AZ

Autsayderlər Tovuzda, avrokuboklara iddialılar Şamaxı və Sumqayıtda döyüşəcək - YENİLƏNİR

Misli premyer-liqasında 12-ci tura dünən avrokuboklar uğrunda mübarizə aparan komandaların qarşılaşmasıyla start verildi.

Sürət azalmayıb, ona görə ki, hələ maraqla gözlənilən matçlar bitməyib. Bu gün və sabah keçiriləcək oyunlarla bu tur da geridə qalacaq. Həyəcana ortaq olmaq istəyən, amma stadiona gələ bilməyənlər isə mavi ekranın qarşısına keçib kanalı “CBC Sport”a çevirməlidi.

Misli premyer-liqası
2-ci dövrə, 12-ci tur
2 noyabr
Şamaxı – Zirə

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 16:+5=5-6, 17:18.
2015/16 – 0:0, 1:0; 2016/17 – 1:1, 1:1; 2017/18 – 0:1, 2:1; 2018/19 – 1:0, 1:3; 2019/20 – 2:0, 4:0; 2020/21 – 2:3, 2:2; 2021/22 – 0:2, 0:1; 2022/23 – 0:0, 0:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

12-ci tur həm də ona görə diqqəti çəkir ki, oyunlardan üçü paytaxtdan kənardadı. Bu dəfə Şamaxıda futboldan zövq almağa çalışacağıq. Böyük ethimalla, yerli azarkeşlər “şirlər”i “qartallar”ın önündə dəstəksiz qoymayacaq. Bu, ardıcıl üç oyunda məğlub olan komandanın özünü yalqız hiss etməməsi baxımından önəmlidi. Axı “Şamaxı” premyer-liqadakı yerini qorumaq uğrunda mübarizə aparır. “Zirə” arzuladığı qələbəni qazanmaq üçün xeyli güc sərf etməli olacaq. Meydan sahibləri eniş yaşasa da, indiyə qədər “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Araz-Naxçıvan”a qarşı inamlı çıxışıyla tərif eşidib. “Qartallar”ın meydanından 3 xalla ayrıldığı oyun da unudulmayıb. Odu ki, qonaqlar Şamaxıya qisas üçün təşrif buyuracaq. Bu, həm də qəsəbə təmsilçisinin ilk “dördlük”dəki mövqeyini itirməməsi üçün vacibdi.

Komandalar indiyə qədər 32 dəfə qarşılaşıb. Bunların 12-də “Zirə”, 7-də “Şamaxı” qalib gəlib, 13-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 39:30.

3 noyabr
Kəpəz – Səbail

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 6:+3=0-3, 9:11.
2017/18 – 2:3, 2:1; 2022/23 – 3:0, 1:0; 2023/24 – 0:3, 1:4.
Cəzalılar: Dioqo Verdaska (Kəpəz), Ayman Bouali (Səbail).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz, şəhər stadionu. Saat 16.00.

İlk 11 oyunda yalnız bir qələbəsi olan “Kəpəz” “qan itirməyə” davam edir. Bunun klub səviyyəsində hiss olunması, təbii ki, üzücüdü. Gəncə təmsilçisi hakimlərə qarşı etirazlara son verib bütün gücünü “Səbail”i yenmək üçün səfərbər etməlidi. Hər halda, heç nə komandanın indiyə qədər qazandığı nəticələri dəyişməyəcək. Gəncəlilər üçün “olanla ölənə çarə yoxdu” prinsipi işə düşməli və 9-cu pillədə qərarlaşan “Səbail”lə xal fərqi “əridilməlidi”. Əks halda, “sarı-göylər”in sınağı bir az da çətinləşəcək. Bu başqa məsələ ki, “dənizçilər”in də durumu oxşardı. Məğlubiyyətlər Bayıl təmsilçisinin işini xeyli korlayıb. Əbəs yerə deyil ki, Şahin Diniyevin tezliklə vəzifəsindən yola salınacağı, hətta yeni baş məşqçinin bəlli olduğu haqda iddialar səslənir. Belədə “dənizçilər” toparlanmalı və azı premyer-liqada qalmaq hədəfinin öhdəsindən gəlmək üçün vuruşmalıdı. Hələ biz Şahin bəyin “söz verirəm ki, autsayderlər sırasında qərarlaşan “Səbail” görməyəcəksiz” ifadəsini də unutmamışıq...

Bu komandalar indiyə qədər 13 matçda qarşılaşıb. Bunların 3-də Gəncə, 7-də Bayıl təmsilçisi qələbə qazanıb, 3-də hərəyə bir xal düşüb. Topların nisbətində “Səbail” öndədi – 25:14.

Sumqayıt – Sabah
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+4=0-8, 8:22.
2018/19 – 0:1, 1:0; 2019/20 – 1:0, 1:2; 2020/21 – 1:2, 0:2; 2021/22 – 2:0, 0:3; 2022/23 – 0:6, 0:4; 2023/24 – 1:0, 1:2.
Cəzalı: Tresor Mossi (Sumqayıt).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əkbər Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.

Yeni baş məşqçisi Vaqif Cavadov ötən həftə “Sumqayıt”a ilk qələbəsini qazandırdı. Xal ehtiyatını artırmağa ehtiyacı olan “kimyaçılar” bu dəfə də qalib gəlməyə çalışacaq. Ona görə ki, autsayderlər sırasında qərarlaşan komandalar arasında böyük xal fərqi yoxdu. Premyer-liqada qalmaq uğrunda mübarizənin turda-tura gərginləşdiyini nəzərə alsaq, heç-heçə belə qənimət sayılır. Bu üzdən “gənclikr şəhəri”nin təmsilçisi “doğma divarlar” arasında uğurlu çıxış etməklə yanaşı, rəqibini məyus yola salmalıdı. Bunun baş verməsi isə çətin görünür. Çünki son 4 matçda qələbəyə həsrət qalan “Sabah” bu seriyanı yaxşı mənada qırmaq məqsədilə meydana çıxacaq. Avrokuboklara iddialı rəqibləriylə matçlarda xeyli xal itirən “bayquşlar” ilk “dördlük”dən kənardadı. Bu ərəfədə favoriti sayıldığı oyundan məğlub ayrılmaq Masazır təmsilçisi üçün ciddi zərbə olar. Qonaqlar məhz bu üzdən qalib gəlmək üçün əlindən gələni əsirgəməyəcək.

Bu komandalar indiyə qədər 24 oyunda qarşılaşıb. Bunların 14-də “bayquşlar”, 7-də “kimyaçılar” qalib gəlib, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “Sabah” öndədi – 47:23.

1. Qarabağ 11 9 1 1 28-6 28
2. Turan Tovuz 12 7 4 1 19-10 25
3. Araz-Naxçıvan 11 7 3 1 14-10 24
4. Zirə 10 5 2 3 16-8 17
5. Sabah 11 4 5 2 20-16 17
6. Şamaxı 10 3 3 4 8-11 12
7. Sumqayıt 11 3 1 7 9-15 10
8. Neftçi 12 1 6 5 9-17 9
9. Səbail 11 2 1 8 15-21 7
10. Kəpəz 11 1 0 10 7-31 3

Bombardirlər: Felipe Santos (Araz-Naxçıvan), Cesse Sekidika (Sabah) – 6, Coy-Lens Mikels (Sabah) - 5.

KƏNAN BAHADIR

Seçilən
101
3
football-plus.az

9Mənbələr