı biosistemlərdə depolanmış karbonun CO2 və CH4 şəklində atmosferə buraxılmasına gətirib çıxarır. Yəni, Yer səthinin orta temperaturunun artması, sonradan atmosferdə CO2 və CH4 – nin miqdarının artmasına gətirib çıxarıb. Son buzlaşma maksimumundan ötən 20 min ildə Yer səthinin orta temperaturu 5oC artıb, lakin biz hələ də təbii karbon mübadiləsi nəticəsində okeanların və qurudakı karbon depolarının yekunda daha çox karbon udduğunun şahidi oluruq, nəinki atmosferə daha çox karbon buraxdığının. Əslində isə, Yerdə 5oC temperatur artımı okeanlarda və quruda depolanmış karbonun atmosferə atılan miqdarının, okeanlar və qurudakı biosistemlər tərəfindən atmosferdən udulan karbonun miqdarından çox olmasına gətirib çıxarmalı idi. Bu müşahidə etdiyimiz hal İqlim Tapmacası-2 kimi məlumdur. Bu tapmacanın həlli bizə imkan verəcək ki, atmosfer ilə okeanlar və atmosfer ilə quru biosistemləri arasında karbon mübadiləsi mexanizmlərini daha dəqiq başa düşək və Ümumi Sirkulyasiya Modellərimizdə (ÜSM-lərdə) istifadə edərək, gələcək üçün daha realist iqlim ssenarilərini təsvir edə bilək. Bu tapmacanın həlli həmçinin bizə imkan verəcək ki, antropogen CO2 emissiyalarının artması ilə iqlim dəyişikliyi arasındakı əlaqəni daha dəqiq müəyyən edək. Hazırda biz bunu edə bilmirik və bu səbəbdən də , antropogen CO2 ilə iqlim dəyişikliyi arasındakı əlaqə barədə səsləndirilən hay- küylü fikirlərin əksəriyyətinin elmi əsası yoxdur.

İqlim Tapmacası-3:

Hazırda istifadə olunan iqlim modelləri, keçmişdə və indi mövcud olan okean enerji nəqli mexanizmlərini tam izah edə bilmirlər. Paleoiqlim məlumatlarına əsasən, təxminən 50 milyon il əvvəl Yerin səthinin orta temperaturu indikindən xeyli yüksək idi, amma qütblərdəki və ekvatordakı temperaturlar çox da fərqlənmirdilər. Hazırda istifadə etdiyimiz iqlim modelləri bu məsələni izah edə bilmirlər və bu məsələ İqlim Tapmacası- 3 kimi tanınır. Bizim istifadə etdiyimiz iqlim modellərinin ən böyük çatışmazlıqlarından biri okeanlarda coğrafi enlik və coğrafi uzunluq üzrə enerjinin nəqli mexanizmlərini tam əhatə edə bilməmələridir. Okeanlar Yer səthinin 70%- dən çoxunu (ümumilikdə 510 milyon kvadrat kilometr olan Yer səthinin 361 milyon kvadrat kilometrini) əhatə edirlər və Yerə çatan Günəş şüalarının (insolyasiya) enerjisinin təxminən 50%-i okeanlar tərəfindən udulur və nəql edilir. Coğrafi enlik və meridianlar boyunca okeanlarda enerji nəqli mexanizmlərini məhdud bilməyimiz bir yandan, digər yandan isə okeanların ənginliklərində (1000 metrdən daha dərindəki) suların temperaturunun niyə 5oC olaraq sabit qalmasının səbəbini bilməməyimiz iqlim modellərində okeanlar vasitəsilə enerji tarazlığını, deməli həm də iqlimin formalaşmasını dərk etməyimizə ciddi əngəl yaradır. Elm hələ də izah edə bilmir ki, okeanların ənginliklərində sular hansı səbəbdən soyuq, təxminən 5oC sabit temperaturda qalır. Okeanlarda enerji nəqli mexanizmləri ilə əlaqədar olan İqlim Tapmacası- 3 həll olunmayanadək , bizim iqlim modellərimiz natamam olaraq qalacaqlar.

İqlim Tapmacası-4:

Arktik ərazilərdə, Qrenlandiyada və Şimal yarımkürəsindəki dağ buzlaqları, mövcud iqlim modellərinin proqnozlaşdırdıqlarından daha sürətlə əriyib yox olurlar. İqlimşünaslığın izah edə bilmədiyi bu iqlim problemi, İqlim Tapmacası-4 kimi tanınır. 2000-ci ildə Arktik regionlardakı buzlaqların sahəsi 7 milyon kvadrat kilometr idisə, 2020-ci ildə bu buzlaqların sahəsi iki (!) dəfə azalaraq cəmisi 3,5 milyon kvadrat kilometr olub. Qrenlandiyada da buzlaqların əriməsi sürətlənib: belə ki, 1990-cı illərdə hər il Qrenlandiya buzlaqlarının 50 milyard tonu əriyirdisə, 2020-ci illərdə hər il 300 milyard ton buz Qrenlandiyada əriyərək okean sularına qarışır. Dünyadakı (əsasən Şimal yarımkürəsindəki) dağ buzlaqlarının əriməsi sürətlənib: 1980-cı illərdən bəri dağ buzlaqları sürətlənən templə əriyib yox olurlar. Əgər dağ buzlaqlarının əriməsi ildən-ilə bu templə sürətlənərsə, onda 2100-cü ilə qədər Dünyadakı dağ buzlaqları tamamilə əriyib yox olacaq. Mövcud iqlim modelləri də, təxmini olsa da bunu təsdiq edirlər: əgər 2050-ci ilədək atmosferdəki CO2 konsentrasiyası sənayedən-öncəki miqdarından (280ppm) iki dəfə çox ( yəni 560 ppm) olarsa, onda Yer səthinin temperaturunun kəskin artması səbəbindən, 2100-cü ilədək dağ buzlaqlarının əksəriyyətinin əriyib yox olacağı proqnozlaşdırılır. Bu isə Dünyada bir çox ərazilərdə şirin su qıtlığı problemini meydana çıxaracaq. Biz buzlaqların əriyib yox olmasına gətirib çıxaran bəzi mexanizmləri (atmosferdə CO2-nin konsentrasiyasının artması, qara hisin çökməsi, okeanlarda cərəyanların dəyişməsi, dominant küləklərin istiqamətinin dəyişməsi və albedonun azalmasını) keyfiyyətcə başa düşsək də, hələ də buzlaqların əriməsini kəmiyyət baxımından proqnozlaşdıra bilmirik. Buzlaqların əriməsi bütün iqlim modellərində proqnozlaşdırıldığından daha sürətlə baş verir. Bu iqlim tapmacasının həlli, antropogen səbəblərdən buzlaqların ərməsi və bunun nəticəsində əsasən Şimal yarımkürəsində insanların üzləşəcəkləri çətinliklər və belə çətinliklərdən çıxış yolları barədə daha realist qərarların qəbul edilməsinə ciddi kömək edərdi.
İqlim tapmacalarından başqa, iqlim modellərimizin çatışmazlığının, qeyri-müəyyənliyinin digər səbəbi modellərin qeyri-stabilliyidir. Yəni, radiasiya təsirinin dəyişməsi iqlim siteminin mexanizmlərinin dəyişməsinə səbəb ola bilər, bu isə köhnə modelin istifadəsini əhəmiyyətsiz edər. Bu o deməkdir ki, bir iqlim modeli ilə yüz il, min il sonra mövcud ola biləcək iqlim şəraitini təhlil etmək elmi cəhətdən əsassızdır: model özü zaman keçdikcə dəyişirsə, indiki model gələcəyi dəqiq təsvir edə bilməz! Modelləri yaradarkən istifadə etdiyimiz mülahizələrin, mexanizmlərin və model parametrlərinin zaman keçdikcə dəyişkən olması ehtimalı, iqlim modellərindən uzun zaman kəsiyində istifadəni etibarsız edir. Bu səbəbdən də, biz hazırda növbəti 50-100 ildə iqlim dəyişikliklərini öyrənmək üçün məhz çox sadə və etibarlı üsul olan əlavə radiasiya təsiri trayektoriyaları üsulundan istifadə edirik. Əlavə radiasiya təsiri trayektoriylarından istifadə edərək, yaxın gələcəkdəki iqlim ssenarilərini araşdırmağımızın ciddi üstünlükləri vardır. Əlavə radiasiya təsiri trayektoriyaları üsulundan istifadə etməklə, biz qeyri- xətti, dinamik, ötəri tarazlıq hallarına malik iqlim sisteminin mürəkkəbliyindən yan keçirik və həmçinin, hələ də tam dərk etmədiyimiz iqlim dövrü əks- əlaqə mexanizmlərinin incəliklərinə getmirik. Əlavə radiasiya təsirini temperatur dəyişikliyi ilə ifadə etmək çox asandır və bunu saniyələr ərzində etmək mümkündür. İqlim Dəyişikliyi üzrə Dövlətlərarası Platforma (IDDP) adətən əlavə radiasiya təsiri trajektoriyalarını təsvir edir və müvafiq temperatur dəyişikliklərini proqnozlaşdırır. Məsələn, IDPP 5 hesabatında (2013-cü ildə) əlavə radiasiya təsirinin artımını 4 İqlim Dəyişikliyi Variantı (İDV-lər) kimi təqdim edirlər:

1) IDV8,5 (8,5 Vt/m2 əlavə radiasiya təsiri), 2100- cü ilə qədər ∆T8,5 = 2,7 0C temperatur artımına;
2) İDV6 (6 Vt/m2 əlavə radiasiya təsiri), 2100- cü ilə qədər ∆T6= 1,9 0C temperatur artımına;
3) İDV4,5 (4,5 Vt/m2 əlavə radiasiya təsiri), 2100- cü ilə qədər ∆T4,5 = 1,4 0C temperatur artımına;
4) İDV2,6 (2,6 Vt/m2 əlavə radiasiya təsiri), 2100- cü ilə qədər ∆T2,6= 0,8 0C temperatur artımına uyğun gəlir.

İndi isə, gəlin, Yer kürəsində gələcəkdə mövcud ola biləcək iqlim şəraitlərinin qeyri- müəyyənliklərlə dolu aləminə birlikdə xəyali səyahətə başlayaq. Gəlin ən sadə haldan, yəni bir neçə milyard il sonra mövcud olacaq iqlimdən başlayaq və bu günümüzə doğru öz xəyali səyahətimizə davam edək. Təxminən 2 milyard il sonra, Günəşdə hidrogen birləşmə nüvə reaksiyası helium birləşmə nüvə reaksiyasına keçəcək, Günəş daha qaynar olacaq, həcmi kəskin böyüyəcək (yəni, Günəş öz inkişafında qırmızı nəhəng ulduz dövrünə keçəcək) və Yerin səthinə düşən Günəş radiasiyası o qədər artacaq ki, Yerin səthinin orta temperaturu o qədər yüksələcək ki, Yer üzərindəki bütün su buxarlanacaq və Yerdə həyat indiki formasında mövcud ola bilməyəcək. Yəni, milyardlarla il sonra, gələcəkdəki İqlim Dəyişikliyinin Astronomik Dövründə Yer kürəsində temperatur 400oC- dən yüksək olacaq və Yer üzərində iqlim həyat üçün yararsız olacaq. Daha sonra isə Günəş genişlənərək Yer planetini və digər planetləri öz daxilinə alaraq əridib məhv edəcək. Günəş sisteminin bu sonu, növbəti bir ulduzun və yeni kosmik sistemin başlanğıcı olacaq …

Gələcəkdə iqlim dəyişikliyinin Tektonik Dövründə (3 milyon il — 1 milyard il aralığında) bizim Yerdəki iqlim barədə deyəcəklərimiz çox məhduddur, çünki biz Yerin tektonik plitələrinin və Yerin vulkanlarının gələcəkdə özlərini necə apara biləcəyi haqqında heç bir şey bilmirik. İnsanlar kosmos haqqında daha çox şey bilirlər, nəinki Yerin dərinlikləri barədə. Biz hələ də Yerin dərinliklərində gedən prosesləri bilmədiyimiz üçün, deyə bilmirik ki, nə vaxt və hansı miqdarda CO2 okeanların dibindən ayrılacaq, tektonik plitələrin hərəkəti nəticəsində kimyəvi aşınma və atmosferdəki CO2-nin udulması nəticəsində iqlim necə dəyişəcək. Yerdəki tektonik proseslərin gedişindən asılı olaraq, Yer planeti növbəti yüz milyon illər ərzində soyumaqda davam edə bilər, və ya atmosferdə CO2- in uzun müddət davamlı artması nəticəsində Yerin səthinin temperaturu artar və Yerdəki iqlim Eosen dövründəki kimi ola bilər (okeanların səviyyəsi kəskin yüksələr, hər yerdə tropik meşələr olar və iri heyvanlar hər yana yayılar).

Yerin gələcəkdəki iqliminin Orbital Dövr ərzində (10 min il — 3 milyon il arası dövrdə) necə dəyişəcəyini proqnozlaşdırmaq üçün, biz nəzərə almalıyıq ki, Orbital Dövr Yer orbitinin həndəsi parametrlərinin dövri dəyişməsi nəticəsində meydana çıxır (Milankoviç Nəzəriyyəsinə əsasən). Bu səbəbdən də, Yerdə növbəti 3 milyon il ərzində mövcud olacaq iqlim şəraitləri təxminən elə son 3 milyon il ərzində Yerdə mövcud olan iqlim şəraitləri kimi növbələşəcəklər. Milankoviç Nəzəriyyəsinə əsasən, 8-10 min il sonra növbəti Buz Dövrü başlayacaq. Buz Dövrünün başlanmasının gecikməsi və növbəti Buz Dövrünün daha mülayim keçməsi antropogen amillərdən (CO2 və CH4 emissiyalarının artması, qara his, torpaqdan daha çox istifadə, aerozollardan) asılı olacaq. Ümumiyyətlə, Milankoviç Nəzəriyyəsinə əsasən, növbəti bir neçə milyon il ərzində Yerdə iqlimin dəyişməsi, əsasən buzlaşmaların mülayim iqlim dövrləri ilə növbələşməsindən ibarət olacaq.

Yerdə iqlimin Yaxın Gələcək Dövrdə (indidən- təxminən 8-10 min ili əhatə edən dövrdə) dəyişməsi əsasən Günəş aktivliyinin dövri azalması və insanların fəaliyyətinin nəticəsində baş verəcək. Günəş aktivliyinin gözlənilən dövri azalması Yerin səthinin soyumasına gətirib çıxarmalıdır. İnsanların fəaliyyətinin (insanların sayının artması və iqtisadi inkişaf nəticəsində) artması və çürüntü mənşəli yanacaqdan daha çox istifadə edilməsi səbəblərindən Yerin səthi istiləşəcək. Yuxarıda təsvir etdiyimiz bu iki mexanizmdən hansının üstünlük təşkil etməsi, irəlidəki yüzillik və minilliklər ərzində Yer səthinin temperaturunun artmasını ya azalmasını müəyyən edəcək. Yəni, irəlidəki yüzillik və minilliklər ərzində Yerin iqliminin dəyişəcəyini dəqiq söyləyə bilərik, amma Yer səthinin orta temperaturunun hansı istiqamətdə dəyişəcəyini hələ deyə bilmərik. Bu isə qlobal istiləşmənin necə və hansı müddətdə davam edəcəyinin hələ də dəqiq bilinmədiyi deməkdir.

Gələcəkdə iqlim dəyişikliyini öyrəndiyimiz dörd Dövrdən (Astronomik, Tektonik, Orbital və Yaxın Gələcək Dövrlərdən), bizim üçün praktik əhəmiyyət kəsb edən Yaxın Gələcək Dövrdür. Bunun iki səbəbi var: birincisi, insanların həyat müddəti qısadır; ikincisi, Yaxın Gələcək Dövrdə iqlim dəyişməsinin əsas səbəbi insanların fəaliyyətidir. İnsanların həyat müddəti və insanların iqlimə təsir edən fəaliyyəti davranış, ictimai və siyasi amillərdən asılıdır. Antropogen iqlim dəyişikliyi, təbii ehtiyatların tükədilməsi və insan fəaliyyəti nəticəsində meydana çıxan digər qlobal və qalıcı problemlərin kökündən həll edilməsi üçün ən doğru yol məhz insanların təməl dəyərlərinin, davranışlarının, hədəflərinin, iqtisadi, ictimai və siyasi həyatlarının kökündən dəyişdirilərək tamamilə yenidən qurulması yolu olardı. Bu çox maraqlı tədqiqat sahəsidir və hazırda Dünya intellektual elitasının ən çox müzakirə etdiyi fundamental məsələlər məhz bu sahədəndir. Biz bu çox vacib bilik sahəsi barədə ayrıca bir neçə məqalədə ətraflı bəhs edəcəyik. Burada qısaca olaraq onu qeyd edək ki, bu çox maraqlı və mürəkkəb mövzuda aparılan tədqiqatların ilkin nəticələri onu göstərir ki, hazırda mübarizə apardığımız iqlim dəyişikliyi və digər qlobal, qalıçı problemlər insanların təməl dəyərlərindən, hədəflərindən, insanların qabiliyyətlərinin məhdluğundan və arzu- istəkilərinin sonsuzluğundan, iqtisadi və ictimai sistemlərin təbiətlərindəki dayanıqsızlıqdan, özünü tükədən siyasi quruluşlardan qaynaqlanır; yəni, insan fəaliyyətinin mənfi yan təsirləri vacib təbii və ictimai proseslərin tam nəzarətdən çıxmasına səbəb olur, idarə olunmaz həddə çatdırır. İndi tam vaxtıdır ki, müxtəlif bilik sahələrindən olan fikir liderləri birlikdə müzakirələr aparsınlar, insanların və bəşəriyyətin daha uğurlu, davamlı fəaliyyəti üçün ən doğru yolu seçsinlər. İnsan fərdlərinin və icmalarının mövcud arzu və istəkləri, hədəfləri öz- özlüyündə dağıdıcıdır, tükədicidir, nəzarətdən çıxandır: məhz bu səbəblərdən də biz Dünyada hər yerdə vəhşi rəqabət, təbii ehtiyatların tükənməsi və insanların əzab çəkməsini görürük. Bütün bu əzab və məhrumiyyətlərə, ədalətsizlik və zülmə, gələcək barədə narahatlıq və qorxuya son qoymaq, bəşəriyyəti öz inkişaf mərhələsində keyfiyyətcə yeni, daha xoşbəxt gələcəyə qovuşdurmağın nəzəri və əməli əsaslarını qurmağın vaxtıdır. Bu olduqca çətin vəzifə qlobal intellektual elitanın, fikir liderlərinin öhdəsinə düşür. Bu sətirlərin müəllifinin, Yeni İnkişaf Modelləri barədə orijinal fikirləri yaxın gələcəkdə silsilə məqalələrlə Dünya fikir liderlərinin müzakirəsinə təqdim ediləcək.

İqlim dəyişikliyi barədə elə ilk məqaləmizdə qeyd etdik ki, iqlim və Yerin istilik enerjisi tarazlığı eyni anlama gəlir. Enerji və enerjidən istifadə sivilizasiyasının təkamülündə hər zaman mərkəzi rola malik olub: hansı enerji formalarından, nə üçün və necə istifadə edilməsi, hər insan fərdinin nə qədər enerji istifadə etməsi, iqtisadi fəaliyyətin enerji intensivliyi, insanlarla təbii mühit və həmçinin insanlar arasındakı harmoniyaya həlledici təsir edir. Ona görə də, bəşəriyyət birgə çalışaraq, təbii və ictimai mühitimizdə harmoniyanı qoruyub saxlamaq şərtilə, insan fərdlərinin firavan həyatını təmin etməyin yeni, effektiv və səmərəli yollarını axtarıb tapmalıdır. Bu mümkündür və alternativi (yəni, insanların indiki qaydada fəaliyyətinin davam etdirilməsi) bəşəriyyətin və həyatın məhvi ola bilər.

Hazırda bizim malik olduğumuz biliklər, əlimiz çatan məlumatlar bazası və hesablama gücü imkan vermir, yetərli deyil ki, biz gələcəkdə mövcud ola biləcək iqlim ssenarilərini Astronomik, Tektonik və Orbital Dövrlər üçün dəqiq proqnozlaşdıra bilək. Bizim indiki şəraitdə əlimizdən gələn yeganə iş, Yaxın Gələcək Dövrdə, yəni növbəti yüz illərdə və bir neçə min ildə Yerdə mövcud ola biləcək iqlim ssenarilərini təxmini də olsa proqnozlaşdırmaqdan ibarətdir. Yaxın Gələcək Dövrdə iqlimə əsas təsir edən amilin insan fəaliyyəti ilə əlaqədar olacağını düşünürük: daha çox antropogen CO2 emissiyaları, CH4 emissiyaları, qara his, aerozollar, torpaqdan daha geniş və daha intensiv istifadə, okeanların zibillənməsi, okean sularının turşuluğunun artması, … Sadalanan bu amillərdən hər birinin Yerdəki istilik enerjisi tarazlığına və deməli Yerin iqliminə təsiri mexanizmlərini dəqiq bilmədiyimiz üçün, biz sadələşdirilmiş üsuldan, yəni gələcəkdəki mümkün iqlim ssenarilərinə uyğun gələn əlavə radiasiya təsiri trayektoriyalarından istifadə edirik. Bu sadələşdirilmiş üsuldan istifadə edən zaman, biz antropogen mənşəli karbon emissiyaları və okeanlar, qurudakı biosistemlər kimi karbon depolarının hələ tam dərk edə bilmədiyimiz mexanizmləri barədə heç bir qeyri- müəyyən mülahizələr irəli sürmürük, bu mürəkkəbliklərdən yan keçirik. Əlavə radiasiya təsiri trayektoriyalarından istifadə bizə imkan verir ki, iqlim sistemindəki mürəkkəb əks- əlaqə mexanizmlərini və onlarla bağlı qeyri-müəyənlikləri öz Ümumi Sirkulyasiya Modellərimizə (ÜSM- lərə) daxil etməyək. Məsələn, əvvəlki məqalədə qeyd etmişdik ki, atmosferdəki CH4 (metan) konsentrasiyası dəyişirsə, təxminən 12 ildən sonra Yerin iqlim sistemi tam dəyişərək, bu yeni metan səviyyəsinə uyğun yeni enerji tarazlığı halına çatır. Lakin biz hələ də bilmirik ki, atmosferdəki metanın konsentrasiyasının dəyişməsi daha hansı əks- əlaqə mexanizmlərini işə salır və iqlim sistemində əlavə hansı dəyişikliklərə səbəb olur. Buna bənzər olaraq, atmosferdə antropogen CO2 – nin miqdarı artan zaman, Yerin iqlim sistemi dəyişməyə başlayır, Yerin iqlim sisteminin yeni enerji tarazlığına çatması üçün, atmosferdəki izafi CO2 həm okeanlar, həm də qurudakı karbon depoları vasitəsilə mübadilə edilir. Biz atmosfer ilə okeanlar və atmosfer ilə qurudakı karbon deploları arasındakı karbon mübadiləsi mexanizmlərini hələ tam bilmirik. Bizim Paleoiqlim məlumatlarından öyrəndiyimiz yalnız bundan ibarətdir ki, atmosferdəki izafi CO2 okeanlar və qurudakı karbon depoları vasitəsilə 50- 200 il arasında mübadilə edilir, lakin okean sularına və qurudakı karbon depolarna daxil olan CO2 isə min, hətta milyon illər ərzində yeni enerji tarazlığına və karbon tarazlığına çatır. Biz həmçinin Yerin səthinin orta temperaturunun dəyişməsi ilə CO2, CH4 və tam qarışmış istixana qazlarının atmosferdə konsentrasiyalarının dəyişməsi arasında səbəb- nəticə əlaqəsinin necə olmasını hələ də bilmirik. Biz hələ dəqiq bilmirik ki, 1850-ci ildən bəri Yer səthinin orta temperaturunun 1,1oC artmasının neçə faizi məhz antropogen istixana qazlarının konsentrasiyalarının artması səbəbindən baş verib. Lakin, elmə əsaslanaraq biz deyə bilərik ki, antropogen istixana qazlarının atmosferdəki konsentrasiyalarının artması əlavə radiasiya təsiri yaratmaqla ən azı 50 ildən sonra hökmən Yer səthinin orta temperaturunun artmasına gətirib çıxaracaq. Dünya ictimaiyyətinin birlikdə çalışaraq istixana qazlarının emissiyalarını azaltmağa çalışması istənilən halda alqışlanmalıdır. Amma son zamanlar əldə edilən elmi nəticələrə görə, Yer səthinin orta temperaturunun artması okeanlardan və qurudakı karbon depolarından daha çox karbonun, CO2-nin atmosferə atılmasına səbəb olacaq və bu da antropogen CO2 və digər istixana qazlarının emissiyalarının azaldılması üçün həyata keçirilən tədbirlərin effektivliyini sual altına ala bilər. Bu səbəbdən də biz gələcək iqlim ssenariləri qurulan zaman, Yer səthinin orta temperaturunun birmənalı olaraq yalnız antropogen CO2 emissiyalarından asılılığının müzakirə edilməsinin tərəfdarı deyilik: bu iddianın elmi əsası yoxdur və səbəb-nəticə əlaqəsi aydın deyil. Bizim edə biləcəyimiz ən yaxşı iş bu ola bilər ki, növbəti 50-200 il üçün müxtəlif iqlim dəyişikliyi ssenarilərinə uyğun olan əlavə radiasiya təsiri trayektoriyalarından istifadə edək, bu trayektoriyalara uyğun gələn orta səth temperaturlarını hesablayaq və Yer səthinin orta temperaturunun dəyişməsi hallarında Yerin iqlim sisteminin müxtəlif hissələrində gözlənilən dəyişiklikləri araşdıraq, insanların önləmə və ya uyğunlaşma mübarizə strategiyaları baxımından nə edəcəklərini müəyyən edək.
İndi isə gəlin qısaca olaraq, iqlim dəyişikliyinin mümkün əsas təsirlərini müzakirə edək.

Qlobal istiləşmə.

Yer kürəsinin səthi müxtəlif ərazilərdə müxtəlif dərəcədə istiləşəcək. Belə ki, quru ərazilərdə, xüsusilə də qitələrin mərkəzi hissələrində səth temperaturu daha çox yüksələcək, nəinki okeanlarla örtülmüş ərazilərdə. Paleoiqlim məlumatlarına əsasən biz deyə bilərik ki, yuxarı coğrafi enliklər temperatur artımı nəticəsində daha dramatik təsirlərə məruz qalacaqlar. Şimal yarımkürəsində buzlaqlar sürətlə əriyəcək, bu səbəbdən albedonun azalması və cərəyanların (atmosfer və okean) zəifləməsi Arktik regionların daha da istiləşməsinə səbəb olacaq: gölənilir ki, Arktik regionlarda temperatur artımı tropikdəki temperatur artımından iki dəfə çox olacaq. Temperaturunun dəyişməsi ilk dövrlərdə müəyyən ərazilərdə temperaturların müşahidə edilməsi və belə anomal halların baş vermə tezliyinin artması şəklində özünü büruzə verəcək. Onilliklər sonra isə, belə ərazilərdə yüksək temperaturun olması norma halını alacaq. V. Ruddimanın proqnozlarına görə, atmosferdəki CO2 konsentrasiyasının sənaye-öncəki 280 ppm-dən iki dəfə artaraq 560 ppm-ə yüksəlməsi, orta coğrafi enliklərdə fəsillərin bir ay tez başlamasına səbəb olacaq: yəni, məsələn yaz indiki kimi 21 martda deyil, 20 fevralda başlayacaq. Son illər biz bunun asta-asta baş verdiyinin şahidi oluruq.

Buzlaqların Əriməsi və Okeanların Səviyyəsinin Yüksəlməsi.

Arktik regionlardakı buzlaqların əriməsi və böyük həcmdə şirin və soyuq suların okean sularına qarışması Arktik sularda yeni cərəyanların meydana çıxmasına səbəb olacaq. Buzların əriyib okean sularına qarışması və okean sularının qızaraq istidən genişlənməsi nəticəsində 2100-cü ilədək okeanların səviyyəsi ən azı 20 santımetrədək yüksələcək. Paleoiqlim məlumatlarına əsasən bilirik ki, son buzlaşma maksimumundan ötən 20 min il ərzində Dünya okeanlarında suyun səviyyəsi 100 metrdən çox artıb. İndiki şəraitdə, buzlaqların əriməsi və qlobal istiləşmə nəticəsində Dünya okeanlarının səviyyəsi hər 10 ildə təxminən 3 santimetr artır. Lakin qlobal istiləşmənin sürətlənməsi okeanların səviyyəsinin gələcəkdə daha sürətlə yüksəlməsinə səbəb ola bilər, çünki Dünya okeanlarında suyun səviyyəsinin artmasının əsas səbəbi suyun istidən genişlənməsidir. Əvvəldə də qeyd etdiyimiz kimi, okeanların səth sularının 1oC qızması, okeanların səviyyəsinin 4 santimetr qalxmasına səbəb olur.

Yer kürəsində ən böyük buzlaqlar Antarktidadadır: Belə ki, Antarktidada buzlaq örtüyünün həcmi təqribən 30 milyon kub kilometrdir. Lakin, Antarktidadakı buz örtüyünün qlobal istiləşmədən əriməsi çox yavaş gedir: Antarktidadakı buzlaqların əriməsi indiki sürətlə davam edərsə, Antarktida buzlaqlarının tam əriməsi 8-10 min il ərzində baş verə bilər. Antarktidada buzlaqlar iki hissədən ibarətdir: Şərqi Antarktidada buz qatı quruda, dəniz səviyyəsindən yüksəkdə yerləşir; Qərbi Antarktidakı buz qatı isə okean dibində oturub və böyük sahilyanı ərazilərdə şelf buzlaqları kimi mövcuddur. Ona görə də, Qərbi Antarktida buzlaqlarının əriməsi okean səviyyəsinə ciddi təsir etməyəcək, çünki bu buzlar indi də suyun içindədirlər. Şərqi Antarktida buzlaqları isə quruda yerləşdiyindən, onların əriyib okean sularına qarışması, Dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldəcək. Əriyib okean sularına qarışan Antarktida buzlarının suyunun sonradan istidən genişlənməsini nəzərə almasaq, Antarktida buzlarının əriyib okean sularına qarışması Dünya okeanının səviyyəsini ən azı 50 metr yüksəldəcək.

Qlobal dəniz səviyyəsinin 1 metr yüksəlməsi, təxminən 1 milyon kvadrat kilometr sahilyanı ərazilərin su altında qalmasına səbəb olacaq. Bu, su altında qalacaq ərazi Yer kürəsinin quru səthinin (151 milyon kvadrat kilometrin) 1%-indən azdır. Lakin, sahilyanı ərazilərdə əhalinin sıxlığının çox olduğu, iqtisadi potensialın daha çox təmərküzləşdiyi, ekosistemlərin daha zəngin olduğu üçün, hətta 1 milyon kvadrat kilometr sahilyanı ərazilərin su altında qalması, milyardlarla insan üçün faciələrə səbəb ola və təbii ekosistemlərin məhvinə gətirib çıxara bilər. Qlobal dəniz səviyyəsinin artması trilyon dollarlarla dəyəri olan sahil infrastrukturunun və tikililərin su altında qalması, məhv olması deməkdir. Yenilərini tikmək üçün isə əlavə trilyon dollarla lazımdır. İqtisadi ziyanın miqyası astronomikdir!

Okean Sularının Turşuluğunun Artması
Əvvəlki məqalədə qeyd etdiyimiz kimi, Yerin atmosferindəki CO2 okean səth suları ilə təmasda olarkən, CO2 okean sularında həll olur, necə deyərlər okeanlar CO2-ni udurlar. Dəniz dibindən götürülmüş suxur nümunələrindən əldə etdiyimiz Paleoiqlim məlumatlarına əsasən, buzlaşma maksimumları zamanı, çox böyük miqdarda karbon atmosferdən udularaq, soyuq su kütlələri ilə okeanların dibində depolanır: təxminən 500 milyard ton karbon (C) və ya 1834 milyard ton CO2. Biz bu udulma və depolanma mexanizmini dəqiq bilmirik, amma güman edirik ki, səth sularında fotosintez nəticəsində karbonun tutulması, bu udulmanın əsas hissəsini təşkil edir. Bu elmi faktdır ki, CO2 soyuq sularda daha asan həll olunur və gözləmək olar ki, buzlaşma dövrünün əvvəlində dərinsulu cərəyanlar dəyişdiyi üçün, bu karbon udulma və depolanma prosesi sürətlənir.
CO2-nin okean sularında udulub, həll edilməsinin digər çox maraqlı və çox vacib nəticəsi okean sularının turşuluğunun dəyişməsidir. Hər hansı məhlulun turşuluğu həmin məhluldakı hidrogen ionlarının (H+) konsentrasiyası ilə tərs mütənasibdir və pH ilə işarə edilir. Son üç əsr ərzində, okeanların turşuluğu artmaqda davam edir. Okean sularında CO2 mübadiləsi tarazlığa çatdıqda, H2 CO3 karbon turşusu əmələ gəlir, bu isə öz növbəsində hidrogen ionlarının (H+) və bikarbonat ionlarının (HCO3 -) yaranmasına səbəb olur. Bu prosesin davam etməsinin bir nəticəsi, kalsium- karbonat (CaCO3) maddəsinin dəniz canlılarının qabıqları (çanaqları, zirehləri) kimi meydana çıxmasıdır. Belə çanaqlı, zirehli dəniz heyvanları öldükdə, öz qalıqlarında CaCO3-ü dəniz dibinə aparırlar, çöküntü yaradırlar və beləliklə müəyyən miqdar karbonu mübadilə prosesindən çıxararaq, okean dibində milyon illər qalmaq üçün depolayırlar. Kimyəvi aşınma (karbonun kimyəvi proses nəticəsində atmosferdən udularaq, okean dibində çöküntü suxurlarında depolanması) prosesi milyon illəri əhatə edən zaman kəsiyində Yer planeti üçün təbii termostat rolunu oynayır. Okean sularının turşuluğu atdıqca, yəni okean sularının pH-ı azaldıqca, okeanların səth sularında karbonat ionlarının konsentrasiyası azalır, beləliklə əksər dəniz canlıları üçün çox vacib olan qabığın, zirehin və çanağın yaranması mümkün olmur. Bu isə mərcan və molyusk populyasiyalarının azalmasına səbəb olur. Əlbətdə, bir neçə min illər ötdükdən sonra, belə mənfi təsirlərə məruz qalmış dəniz canlıları okeanların digər sahələrinə və ya daha dərin sulara köç edərək, karbonat ionlarının lazımi konsentrasiyası olan yerləri tapacaq və qabıq (çanaq, zireh) əldə edəcəklər. Lakin, indiki zamanda okeanların turşuluğunun artması elə sürətlə baş verir ki, dəniz canlılarının yeni şəraitə uyğunlaşması üçün cəmisi 30- 50 il vaxtları var: əgər onlar 30-50 il ərzində yeni şəraitə uyğunlaşıb, karbonat ionları bol olan yerlərə miqrasiya edib, özlərinə qabıq yaratmasalar, məhv olarlar! Sürətlə artan CO2 emissiyaları okeanların turşuluğunun artmasının əsas səbəblərindən biridir və bu proses dəniz ekosistemlərinin mövcudluğu və davamlılığı üçün ən böyük təhlükələrdən biridir.

İqlim Dəyişikliyi və İnsanlar üçün Çıxış Yolları.

Qlobal iqlim dəyişikliyi insanları yeni reallıqlarla üz-üzə qoyur və bu yeni reallıqlarla mübarizədə insanlar üçün elə də çox həll variantları mövcud deyil. İqlim dəyişikliyi elə sürətlə baş verir ki, və elə gözlənilməz çətinlikləri meydana çıxarır ki, insanların vaxtı və imkanları yoxdur ki, ya bu dəyişiklikləri önləyə bilsinlər, ya da bu dəyişikliklərə uyğunlaşa bilsinlər. Bu ümidsizlik mühiti hazırda bəşəriyyətin üzləşdiyi fizioloji, psixoloji, iqtisadi, ictimai və siyasi problemlərin daha ağır və ağrılı olmasının əsas səbəbidir. İqlim dəyişikliyinin antropogen CO2 – nin təsiri ilə daha da sürətlənməsi bəşəriyyəti yeni dilemma ilə üz-üzə qoyub: qlobal iqtisadi, ictimai inkişafı sürətlə davam etdirməli, yoxsa bəşəriyyəti və həyatı xilas etmək barədə çalışmalı?!

Heç kimə sirr deyil ki, hazırda Yerin atmosferində CO2-istixana qazının konsentrasiyası sürətlə artır və bu artım təbii yox, antropogen xarakterlidir. Atmosferdəki CO2 konsentrasiyası 2019-cu ildə 410 ppm olub. Bu, 1850-ci ildəki 280 ppm ilə müqayisədə çox yüksəkdir. Paleoiqlim məlumatlarına əsasən, son 600 min il ərzində,atmosferdəki CO2 konsentrasiyası buzlaşma dövrlərində 180 ppm, mülayim iqlim (buzlaşmalararası ) dövrlərində isə 280 ppm olub. Sonuncu buzlaşma maksimumu təxminən 20 min il əvvəl olub və həmin vaxtdan 1850-ci ilədək olan dövrdə, Yer atmosferində CO2-nin konsentrasiyası orta hesabla 280 ppm olub. 1850-ci ildən sonra isə, Yer atmosferində CO2-nin konsentrasiyası sürətlə artmağa davam edir və bu artımın səbəbi, insanların çürüntü mənşəli yanacaqlardan (kömür, neft və qazdan) getdikcə daha çox istifadə etməsidir. Aydındır ki, atmosferdə CO2-nin konsentrasiyasının artması dərhal qlobal istiləşməyə və iqlim dəyişikliyinə səbəb olmur: belə dəyişikliklərin təxminən 50-200 il sonra baş verəcəyi gözlənilir. Biz hələ də dəqiq bilmirik ki, antropogen CO2 emissiyalarının artması ilə meydana çıxan əlavə radiasiya təsirinin (istiləşmənin) nəticəsində Yerin enerji tarazlığının (deməli, həm də iqlimin) dəyişməsi, hansı mexanizmlər sayəsində atmosferin aşağı qatında (buludlar vasitəsilə), buzlaqların əriməsinə görə albedonun azalmasında, okean və qurudakı karbon depolarında yeni istilik enerjisi tarazlığına (yəni iqlimə) gətirib çıxarır. Biliklərimizdəki bütün bu məhdudiyyətlərə və proqnozlardakı bu qeyri-müəyyənliklərə baxmayaraq, elmi ictimaiyyət yekdilliklə bəyan edir ki, əgər biz 50-200 il sonra Yer səthinin temperaturunun kəskin artmasının və iqlim dəyişikliyinin doğurduğu bir çox fəsadların qarşısını almaq və ya fəsadları yumşaltmaq istəyiriksə, onda biz indidən antropogen CO2 və digər istixana qazlarının emissiyalarının kəskin azaldılmasına və atmosferdəki izafi CO2 və digər istixana qazlarının konsentrasiyasının endirilməsinə nail olmalıyıq!

Metan, digər istixana qazları və aerozollar daha qısa ömürlüdürlər və deməli iqlim dəyişikliyində daha qısamüddətli təsirə malikdirlər. Sadaladığımız bu iqlim dəyişikliyi agentlərinin yeni həcmləri atmosferdə 5-15 il qaldıqdan sonra müxtəlif mübadilə prosesləri vasitəsilə yeni tarazlıq halına çatırlar. Bunlardan fərqli olaraq, CO2-nin miqdarı atmosferdə dəyişdikdə, mübadilə prosesləri nəticəsində təxminən 50-200 il sonra atmosferdə yeni enerji (iqlim) tarazlığı halına çatır, lakin okeanlarda və qurudakı (biosistemlərdə) karbon depolarında mübadilə prosesləri nəticəsində yeni enerji (iqlim) tarazlığına min, hətta milyon illər sonra çatır. CO2-nin tarazlığa müxtəlif mexanizmlərlə çox gec çatması, həmçinin CO2-nin atmosferdə konsentrasiyasının digər istixana qazlarının konsentrasiyasından min (!) dəfələrlə çox olması və CO2-nin infraqırmızı şüaları güclü udma qabiliyyəti, məhz CO2-ni yaxın bir neçə yüz il ərzində ən ciddi iqlim dəyişikliyi amili edir. Son iki əsrdə CO2 emissiyalarının artmasının əsas səbəbi, insanların çürüntü mənşəli yanacaqlardan (kömür, neft və qazdan) daha çox istifadə etməsidir. İnsanlar ildən-ilə daha çox çürüntü mənşəli yanacaq istifadə edirlər. Bunun əsas səbəbləri, Dünya əhalisinin artması və adambaşına daha çox enerji istehlak edilməsidir. 2019-cu ildə bəşəriyyət 610 ECoul (610 milyard milyard Coul) enerji istehlak etmişdi və bunun 85%-i məhz çürüntü mənşəli yanacaq enerjisi idi. Çürüntü mənşəli yanacaqların karbon intensivliyi yüksəkdir (təxminən 20 kq x Karbon / Qiqa-Coul) və çürüntü mənşəli yanacaqlardan istifadə zamanı biz sanki, Yerin dərinliklərində on, yüz milyonlarla il əvvəl basdırılmış “Karbon Cin”-ini azad edirik və bu “Cin” insanlar üçün problemlər yaradır. Beləliklə, bəşəriyyət antropogen CO2 emissiyalarının artması və bu səbəbdən törəyəcəyi gözlənilən iqlim dəyişikliyi problemləri ilə qarşı-qarşıya qaldıqda, problemlərin qarşısını almaq və ya dəyişən reallığa uyğunlaşmaq anlamında 5 (beş) mübarizə variantına malikdir:

1) adambaşına düşən enerji istehlakını azaltmaq və karbonsuz/karbon intensivliyi az olan enerji mənbələrindən istifadə etmək;
2) karbonu emissiya mənbəyində və / və ya atmosferdən tutmaq və onu hardasa basdırmaq (təcrid etmək);
3) geomühəndislikdən istifadə edərək, radiasiya təsirini (istiləşməni) birbaşa kökündən azaltmaq ;
4) heç nə etməmək: yəni, indiki və gələcək nəsilləri iqlim dəyişikliyinin doğurduğu problemlərlə üz-üzə qoymaq;
5) İnsanların fərd və bəşəriyyət olaraq fəaliyyətini tamailə yenidən qurmaq.

Variant (1) əslində enerji keçidi kimi tanınır və biz bu olduqca maraqlı və vacib mövzu barədə ayrıca bir neçə məqalədə danışacayıq. Enerji keçidi həm də yeni, səmərəli iqtisadi modellərə keçid üçün bir fürsətdir və inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan bu fürsəti əldən qaçırmamalıdırlar.

Variant (5), bir çox bilik sahələrində çalışan fikir liderlərinin hazırda intensiv müzakirə etdiyi bir fənnlərarası tədqiqat mövzusudur və sadaladığımız beş variantdan bəlkə də ən fundamental olanıdır. Biz bu məqalənin sonunda Variant (5) ilə əlaqədar öz mülahizələrimizi qısaca sadalayacayıq. Variant (1) ilə Variant (5)-in birlikdə uğurla tətbiqi, nəinki iqlim dəyişikliyi problemlərini, eləcə də bəşəriyyətin qarşısında duran bir çox fundamental məsələlərin bir dəfəlik həll edilməsinə kömək edərdi.

Variant (2), Variant (3) və Variant (4) əslində iqlim dəyişikliyinə insanların sadəcə reaksiyasıdır və daha çox simptomatik həll üsullarıdır: bu variantlarda insanlar sadəcə iqlim dəyişikliyinin qarşıya çıxardığı qlobal riskləri idarəedilən və aztəsirli etməyə çalışırlar.

İndi isə, gəlin, Variant (2), Variant (3) və Variant (4)-ü daha detallı müzakirə edək:
Variant (2). Bəşəriyyət, antropogen CO2 emissiyalarını azaltmaq niyyəti ətrafında sıx birləşib və bu niyyəti həyata keçirtməkdə israrlıdır. Bu niyyət, texnoloji cəhətdən mümkün olan, karbon tutma və təcridetmə (KTT) prosesi vasitəsilə həyata keçirilə bilər. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, CO2 ayrılır, tutulur və hardasa uzun zaman kəsiyi üçün Yerin iqlim sistemindən təcrid olunur. CO2-ni ayırıb, tutmağın iki üsulu var:

a) CO2-ni emissiya mənbəyində tutmaq (KTT);
b) CO2-ni birbaşa atmosferdən ayırmaq və tutmaq. Bu üsul birbaşa havadan tutma və təcridetmə (BHTT) üsulu kimi tanınır.

CO2-ni emissiya mənbəyində tutmaq daha effektiv və səmərəlidir. Kömürlə işləyən iri elektrik stansiyaları və kömürdən çox istifadə edən iri sənaye müəssisələri antropogen CO2 emissiyalarının 50%-dən çoxunu yaradırlar. Bu qədər CO2-ni elə emissiya mənbəyində (elektrik stansiyalarında və iri sənaye müəssisələrində) tutub, daimi olaraq təcrid etsək, CO2 emissiyalarının artması problemini ciddi şəkildə zəiflədə bilərik. CO2 qazını emissiya mənbəyində digər qazlarla bir yerdə tutub, sonradan iqtisadi cəhətdən səmərəli şəkildə onlardan ayırmaq texniki cəhətdən mürəkkəb olsa da , müasir elm və texnologiya bu işin öhdəsindən gələ bilir. Həll edilməli olan ən vacib məsələ, CO2 qazını harada daimilik təcrid etməkdən ibarətdir. Bu məsələnin həlli üçün hazırda bir neçə həll variantı mövcuddur:

1) CO2-ni dərin qumlu su laylarına və işlənib boşaldılmış neft və qaz rezervuarlarına təzyiq altında vurmaq;
2) CO2-ni təzyiq altında 3000 m-dən dərin okean sularına vurmaq. Belə dərinlikdə, yüksək təzyiq altında CO2-nin sıxlığı suyun sıxlığından çox olur və buna görə də CO2 suya qarışmadan okean dərinliklərində milyon illər qala bilər;
3) CO2-ni kimyəvi və bioloji üsullarla karbonatlara çevirərək, onu bərk maddə halında saxlayaraq, təcrid etmək.
İndiyədək mövcud olan KTT layihələrindən ən böyüyü, davamlısı və uğurlusu Norveçin Statoil (indiki Equinor) şirkətinin Sleipner Vest qaz yatağında reallaşdırdığı KTT layihəsidir. Sleipner Vest KTT layihəsi 1996-cı ildə fəaliyyətə başlayıb və hər il 1 milyon ton CO2 qazı təzyiq altında Sleipner yatağına vurulur, orada daimilik təcrid edilir.

Sleipner yatağında, neft laylarından yuxarıda qumdaşı tərkibli, təxminən 200-250 metr qalınlığında duzlu su laylı mövcuddur. Utsira layı adlanan bu su layının imkanı var ki, orada təxminən 600 milyard ton CO2 yüksək təzyiq altında depolansın. CO2- nin həmin layda 1000- 10 000 il arası müddətdə Yer səthinə sızmadan depolanması lazımdır. Çünki, gözlənilir ki, 1000-1200 il sonra antropogen CO2 emissiyaları tam olaraq dayanacaq. Yerin dərinliklərindəki laylarda qaz milyon illər Yerin səthinə sızmadan qaldığı üçün, əminik ki, Sleipner kimi yataqlarda depoladığımız CO2 qazı on min illər orada, Yer səthinə sızmadan qalacaq.

Kömür ilə işləyən elektrik stansiyalarında və iri sənaye zavodlarında CO2-ni tutub ayırmaq üçün iki üsul mövcuddur:

a) CO2-ni yanma prosesindən əvvəl tutub ayırmaq;
b) CO2-ni yanma prosesindən sonra tutub ayırmaq.

Sadə hesablamalar göstərir ki, CO2-ni yanma prosesindən əvvəl tutub ayırmaq iqtisadi cəhətdən daha səmərəlidir: belə ki, kömürlə işləyən elektrik satnsiyalarında və zavodlarda CO2-ni yanmadan əvvəl ayıran zaman, ümumi enerji istehsalının 10-15%-i, yanmadan sonra CO2-ni tutan zaman isə ümumi enerji istehsalının 25-30%-i sərf edilir. Deməli, CO2-ni yanmadan əvvəl tutma iqtisadi cəhətdən təxminən iki dəfə daha səmərəlidir.

CO2-ni birbaşa havadan tutma və təcridetmə (BHTT), çoxlu enerji tələb edən kimyəvi prosesdir. Bu üsuldan istifadənin ilkin təsiri daha çox yerli havanın CO2-dən təmizlənməsinə xidmət edir və bu üsulun həm ekoloji, həm də iqtisadi cəhətdən özünü doğrultması həmin ərazidə ucuz yaşıl elektrik enerjisinin bol olmasından asılıdır. Ona görə də, təəcüblü deyil ki, ilk uğurlu və davamlı iri BHTT layihələri məhz İslandiyada fəaliyyətə başlayıb: çünki, İslandiyada çoxlu ucuz yaşıl geotermal enerji istehsal edilir.

Yer üzərindəki biokütlədən istifadə etməklə karbonu toplamaq və təcrid etmək kimi praktiki cəhətdən daha az əhəmiyyətli və nəticəsi qeyri-müəyyən olan yeni üsul da təklif edilib. Təklif edilən ikinci yeni bir üsul isə ondan ibarətdir ki, okeanların səth sularını dəmir və digər qidalandırıcı maddələrlə zənginləşdirərək fitoplanktonların artımını stimullaşdıraq və nəticədə daha çox CO2 atmosferdən okean dərinliklərinə daşınsın. Təklif edilən üçüncü yeni bir üsul isə ondan ibarətdir ki, biomühəndislik vasitəsilə canlı orqanizmlər yaradaq ki, onlar CO2-ni karbonatlara çevirsinlər və sonra bərk halda olan karbonatları toplayıb, təcrid edərək saxlayaq. Təklif edilən bu yeni üsullar hələ sınaq mərhələsindədirlər və elmi ictimaiyyət bu yeni üsulların effektivliyi və bioloji təhlükəsizliyi barədə hələ də yekdil bir fikrə gəlməyib.

Dünya əhalisi artır, adambaşına düşən enerji istehlakı artır, deməli çürüntü mənşəli daha çox yanacaq yandırılır, atmosferə dah çox CO2 atılır, Yerin səthinin orta temperaturunun daha da artması proqnozlaşdırılır, iqlim dəyişiklikləri daha da sürətlənir, insanlar və biosistemlər daha böyük təsirlərə məruz qalırlar… Bəs nə etməli?! KTT və BHTT üsulları vasitəsilə CO2 emissiyalarını iqtisadi cəhətdən səmərəli şəkildə və iqlim dəyişikliklərini cilovlamaq üçün lazımi miqdarda azaltmaq mümkün deyil. Deməli, başqa həll yolları da axtarılmalıdır.

Bu cür düşünən alimlər təklif edirlər ki, əlavə radiasiya təsiri yaradan CO2 emissiyalarının artması ilə mübarizə aparmaqdansa, yaxşı olar ki, geomühəndislik üsullarından istifadə etməklə Yerə çatan radiasiyanı, deməli istilik enerjisini və temperaturu azaldaq. Doğrudur, təklif edilən çoxsaylı geomühəndislik üsulları KTT, BHTT və az karbonlu enerji istehsalı layihələrindən daha ucuz başa gələ bilər, lakin geomühəndislik üsulları qısamüddətli təsirə malikdirlər və bu üsullar həmçinin CO2-nin artması nəticəsində okeanların turşuluğunun artması problemini həll etmirlər. Bu nöqsanlarına baxmayaraq, geomühəndislik üsullarının araşdırılması elmi cəhətdən çox maraqlıdır və bu üsullar uzaq gələcəkdə bəşəriyyəti bir çox problemlərdən xilas etmək potensialına malikdirlər.

Elmi cəhətdən ciddi maraq doğuran geomühəndislik həll üsullarından bəzilərini burada qısaca müzakirə edək. Bildiyimiz kimi, Yerin iqlimi Yer səthinin orta temperaturundan və deməli istilik enerjisi tarazlığından birbaşa asılıdır. Deməli, əgər biz hər hansı yolla Yerə düşən istilik enerjisini azalda bilsək, həm də Yerin səthinin orta temperaturunu azaltmış olarıq və iqlim dəyişməsi problemini yumşalda bilərik: bu mənada, ilk təklif edilən üsullardan biri Yerin troposferindən yuxarıda güzgülər yerləşdirmək və gələn Günəş şüalarını geriyə, Kosmosa əks etdirmək olardı. Bu, elmi cəhətdən yaxşı əsaslandırılmış üsul texniki cəhətdən icra edilə biləndir,lakin böyük xərc tələb edir. Təklif edilən digər həll üsulu bundan ibarətdir ki, Günəş şüalalarını əks etdirən (reflektiv) material Yer səthi üzərində, istifadə olunmayan ərazilərdə yerləşdirilsin. Bu üsulun da elmi əsası, əvvəlki üsulda olduğu kimi, Yerin albedosunu artırmaq və Yer səthini qızmadan qorumaqdır. Bu üsulun da elmi əsasları möhkəmdir, texniki cəhətdən heç bir problemi yoxdur, lakin bu üsul böyük boş ərazilərdən istifadəni tələb edir. Əgər Yer üzərindəki bütün səhralar (ümumi sahəsi 22 milyon kvadrat kilometr olan ərazi) Günəş şüalarını əks etdirən materialın yerləşdirilməsi üçün istifadə edilsəydi, belə əksetdirici panellər Yerin səthinin 4%-ni örtərdi və nəticədə Yerin albedosunu 30% artırardı. Amma, əgər biz Yer üzərindəki boş səhralıq ərazilərdən istifadə edərək, Günəş enerjisindən elektrik enerjisi istehsal etsəydik, onda Yerdəki səhraların cəmisi 10%-dən (təxminən 2 milyon kvadrat kilometr sahədən) istifadə edərək, bəşəriyyəti enerji ilə tam təmin edə bilərdik.

Geomühəndislərin təklif etdiyi üçüncü həll üsulunun mahiyyəti bundan ibarətdir ki, atmosferə böyük miqdarda sulfat aerozolları səpəriksə, həm Günəş şüalarını geriyə, Kosmosa əks etdirər, həm də buludların əmələgəlməsi prosesini sürətləndirib, albedonu artıraraq buludlar vasitəsilə də Yerin albedosunu artırarıq. Bu iki proses nəticəsində Yerin ümumi albedosu artar və Yerə çatan istilik enerjisi azalar, Yer səthinin orta temperaturu çox artmaz və iqlim dəyişikliyi zəifləyər. Bu üsulun zəif cəhəti ondan ibarətdir ki, sulfat aerozolları atmosferdə çox qalmır və davamlı nəticəyə malik olmaq üçün, Yerin səthini sərin saxlamaq üçün, gərək sulfat aerozollarını atmosferə davamlı olaraq səpələyək. Geomühəndislərin təklif etdiyi dördüncü həll üsulunun mahiyyəti ondan ibarətdir ki, hər hansı maddənin hissəcikləri (məsələn, okean duzu) atmosferin aşağı qatına (təxminən 3 kilometr yüksəklikdə) səpilir ki, buludların əmələgəlməsi prosesi sürətlənsin və buludların hesabına albedo artsın. Bu üsul həmçinin, yağıntının və atmosfer sirkulyasiyasının insanlar tərəfindən idarə edilməsi üçün əlavə fürsətlər doğurur.

Əgər bəşəriyyət özünü toparlayaraq, Vatiant (1), Vatiant (2), və Vatiant (3)-ü texniki, iqtisadi və siyasi cəhətdən uğurla həyata keçirə bilməsə, onda qalır Vatiant (4) və Vatiant (5). Vatiant (4) insanların kütləvi miqrasiyası, artan yoxsulluq, gəlirlərin qeyri-bərabər bölünməsinin daha geniş yayılması, davamlı vətəndaş itaətsizliyinin yayılması, münaqişə və müharibələrin artması deməkdir. Variant (4) barədə mətbuatda, televiziyada çox danışıldığı və bu üsulun təməl elmlər baxımından az maraq doğurduğu üçün, biz bu Vatiant barədə burada geniş söhbət açmağı zəruri hesab etmirik.

Biz burada xüsusi qeyd etməliyik ki, iqlim dəyişikliyi ilə mübarizə variantlarının birinin istifadəsi digər variantlardan istifadənin qarşısını almır. Realliqda, sadalanan həll variantlarının hər biri mümkün qədər mükəmməl istifadə edilməlidir ki, iqlim dəyişikliyi kimi mürəkkəb problemin effektiv və qalıcı həllinə nail olaq. Bu mühüm vəzifənin öhdəsindən gəlmək üçün Dünya siyasi, elmi, biznes, media və vətəndaş cəmiyyəti liderlərinin nümunəvi əməkdaşlıq və liderlik mühitində yekdil və inadcıl fəaliyyət göstərməsi ən vacib şərtdir. Alimlər və fikir liderləri qlobal iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər, çünki indiki sürətlənən qlobal iqlim dəyişikliyi öz təbiəti etibarilə insanların fəaliyyəti ilə bağlıdır, elmi və davranış xarakterlidir, həm də alimlər və fikir liderləri siyasətçilərdən və iş adamlarından fərqli olaraq, bütün bəşəriyyət üçün və uzun zaman müddəti üçün düşünməkdə heç bir vəzifələri və öhdəlikləri ilə əlaqədar olan maneə ilə üzləşmirlər.

İqlim dəyişikliyi problemi çox mürəkkəb və qlobal bir problemdir, təsiri uzun müddət özünü göstərəcək. Lakin ümidsiz olmaq lazım deyil: son 100 ildə bəşəriyyət qarşılaşdığı iki oxşar, amma nisbətən az təsirli qlobal problemi kökündən və tam uğurla həll edə bilib. Deməli, qlobal iqlim dəyişikliyi problemini də həll etmək mümkündür. İndi isə gəlin həmin iki qlobal problem və onların uğurlu həll yolu barədə söhbət açaq.

Birinci Uğur Hekayəsi.

İkinci Dünya Müharibəsindən sonra, sürətli sənayeləşmə və çürüntü mənşəli yanacaqlardan daha çox istifadə edilməsi havanın turşuluğunun kəskin artmasına və bununla əlaqədar meydana çıxan proseslərin insan sağlamlığına, biosistemlərə və iqtisadiyyatlara ciddi zərər vurmasına səbəb oldu. Bu, 20-ci əsrin ikinci yarısında çox ciddi regional və qlobal ekoloji problem kimi kimi meydana çıxdı. Alimlərin, dövlət siyasətini formalaşdıran rəsmilərin, iş adamlarının, media və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti nəticəsində bu ekoloji problemi tam həll etmək mümkün oldu: cəmisi iki onillik ərzində, 1980 və 1990- cı illər ərzində Mərkəzi və Qərbi Avropanın zəngin ölkələri toparlanaraq, aşağıdakı tədbirləri həyata keçirməklə, bu ciddi ekoloji problemi aradan qaldırdılar:

a) elektrik stansiyalarında daha azkükürdlü kömürdən istifadə etdilər;
b) elektrik enerjisi istehsalı üçün daha çox təbii qazdan (tərkibində kükürd daha az olan, ekoloji cəhətdən daha təmiz yanacaqdan) istifadə etməyə başladılar;
c) daha səmərəli avtomobil mühərrikləri icad etdilər;
d) daha təmiz benzin və dizel istehsalına başladılar;
e) zəhərli qazları yaranma mənbəyində tutub kükürdsüzləşdirmək üçün olan qurğulardan geniş istifadə etməklə təmizləməyə başladılar.

Həyata keçirilən bu tədbirlər nəinki atmosfer turşuluğunun artması prosesini dayandırdı, hətta bu prosesi geriyə döndərə bildi: hazırda daha çox əhalinin və daha çox enerjidən istifadənin olmasına baxmayaraq, Avropada və digər inkişaf etmiş sənaye ölkələrində havanın turşuluğunu artıran maddələrlə çirklənməsi tarixi minimuma enib. Elm, əməkdaşlıq və nümunəvi liderlik əla nəticələrə gətirib çıxardı.
İkinci Uğur Hekayəsi. Digər oxşar uğurlu nəticə stratosfer ozonu ilə əlaqədar əldə edildi. Bu misalda elmin gücü aydın göründüyü üçün, gəlin bu misal barədə daha ətraflı söhbət açaq. Müasir dövrdə təhlükəsiz və etibarlı soyuducu və kondisioner texnologiyası, Freon- 12 kimi tanınan dixlorodifluormetanın (CCl2 F2) 1920- ci illərdə Amerika kimyaçısı Tomas Midqli tərəfindən tapılmasından sonra başladı. Freon- 12 xlorofluorkarbonlara (ClFC) aiddir. Bu maddənin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu maddənin əsasında metan, etan və propan kimi yüngül karbohidrogenlər durur və hidrogen atomları xlor və ya fluor atomları ilə əvəz olunub. Hələ 1970- ci illərdə kimyaçılar F. Rouland və M. Molina kəşf etdilər ki, xlorofluorokarbonlar, Yerin səthini Günəşin ultrabənövşəyi (UB) şüalarından qoruyan stratosfer ozon təbəqəsi üçün ciddi təhlükə yaradır. Bu təhlükəni yaradan əsas səbəb təkatomlu Cl (xlor) atomu idi. Ultrabənövşəyi şüaların təsiri ilə dixlorodifluorometandan (C Cl2 F2) ayrılan Cl atomları stratosferdə bu reaksiyaların getməsinə səbəb olurdular:

Cl+ O3 ClO + O2
ClO+ O3 Cl+ 2O2 və ozonu parçalayırdılar. Antarktida üzərində 1985-ci ildə aparılan ölçmələr F.Rouland və M.Molinanın nəzəriyyəsini təstiq etdi: stratosfer ozon təbəqəsi sürətlə nazilir və “deşilirdi”. Beynəlxalq ictimaiyyət dərhal hərəkətə keçdi. Stratosfer ozon təbəqəsinin yoxa çıxması ciddi ekoloji problem idi və insanların, yer üzərindəki canlıların həyatı və sağlamlığı üçün ciddi təhlükələr yaradırdı. Alimlər dərhal hərəkətə keçərək, xlorsuz soyuducu agentlərin, fluoro-karbohidrogenlərin ( tərkibində xlor yoxdur) yaradılmasına nail oldular. Bu yeni soyuducu agentlərin stratosfer ozonuna təsiri demək olar ki, yoxdur. Alimlərin təklifinə əsasən, Dünya ölkələri 1987-ci ildə Montreal Protokolunu imzaladılar və soyuducu agent kimi xlorsuz agentlərdən istifadəni məcburi etdilər və nəticədə artıq 2000-ci ilədək problem kökündən həll olundu və biz bir daha stratosfer ozonu təbəqəsinin “deşilməsi” problemi barədə eşitmədik. Elm və əməkdaşlıq Yerdəki həyatı və insanları böyük bir təhlükədən növbəti dəfə xilas etdi!

Yuxarıda təsvir etdiyimiz iki misalın uğur hekayəsinin ibrət dərsi ondan ibarətdir ki, bəşəriyyət toparlananda və öz davranışını dəyişəndə istənilən qlobal antropogen problemin öhdəsindən gələ bilər. Bu mənada, elm, texnologiya və iqtisadiyyat iqlim dəyişikliyi ilə mübarizədə nəzərə alınmalı əsas söz sahibləri olmalıdırlar: mübarizə üsulları elmə əsaslanmalıdırlar, texnoloji cəhətdən icra edilə bilən olmalıdırlar və hökmən iqtisadi cəhətdən özlərini doğrultmalıdırlar.
Bütün təbii proseslər və insanların hər bir fəaliyyəti fundamental anlamda enerjinin bir formadan başqa formaya çevrilməsindən başqa bir şey deyildir. Bu baxımından, enerji və iqtisadiyyat haqqında ayrılıqda danışmaq tavtologiyadır: hər növ iqtisadi fəaliyyət sadəcə olaraq, enerjinin bir formadan başqa formaya çevrilməsidir. Nobel mükafatı laureatı fizik Frederik Soddinin dediyi kimi: “Enerji axınlarının izlənməsi iqtisadiyyatın məşğul olduğu əsas məsələ olmalıdır”. İnkişaf etmiş və kompleks cəmiyyətlər adambaşına daha çox enerji istehlak edirlər və ilkin enerji formalarını mal və xidmətlərə daha səmərəli şəkildə çevrirlər. Adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) və adambaşına düşən enerji istehlakı yüksək müsbət korrelyasiyaya malikdirlər. Ən qabaqcıl iqtisadiyyatlarda isə, adambaşına düşən ÜDM, ÜDM- in enerji intensivliyindən çoxdur. Bunun əsas səbəbi, ən qabaqcıl iqtisadiyyatların enerji- intensiv istehsalat proseslərini başqa ölkələrə köçürmələri (ekoloji və xərclərin azaldılması səbəbindən) və keyfiyyətcə yeni, daha məhsuldar iqtisadi sistemə keçmələridir.

Yoxsul və İnkişaf etməkdə olan ölkələr daha çox enerji istehlak etməlidirlər ki, enerji yoxsulluğu tələsindən çıxa bilsinlər, öz iqtisadiyyatlarını inkişaf etdirsinlər, iqtisadi rəqabətqabiliyyətliliklərini artırsınlar və öz vətəndaşlarının həyat səviyyələrini yüksəltsinlər. İqlim dəyişikliyi problemi və antropogen CO2 emissiyalarının artması məcbur edir ki, ölkələr çürüntü mənşəli yanacaqlardan istifadəni azaltsınlar və azkarbonlu enerji mənbələrindən istifadə etsinlər. Bu məcburiyyət, yoxsul və inkişaf etməkdə olan ölkələr üçün ciddi iqtisadi və sosial problemlər yaradır: çürüntü mənşəli yanacaqlardan daha az istifadə etmək və azkarbonlu enerji istehsalı və nəqli infrastrukturunun qurulması üçün kreditlər götürmək və xərcləri artırmaq, həmin ölkələrin öz Xüsusi İnkişaf Hədəflərinə (XİH) çatmalarını əngəlləyir. Lakin, məşhur deyimdə olduğu kimi: çətinliklər həm də fürsətlər yaradır. Bu mənada, enerji keçidi prosesi yoxsul və inkişaf etməkdə olan ölkələr üçün bir fürsətdir: onlar öz enerji keçidlərini elə planlaya bilərlər ki, daha məhsuldar və daha səmərəli iqtisadi sistemlərə keçə bilsinlər. Zəngin ölkələr gərək antropogen CO2 emissiyalarının azaldılmasında öncül rol oynayalar, yükün böyük hissəsini öz öhdələrinə götürələr. Zəngin ölkələr həm də maliyyə dəstəyi ayıraraq, yoxsul və inkişaf etməkdə olan ölkələrə enerji keçidini uğurla reallaşdırmaqda, eyni zamanda bu ölkələr öz XİH- lərinə nail olmaqda kömək etməlidirlər. Yoxsul və inkişaf etməkdə olan ölkələri kömək təklif etmədən enerji keçidinə məcbur etmək, antropogen CO2 emissiyalarını azaltmağa məcbur etmək, belə ölkələrin iqtisadiyyatını məhv edər və bu ölkələrin əhalisi heç vaxt yoxsulluq tələsindən çıxa bilməzlər. Enerji keçidi yoxsul və inkişaf etməkdə olan ölkələrə kömək etməlidir ki, onlar iqtisadi artıma və dayanıqlı inkişafa nail olsunlar, inkişaf etmiş ölkələrə qoşulsunlar.

Yekunda, bunları da qeyd etmək yerinə düşərdi: iqlim dəyişikliyi probleminin köklü həlli tələb edir ki, biz insan, onun Dünyada yeri, missiyası, dəyərləri, cəmiyyət halında təşkil olunması sistemləri, insanların və sivilizasiyaların hərəkət verici qüvvələri haqqında təsəvvürlərimizi tam yeniləyək. Biz insanlar, indiki sürətlənən qlobal iqlim dəyişikliyi probleminin əsas səbəblərindən biriyik və özümüz də bu qlobal problemin ciddi təsirlərinə məruz qalan əsas canlı varlığıq. Buna görə də biz antropogen iqlim dəyişikliyi problemini kökündən həll etməliyik ki, təbiət ilə harmoniyada yaşamağın yolunu tapaq. İnsanlar nəinki özlərinin gələcəyi üçün məsuliyyət daşıyırlar, eyni zamanda Yer kürəsinin bütün biosistemi, Yerdəki həyat üçün məsuliyyət daşıyırlar: biz elmdən istifadə edəcəyik, sıx əməkdaşlıq şəraitində çalışacayıq, öz dəyər, arzu və istəklərimizə yenidən baxacayıq ki, hazırda həyat üçün bizə məlum olan yeganə uyğun mühiti, Yer planetini qoruyaq!!!

Bu məqalə üçün bir-neçə son qeydləri etməyi vacib hesab edirik: Biz, hələ də, indiki qlobal iqlim dəyişikliyi probleminin kök səbəblərini dəqiq başa düşmürük. Qlobal iqlim dəyişikliyinin əsas səbəblərini və mexanizminlərini başa düşmədiyimiz üçün, əsas problemin nə olduğunu bildiyimiz üçün, kim deyə bilər ki, seçdiyimiz həll üsulları doğrudur?! MİT (Massaçusetts Texnologiya İnstitutunun) alimi C.Forresterin dediyi kimi, bəlkə hazırda biz yanlış problemi həll etməyə cəhd edirik?..

Əlavə 1. Günəş sisteminin başqa planetlərində və onların peyklərində müşahidə etdiyimiz iqlim şəraitləri bizim üçün olduqca vacib bilik mənbələridir və gələcəkdə potensial iqlim geomühəndisliyi üçün fürsətlərdir.

Əlavə 2. Bu məqalədə biz qlobal iqlim dəyişikliyi və onunla mübarizənin variantları barədə yalnız elmi mülahizələri təqdim etdik.

İnanırıq ki, bu ən doğru yoldur, çünki iqlim dəyişikliklərinin kök səbəbləri elmi cəhətdən dəqiq müəyyən edilməsə, elmə əsaslanan həll üsulları işlənib hazırlanmasa, dövlətlərin ayrılıqda və birgə həyata keçirəcəkləri tədbirlərin ciddi və qalıcı faydası olmayacaq. Eyni zamanda, qeyd etmək istəyirik ki, elmə əsaslanan həll variantlarını həyata keçirmək üçün ən mühüm rolu dövlətlər oyanmalıdırlar, çünki dövlətlər Dünya Ümumi İqtisadi Məhsulunun təxminən 50%-nin xərclənməsində, tənzimləyici qanunvericiliyin təsdiq və tətbiq edilməsində, dövlətlərarası sazişlərin razılaşdırılıb həyata keçirilməsində inhisarçı mövqeyə malikdirlər. Dünya dövlətlərinin qlobal iqlim dəyişikliyi ilə mübarizədə indiyədək həyata keçirdikləri simptomatik xarakterli tədbirlər barədə qısaca məlumat vermək oxucular üçün maraqlı olar. Lakin yenə də qeyd edək ki, qlobal iqlim dəyişikliyi ilə mübarizənin iqtisadi, ictimai və dövlət siyasəti aspektlərinin müzakirəsi bu məqalənin mövzusu deyil.

Alimlər hələ 20-ci əsrin əvvəllərində antropogen qlobal iqlim dəyişikliyi barədə danışırdılar. Dünya dövlətləri isə antropogen qlobal iqlim dəyişikliyi, qlobal istiləşmə ilə mübarizəyə yalnız 1990-cı illərdə qoşuldular. 1992-ci ildə, Braziliyada, Rio de Janeyro şəhərində keçirilən BMT Birinci Yer Sammitində, İqlim Dəyişikliyi barədə Birləşmiş Millətlərin Çərçivə Sazişi (İDBMÇS) qəbul edildi. Bu Çərçivə Sazişi üzərində beş il iş aparılandan sonra, 1997-ci ildə Kyotoda, Yaponiyada, qlobal istiləşmə ilə mübarizədə beynəlxalq ictimaiyyətin qəbul etdiyi ortaq hədəflərin təyin edildiyi sənəd, Kyoto Protokolu razılaşdırıldı. Bu protokolun şərtlərinə əsasən, sənayesi inkişaf etmiş ölkələr öhdəlik götürdülər ki, öz istixana qazları emissiyalarını 01 yanvar 2008- ci ilədək, 1990- cı ildəki emissiya səviyyələri ilə müqayisədə 5.2% azaldacaqlar. Əgər hər hansı tərəfdaş ölkə istixana qazları emissiyalarını razılaşdırılmış vaxtadək bu qədər azalda bilməsələr, onda onlar emissiya həcmləri ticarətindən istifadə edə bilərlər. Bu protokolda razılaşma predmeti olan qazlar CO2, CH4, Kükürd heksafluorid, HFC və CFC idi. Protokol 2005-ci ildə qüvvəyə mindi. Təəssüf ki, ABŞ və Avstraliya kimi ölkələrin bu Protokolu təsdiq etməkdən yayınmaları, bütövlükdə Kyoto Protokolunun effektiliyini şübhə altına aldı. Bütün bunlara baxmayaraq, Kyoto Protokolu antropogen qlobal istiləşmə ilə mübarizədə elmə əsaslanan ilk ən ciddi beynəlxalq saziş kimi böyük tarixi əhəmiyyətə malikdir. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə atdığı növbəti ən ciddi addım 2015-ci ildə razılaşdırılmış Paris Sazişi oldu.

(A) Paris Sazişi, 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi Konfransında Parisdə, Fransada 196 ölkə tərəfindən razılaşdırılmışdı. Bu günədək, 194 ölkə və Avropa İttifaqı Paris sazişinə qoşulublar. Dünyada ən çox istixana qazları emissiyalarına malik ölkələrdən yalnız İran Paris Sazişini ratifikasiya etməyib. İran dünyada istixana qazlarının 2%-dən çoxunu atmosferə atan ölkədir. Yer atmosferini istixana qazları ilə ən çox çirkləndirən 2-ci ölkə olan ABŞ (Çindən sonra 2-cidir), 04 noyabr 2020-ci ildə Paris Sazişindən çıxdı, lakin 2021-ci ilin 19 fevralında yenidən Paris Sazişinə qoşuldu. Bu Saziş, əsasən İqlim dəyişikliyi sahəsində önləyici, uyğunlaşma və maliyyə ilə əlaqədar tələbləri əhatə edir. Kyoto Protokolundan fərqli olaraq, Paris Sazişi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri əhatə edir. Paris Sazişinin xüsusiyyətlərindən biri də odur ki, iqlim dəyişikliyi ilə mübarizə üçün 2025-ci ilədək illik büdcəsi 200 milyard ABŞ dolları olacaq İqlim Maliyyəsi Fondu təsis edildi. Bu İqlim Maliyyəsi Fondunun 50%-i uyğunlaşma tədbirləri üçün, digər yarısı isə önləyici tədbirlər üçün nəzərdə tutulub. Paris Sazişi hələ tam işə düşməyib: belə ki, yoxsul və ada dövlətləri üçün nəzərdə tutulan maliyyə və texniki kömək əsasən kağız üzərində qalıb, real nəticələr yoxdur. Bütün nöqsanlarına baxmayaraq, Paris Sazişi antropogen səbəbdən sürətlənən iqlim dəyişikliyi ilə mübarizədə növbəti ciddi bir Beynəlxalq sazişdir.

Kyoto Protokolundan irəli gələn və ölkələrin istifadə etdikləri bəzi mexanizmlər bu gün də mövcuddur:

a) Emissiyaların Ticarəti: Kyoto Protokolunu ratifikasiya etmiş hər hansı ölkə əgər onun üçün müəyyən edilmiş limitdən artıq CO2 emissiyasına malikdirsə, belə ölkələrə icazə verilir ki, limitlərindən az CO2 emissiyalarına malik ölkələrdən qalıq limiti satın alsınlar. Limitdən çox CO2 emissiyasına malik ölkələr öz ərazilərində, və ya inkişaf etməkdə olan ölkələrdə quruda karbon depoları yaratsalar ( məsələn, meşə massivləri yaratsalar) və ya inkişaf etməkdə olan ölkələrdə karbon emissiyalarını azaldan tədbirlər həyata keçirsələr, bu yolla azaldılan CO2 də sənayesi inkişaf etmiş ölkələrin xeyrinə yazılacaq. Lakin bu mexanizm Avropa İttifaqından kənarda effektiv olmadı, çünki bir çox ölkələrdə, Avropa ölkələrindən fərqli olaraq istixana qazlarının emissiyalarının monitorinqinin dəqiq aparmaq hələ də mümkün deyil.
b) Karbon Vergisi: bu tənzimləyici mexanizmin mahiyyəti ondan ibarətdir ki, hər bir ölkə CO2 emissiyaları yaradan yanacaqlara vergi tətbiq edir: karbon intensivliyi daha yüksək olan yanacaqlara görə daha çox vergi ödənilir. İlk dəfə 1990-cı illərdə İsveç, Norveç, Hollandiya və Finlandiyada tətbiq olunan bu mexanizm iqtisadi və elmi cəhətdən özünü doğruldan bir mexanizmdir. Lakin, enerjidən israfçılıqla istifadə edən ABŞ kimi ölkələr Karbon Vergisi əvəzinə Emissiyaların Ticarəti üsuluna üstünlük verirlər.
c) Yaşıl öhdəlik. Bu tənzimləyici mexanizmin mahiyyəti ondan ibarətdir ki, elektrik enerjisi təchizatçıları öhdəlik götürürlər ki, satdıqları elektrik enerjisinin təyin edilmiş faizi ( bu faiz, məsələn 2010-cu ildə Böyük Britaniyada 10% idi) hökmən Yaşıl Enerji olmalıdır. Bu mexanizm Yaşıl Enerji istehsalını stimullaşdırır və onlar üçün əlavə maliyyə imkanları yaradır. Enerji Keçidinin ilkin mərhələsində bu effektiv bir üsuldur.

Azərbaycanın COP29-dan əldə edə biləcəyi ən böyük qalıcı fayda öncül Dünya elmi və texnologiyası ilə əlaqələrini daha da genişləndirmək, dərinləşdirmək və Enerji Keçidi, iqtisadiyyatının Yaşıl Keçidi sayəsində ən doğru üsullardan və texnologiyalardan istifadə etmək ola bilər. Bu isə qısa zamanda bizim ölkəmizi ən müasir iqtisadi modelə malik ölkələr sırasına çıxara bilər.

…………………………….

REDAKSİYADAN:

Məqalənin birinci və ikinci hissələrinin linkləri bunlardı: (https://araz.az/?p=59731; https://araz.az/?p=63093)

 

araz.az xəbər portalı. 


 

 


Seçilən
35
17
nuh.az

10Mənbələr