COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Vaşinqton ştatının qubernatoru Cey İnslidir.
Day.Az xəbər verir ki, o, Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan da daxil olmaqla, iqlim dəyişikliyinə qalib gəlmək üçün bütün tərəflərlə birgə işləyəcəklər.
C.İnsli Bakıdan çox həzz aldığını və burada yeni dostlar qazandığını bildirib:
"Burada görüşdə 15 nəfəri dinlədik. Onlar iqlim dəyişikliyinə qalib gəlmək üçün nə etdikləri haqqında danışırdılar. Onların bu danışıqları olduqca ruhlandırıcı idi və biz bu işdə birlikdə mübarizə aparmalı olduğumuzu bildirdik.
Vaşinqton ştatını təmsil edirəm və biz iqlim dəyişikliyi ilə mübarizədə tamamilə iştirak edirik. Azərbaycan da daxil olmaqla, iqlim dəyişikliyinə qalib gəlmək üçün bütün tərəflərlə birgə işləyəcəyik".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.