ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Ağ Evin dünya siyasətinin necə dəyişəcəyi maraqla gözlənilir.
Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin olduğu əsas göstərilərək Ukraynadakı müharibə ilə bağlı tezliklə kritik qərarların verilə biləcəyi deyilir. Hətta yeni ABŞ prezidentinin artıq Moskva və Kiyev üçün təkliflər hazırladığı iddia olunur.
Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə nail ola biləcəkmi? ABŞ gözlənildiyi kimi Rusiya ilə birbaşa əlaqəyə keçəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Tramp seçkilərdən öncə sözügedən müharibəyə bir gündə son qoyacağını açıqlamışdı:
“Əslində bu, mümkün deyil. Böyük ehtimal Tramp özü də reallığı yaxşı anlayır. Lakin o, hazırkı rəsmi Prezident Co Baydendən fərqli olaraq, birbaşa Putinlə dialoqu bərpa etmək niyyətindədir. Doğrudur, Rusiya prezidenti Trampı qələbə münasibətilə təbrik etmədi. Bu səbəblə ABŞ-ın yeni prezidentinin Putinə zəng edib-etməyəcəyi də məlum deyil. Amma ola bilər ki, Tramp andiçmədən sonra Putinlə ya birbaşa, ya da dövlət katibi xətti ilə əlaqəyə keçsin”.
Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi ilə bağlı bir çox diqqət edilməli məqamlar var:
“Trampın ən böyük üstünlüyü qeyri-müəyyənliyidir. O, bu vasitə ilə ABŞ üçün strateji qazanclar əldə etməyə çalışacaq. Lakin həmin qeyri-müəyyənlik Vaşinqton üçün də öngörülməyən problemlər yarada bilər. Həmçinin Trampın bir anda Ukraynanın ən böyük dəstəkçisi olması da mümkündür. Yaxud Kiyevə dəstəyi dayandıra da bilər. Məsələn, Barak Obamanın dövründə Javelin komplekslərinin Ukraynaya verilməsi dondurulmuşdu. Tramp bu maneəni aradan qaldırıb onları Kiyevə təslim edən ilk lider oldu.
K.Sultanlı bildirib ki, ABŞ prezidentinin rusiyalı həmkarı ilə kimyası eynidir, onların xarakteri bir-birinə yaxındır:
“Buna baxmayaraq Tramp praqmatik və opportunitist şəxsdir, o, nəsə qazanmasa, Putinlə anlaşmaz. Digər tərəfdən Ukrayna Rusiya ilə masaya oturdula bilər, amma bu, Trampın Kiyevi tamamilə Moskvaya təslim edəcəyi mənasına gəlmir. Onun üçün vacib olan Çinə qarşı Rusiyadan nə əldə edəcəyidir. Həqiqətən də Putin Trampa Pekin əleyhinə bəzi referenslar edə bilər.
Donald Tramp böyük ehtimal Kiyev cəbhəsindən uzaqlaşmağa çalışacaq, amma bunu edərkən belə güclü diplomatik səylər həyata keçirəcək. O, asanlıqla boşluğu Çin və Rusiyaya verməz. Eyni zamanda Ukraynanın böyük sərvətləri var, yəni Kiyev hökuməti bu imkanlarını Trampa təqdim edib ondan dəstək qazanmağa çalışa bilər. Ümumiyyətlə ABŞ-ın yeni prezidentinin nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma bir şey dəqiqdir ki, Tramp Putinlə dialoqu bərpa edəcək. Onun Ukraynaya yanaşması Kiyevin də Trampla necə əlaqə qurmasından və inandırmasından asılı olacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta