AZ

Mahir Emreli: “Nürnberq”lə fəxr edirəm”

“Nürnberq”in hücumçusu Mahir Emreli Almaniya Kubokunun 1/16 finalında “Hoffenhaym”a qarşı keçirdikləri oyuna şərh verib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu matçdan sonra şəxsi “İnstagram” səhifəsində paylaşım edib.

Ötən gecə “Hoffenhaym”a uduzduqları (1:2) matçda qolla fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib:

“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Komandamla fəxr edirəm. Uğur qazanmaq üçün daha çox çalışacağıq”.

Xatırladaq ki, Mahir “Hoffenhaym”la səfər start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə, hesab 1:2 olarkən əvəzlənib. Komandasının yeganə qolunu da məhz Mahir vurub. O, 48-cü dəqiqədə fərqlənməklə hesabı 1:1 edib.

Bu, Mahirin “Nürnberq”in heyətində meydana çıxdığı ardıcıl 3-cü oyunda 3-cü qoludur. O, daha öncə Almaniya 2-ci Bundesliqası çərçivəsində keçirdikləri oyunlarda da fərqlənmişdi. Söhbət “Qroyter Fürt” və “Yan Regensburq”la oyunlardan gedir.

“Nürnberq” növbəti matçını noyabrın 3-də səfərdə 2-ci Bundesliqa çərçivəsində qarşılaşacağı “Hamburq”a qarşı keçirəcək. Mahirin komandası bu yarışda 10 oyuna topladığı 16 xalla hazırda 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 6 rəsmi matça çıxıb, 3 qol vurub.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 5 qol vurub.

Seçilən
45
5
arena.az

10Mənbələr