AZ

Direktorlar valideynləri qorxutsa da: Şagirdi məktəbdən qovmaq olarmı?

Ali təhsil müəssisələrində tələbələr limiti keçəcək dərəcədə dərsdə iştirak etmədikdə imtahana buraxılmırlar.

Məktəblərdə də müəllimlər və şagirdlər üçün nizam-intizam qaydaları var. Lakin məktəblərdə şagirdin hansısa səbəbə görə dərsə buraxılmaması və ya məktəbdən xaric edilməsi müşahidə olunmur.

Şagirdlər hansı hallarda məktəbdən xaric oluna bilərlər?

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində şagird qaydaları var, amma şagirdlərin davamiyyəti ilə bağlı normativ sənəd yoxdur. 

Onun sözlərinə görə, icbari təhsildə xaric edilməyə yol verilmir: 

“Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 saylı Əmrində davamiyyətlə bağlı məlumat var. Amma orada qeyd olunan uzun müddətin nə qədər olduğu barədə məlumat verilməyib. 

Bu baxımdan, bununla bağlı hüquqi boşluq olduğunu deyə bilərik. O cümlədən, Konstitusiyanın 42-ci maddəsində yazılır ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təyin edir və təhsilin hər hansı bir pillə və səviyyəsindən məhrum edilməsinə yol verilmir. Şagirdin nə qədər dərs buraxdığına görə məktəbdən uzaqlaşdırlması ilə bağlı hər hansı hüquqi sənəd yoxdur. Şagird yalnız qiymətləndirilmədiyi halda sinifdə saxlanıla və yaxud məktəbdən xaric edilə bilər. Amma tədris müddətində nə qədər dərs buraxarsa,  məktəbdən xaric edilə biləcəyi  haqda məlumat yoxdur”.  

Təhsil eksperti qeyd edib ki, şagird sadəcə qiymətləndirilmədikdə məktəbdən xaric oluna bilər və bunun üçün tədris ilinin sonunu gözləmək lazımdır:

"Dərs buraxma sayına görə şagirdin cəza növü olaraq məktəbdən xaric edilməsinə yol verilmir. Çünki bu zaman təhsil hüququ pozulur və ya bu barədə hüquqi normativ sənəd yoxdur. 

Məktəblərin özlərinin fərdi nizamnamələri ola bilər. Orada qeyd oluna bilər ki, şagird bu qədər üzrsüz səbəbdən məktəbə gəlmədikdə xaric oluna bilər. Uşağını məktəb gətirən valideyn də nizamnamə ilə tanış olur və qəbul edir.

Beynəlxalq təcrübədə isə müəyyən limit həddi var. Burda yenə də şagird məktəbdən uzaqlaşdırılmır, limitindən sonra valideyn cərimələnir və məktəbin hesabına müəyyən məbləğdə ödəniş edir. Bu, Avropa  və Amerika məktəblərində tətbiq olunur. Bu məsələni 2015-ci ilə o zaman təhsil qanunvericiliyinə daxil etmək istədilər. Amma o vaxt xüsusilə parlament  etirazlar oldu və bu tətbiq edilmədi. 

Hazırda qanunvericilikdə belə bir addım yoxdur ki, şagird məktəbə gəlmədikdə, valideyn cərimə edilsin və yaxud  məktəbdən xaric olunsun. İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsində göstərilir ki, icbari təhsildən yayınmaya görə fiziki şəxslər, yəni uşağını yayındıran valideyn 100 manat və ya uşağını məktəbə buraxmayan rəhbər şəxs 300 manat, hüquqi şəxs isə 5000 manat cərimə olunur. 

Amma hüquqi tənzimlədə göstərilmir ki, həmin cəriməni kim edir. Bu inzibati cəriməni tətbiq edən icra hakimiyyəti orqanı müəyyən edilməyib və bu işlənməyən bir mexanizm kimi qalır”. 

Seçilən
61
50
cebheinfo.az

10Mənbələr