AZ

Natiq Miri: Rusiya-Ukrayna müharibənin bitmə ehtimalı real görünür...

Donald Trampın keçid administrasiyası Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün yeni ssenarini müzakirə edir...

Politoloq: “Rusiya Trampın sülh təşəbbüsünü qəbul etməsə və konkret bu təşəbbüsdə göstərilən məsələlərlə bağlı razılıq verməsə, birmənalı imtina təbii ki, bu Kiyevə yönəlik yardım yönündə Trampı qərarlarını dəyişmək məcburiyyətini yaradacaq”.

“Digər məsələ Ukrayna rəhbərliyi məsələsidir ki, açığı onların da seçimi o qədər böyük deyil. Çünki ABŞ-ın maliyyəsi tamamilə dayandırıldığı təqdirdə onu əvəzləyəcək və bu ağır yükün altına girəcək güc mərkəzinə ehtiyac var”.

Bu sözləri politoloq Natiq Miri Donald Trampın Rusiya və Ukrayna müharibəsi ilə bağlı ssenarinin olması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

The Wall Street Journal qəzeti yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyası Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün yeni ssenarini müzakirə edir. Plana əsasən hazırkı cəbhə xətti dondurulur və onun uzunluğu boyunca hərbsizləşdirilmiş zona elan edilir. Bu zonanın təhlükəsizliyini kimin təmin edəcəyi bəlli deyil, lakin qəzetin mənbələrindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin və ABŞ tərəfindən maliyyələşdirilən digər hərbi təşkilatların iştirakını istisna edib. Həmçinin Ukrayna ən azı daha 20 il NATO-ya üzv olmaq planlarından imtina edəcək. Bunun üçün ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək.

Trampın Ukrayna ilə bağlı planını nə qədər real hesab eləmək olar və MoskvaKiyev Trampın təkliflərini qəbul etməsələr, hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

Rusiya və Ukrayna müharibəsinin bundan sonrakı mərhələsini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ukraynanın müəyyən şərtlər altında bu sülh təşəbbüsünü qəbul edəcəyi ehtimalı böyükdür”.

Rusiyanın siyasi rəhbərliyinin iradəsindən də çox şeyin asılı olacağını vurğulayan politoloq Poliqon-a bildirib ki, əgər Rusiya indi təqdim olunan şərtləri qəbul etməsə, düşünürəm ki, müharibə daha da şiddətlənə və Rusiyanın itkiləri daha da böyüyə bilər:

Rusiya Trampın sülh təşəbbüsünü qəbul etməsə və konkret bu təşəbbüsdə göstərilən məsələlərlə bağlı razılıq verməsə, birmənalı imtina təbii ki, bu Kiyevə yönəlik yardım yönündə Trampı qərarlarını dəyişmək məcburiyyətini yaradacaq. Çünki belə bir addım Rusiyaya təzyiq xarakterlidir. Rusiyaya təklif olunur ki, sülh istəmədiyi təqdirdə ABŞ indiyə qədər olunan yardımlardan da daha artığını Ukraynaya etməklə Rusiyanı çox çətin vəziyyətə salacaq. Buna görə Rusiya üçün də çox böyük alternativ mövcud deyil. Ayrıca işğal etdiyi ərazilərin müəyyən hissəsində Rusiya qalmaqla bu sülh təşəbbüsünü qəbul edə bilər. Hər bir halda indiyə qədər rəsmi olaraq bundan imtina olunmayıb.

Digər məsələ Ukrayna rəhbərliyi məsələsidir ki, açığı onların da seçimi o qədər böyük deyil. Çünki ABŞ-ın maliyyəsi tamamilə dayandırıldığı təqdirdə onu əvəzləyəcək və bu ağır yükün altına girəcək güc mərkəzinə ehtiyac var. Belə bir yükü çəkə biləcəyi ilə bağlı Avropa Birliyi qərar verərsə, təbii ki, Ukrayna Trampın təşəbbüsündən imtina edə bilər. Ancaq bu yardımlar ABŞ-ın indiyə qədər etdiyi yardımları özündə ehtiva etməli və daha artığını Ukraynaya verməlidir. Buna görə Ukraynanın da müəyyən şərtlər altında bu sülh təşəbbüsünü qəbul edəcəyi ehtimalı böyükdür. Doğrudur, bu sadəcə prezident Zelenskinin təkbaşına verəcəyi qərar deyil. Bu əsasən Ukrayna ictimaiyyətinin rəyinə söykənməlidir. Çünki ortada dağılmış Ukrayna şəhərləri, xarabalığa çevrilmiş bir Ukrayna, bir də on minlərlə öldürülmüş, yaralanmış, evindən-eşiyindən olmuş milyonlarla insan var.

Bu nəticələri sadəcə olaraq bir qərarla görməməzlikdən gəlmək, yox etmək mümkün deyil. Təbii ki, bu qərar həm xalqın, həm də bilavasitə ordunun, zabit heyətinin qəbul etdiyi qərar olacaqsa, düşünürəm ki, bu sülh təşəbbüsünü qəbul olunacaq. Çünki alternativi Ukrayna üçün daha faciəvi vəziyyətə gətirəcək. Yerdə qalan ordunun digər nəfərləri də tamamilə məhv olma təhlükəsi ilə üzləşəcəklər. Buna görə də, bu sülh təşəbbüsünə razılıq ehtimalı böyükdür.

Natiq Miri: “Trampın sülh təşəbbüsü qəbul olunmadığı təqdirdə yardımların çoxalma, eyni zamanda strateji silahların Rusiyanın dərinliklərində olan bütün hərbi obyektlərin vurulması ilə bağlı icazənin verilməsi məsələsi dərhal gündəmə gəlib həll oluna bilər”.

Ancaq Rusiyanın siyasi rəhbərliyinin iradəsindən də çox şey asılı olacaq. Əgər Rusiya indi təqdim olunan şərtləri qəbul etməsə, düşünürəm ki, müharibə daha da şiddətlənə və Rusiyanın itkiləri daha da böyüyə bilər. Çünki Trampın sülh təşəbbüsü qəbul olunmadığı təqdirdə yardımların çoxalma, eyni zamanda strateji silahların Rusiyanın dərinliklərində olan bütün hərbi obyektlərin vurulması ilə bağlı icazənin verilməsi məsələsi dərhal gündəmə gəlib həll oluna bilər. Bu da Rusiyanın itkilərini artıracaq, bütün logistik mərkəzlərini məhv edəcək.

Eyni zamanda Rusiyanın əsas silahı olan havada olan dominantlığına böyük zərbə vuracaq. Çünki bütün aerodromları bu raket silahları ilə vurmaq, məhv etmək mümkün olacaq. Rusiya bunları gözünün qarşısına gətirməmiş deyil. Bunların hamısı hesablanır. Buna görə də, müharibənin bitmə ehtimalı real görünür. Təbii ki, hansısa dağıdıcı ünsür ortada konkret təxribatlar törətməsə, sülh ehtimalı böyükdür.

Ən azından yanvar ayından sonra biz bu ehtimalları daha real şəkildə görməyə başlacağıq. Çünki yanvar ayının 20-si and içməsinə mərasimindən sonra Tramp 21-i artıq prezident olaraq bu prosesə müdaxilə edə bilər. Çünki beynəlxalq məsələləri prezident kreslosuna oturmaqdan aparmaq qadağandır. Bu baxımdan, sadəcə ortada hələlik niyyətlər və planlar var. Ancaq düşünürəm ki, danışıqlar yanvar ayından sonra çox sürətlə başlaya və başa çata bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
9
50
poliqon.info

10Mənbələr