Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə, təxminən, il yarım vaxt qalır. Buna baxmayaraq, indidən siyasi qüvvələr daxilində çaxnaşmalar başlayıb. Əsas narahatlıq meyilləri hakimiyyət düşərgəsi daxilində yaşanır. Müstəqil təşkilatların keçirdikləri rəy sorğularında baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşməsi iqtidarı hərəkətə gətirməyə sövq edib. Hiss olunur ki, Paşinyan yaxınlaşan seçkilər ərəfəsində hakim komanda daxilində monolitliyi təmin etməyə çalışır. Nikolun son vaxtlar hökumətdə təmsil olunan bəzi şəxslərlə yollarını ayırması, eləcə də hakim “Mülki müqavilə” partiyasının iki deputatına – Narek Zeynalyan və Ovik Aqazaryana fraksiyanı tərk etməklə bağlı ictimai müraciət etməsi bunun göstəricisi hesab oluna bilər.
Mandatdan imtina məsələsinin kökü isə Aqazaryanın oktyabrın 15-də istintaq komitəsinin rəhbəri Argişti Karamyanla parlamentdə kəskin mübahisə etməsinə gedib çıxır. Bu insident əlbəyaxa dava səviyyəsinə gəlib çıxmışdı. Müstəqil ekspertlərin fikrincə, eyni siyasi düşərgəyə məxsus iki şəxsin parlamentdəki davası da hakimiyyətin ölkə üzrə reytinqinin aşağı düşməsində az rol oynamadı. Nəticədə Paşinyan hər iki şəxslə vidalaşmaq qərarına gəldi. İstintaq komitəsinin sədri bir sıra digər yüksək vəzifəli məmurlar kimi ötən həftə işdən çıxarıldı.
Münaqişəyə qarışmış deputat Zeynalyan da göstərişi dərhal can-başla icra etdi. Onunla bağlı məsələ tezliklə qapandı. Ancaq Aqazaryanla bağlı məsələ dekabrın 4-dək açıq qalırdı. Yəni Aqazaryan son günlərədək bundan imtina edirdi. Hazırda Ermənistan mediasında daxili siyasi gündəmin əsas mövzularından biri məhz bu məsələ ilə bağlıdır. Demək olar ki, Aqazaryan hər gün bununla bağlı mediaya açıqlamalar verir. Aydındır ki, onun açıqlamaları hakimiyyətin əleyhinə işləyir.
Nəhayət, dekabrın 4-də ipə-sapa yatmayan deputat hakim partiya sıralarından xaric edildi, həmçinin parlament fraksiyasından çıxarıldı. Lakin o, hazırda müstəqil deputat kimi mandatını qoruyub saxlayır. Aqazaryanın “Mülki müqavilə” partiyasından çıxarılması ilə bağlı rəsmi qərar “deputatın qeyri-etik davranışı və qanunsuz bizneslə məşğul olması” ilə əsaslandırılıb.
“Mülki müqavilə”nin parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, Aqazaryan fraksiya iclasları və digər müzakirələr, o cümlədən dövlət təhlükəsizliyi ilə bağlı dərc olunması məqbul sayılmayan məlumatları mətbuata ötürüb. Koncoryan hansı məlumatlardan danışdığını açıqlamayıb. Daha sonra parlamentin spikeri Alen Simonyan jurnalistlərə deyib ki, Aqazaryan mətbuata baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqların təfərrüatlarının müzakirə olunduğu “Mülki müqavilə” fraksiyasının qapalı iclasının məlumatlarını sızdırıb. Simonyanın sözlərinə görə, vacib məlumatları mətbuata sızdırdığı üçün o, həmkarını öz əli ilə boğmaq istəyib: “Düzünü desəm, mən son vaxtlara qədər cənab Aqazaryanı qorumaq üçün hər cür cəhd göstərmişəm. Amma “Mülki müqavilə” partiyasının idarə heyətinin dünənki (dekabrın 4-dəki iclas nəzərdə tutulur–S.H.) toplantısından sonra şəxsən mən onu boğmaq istədim. Cənab Aqazaryan əməlindən peşman deyildi, üstəlik, aqressiv əhval-ruhiyyədə idi. Hətta, o qədər aqressiv idi ki, onun adekvatlığına dair şübhələr yaranmağa başladı”.
O.Aqazaryan özü isə jurnalistlərlə söhbətində məxfi məlumatları sızdırması faktını təkzib edib. Deputat xatırladıb ki, fraksiya iclaslarında ondan başqa 60-70 nəfər iştirak edir, onlardan hər hansı biri ona aid edilən əmələ yol verə bilərdi.
Bununla belə, Aqazaryan etiraf edib ki, o, bəzən jurnalistlərə ictimaiyyətə açıqlanmayan məlumatları çatdırıb: “Lakin, bu, heç də o demək deyil ki, mən məqsədyönlü və müntəzəm olaraq məxfi məlumatları sızdırmışam. Şəxsən mən hökumət başçısı ilə görüşdə dedim: Cənab baş nazir, xahiş edirəm, ictimai müraciətinizi geri götürün, çünki bu, ədalətsizlikdir. O, bacarmadığını dedi, cavab verdim ki, mən də bacarmıram”.
N.Paşinyanın istintaq orqanlarından onun haqqında məlumat alması və sonra onu hakim partiya sıralarından xaric etmək üçün bəhanə kimi istifadə etməsini necə qiymətləndirdiyini soruşduqda, Aqazaryan belə cavab verib: “Bilmirəm, bu qanunidir, ya yox? Vəkilim bunun qanunsuz olduğunu deyir və sənədləri hazırlayır. Baş nazirin addımını qiymətləndirməyə icazə verəcək siyasi və insani statusum var. Mən baş naziri tamam başqa cür başa düşürəm, həyatdan bilirəm ki, istənilən hökumətin deqradasiyaya meyli var. Biz də istisna deyilik, o cümlədən mən. Ona görə də baş nazirin deqradasiya prosesinin qarşısını almaq və cilovlamaq imkanları azdır. Bu mənada mən onu tam başa düşürəm”.
Siyasətçi və ictimai xadim Edqar Qazaryan bildirib ki, O.Aqazaryanın dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik standartları kobud şəkildə pozduğuna görə hakim partiyadan xaric edilməsi “Mülki müqavilə” adı daşıyan dəstə daxilində mövcud olan biabırçı cəhaləti göstərən nüansdır: “Konfidensial informasiya” sözü “məxfi məlumat” deməkdir. Ovik Aqazaryan dövlət sirrinin sahibi deyil və əgər o, dövlət sirrinə sahib olubsa və onu açıqlayıbsa, bu, onun işində nəinki sübuta yetirilməyib, hətta ona heç rəsmi ittiham da irəli sürülməyib. Məsələn, “dövlət sirri”, “kommersiya sirri”, “bank sirri”, “şəxsi sirr” anlayışlarından fərqli olaraq “partiya sirri” anlayışı mövcud deyil. “Etik normaların kobud şəkildə pozulmasına” gəlincə, parlamentin deputatı məsələsində, bu, müvafiq etika komissiyasının yaradılmasını və onun rəyini nəzərdə tutur ki, o da həyata keçirilməyib. Ovik Aqazaryanın yeganə “cinayəti” onun işində şəxsi maraqlarına baxmayaraq, sadəcə olaraq, konstitusiya quruluşunu qoruyub saxlayan baş nazirin tələbi ilə parlament deputatının səlahiyyətlərindən imtina etmək tələbini yerinə yetirməkdən imtina etməsidir”.
E.Qazaryan qeyd edib ki, N.Paşinyan bununla cinayətkar komandasını gücləndirməyə çalışsa da, ictimaiyyətin dəstəyini çoxdan itirdiyini anlayır: “Onun dəstəsi maksimum 200 nəfər, ictimaiyyət isə 2 milyon nəfərdən çoxdur. 2 milyon nəfərə qarşı çıxan bu 200-ə yaxın sirr həvəskarları qrupunu nələrin gözlədiyini təsəvvür etmək asandır. Bu məsələdə komanda daxilində ən yaxşı məsləhətçi yalnız Ararat Mirzoyan ola bilər”.
“World Panorama” strateji araşdırmalar və inkişaf mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətinin xarici siyasəti kimi daxili siyasəti də ziddiyyətlərlə doludur. Elə bir vəziyyət yaranıb ki, probemlər bitmək bilmir: “Paşinyan 2018-ci ildə iqtidara gəlməsindən sonra hayların, demək olar ki, hamısının gözündə vətənpərvər idi. Ancaq qəribədir ki, Nikol bundan iki il sonra başlayan İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsi nəticəsində yarıdüşmən, yarıxəyanətkara çevrildi. Qarabağ klanını təmsil edən keçmiş hakimiyyət Paşinyana qarşı “Hayastan” blokunda birləşib. Hakim partiyanın parlament fraksiyası daxilində də fikir ayrılıqları var. Nazirlər arasında bir-birini qəbul etməmək halları mövcuddur. Nikol da bu səbəbdən son vaxtlar daxili siyasətdə müxtəlif gedişlər edir. Yaxınlaşan seçkilər ərəfəsində vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışır. Eyni vaxtda bir deyil, bir neçə stulda əyləşməyə çalışır”.
Ermənistan baş nazirinin xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasına dair yürütdüyü siyasətin daxildə birmənalı qarşılanmadığını qeyd edən R.Məmmədova ona qarşı açılan cinahda öz hakimyyətində təmsil olunan bəzi şəxslərin də yer aldığını vurğuladı. Onun sözlərinə görə, hayların daşlaşmış, qəlibləşmiş baxışlarını dəyişdirmək istəyi müqavimətə rast gəlir: “Paşinyanı dövlətə xəyanətdə ittiham etmək Ermənistanda adi hala çevrilib. Doğrudur, bu ittihamı irəli sürənlər ortaya fakt qoya bilmirlər. Ancaq ittihamlardan da əl çəkmirlər. Qazax rayonunun 4 kəndinin qaytarılması ona qarşı ittihamların belə deyək, yeni səhifəsinin açılmasına səbəb oldu. Paşinyan bütün bunları görür və aydın dərk edir. Eyni zamanda, başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsini imzalaya bilməsi üçün ən azı öz partiyasında mövqeləri möhkəm olmalıdır. Yəni, partiyadaşları onun sözünü deməli, mətbuata çıxıb onun açıqlamalarını əsaslandıran müsahibələr, açıqlamalar verməlidirlər”.
Politoloq qeyd etdi ki, N.Paşinyanın son vaxtlar bir sıra nazirləri işdən çıxarması, yeni təyinatlar həyata keçirməsi də bundan xəbər verir. Nikol başa düşür ki, hakim komanda daxilində onun liderliyini birmənalı şəkildə qəbul etmirlər. Hətta, öz fraksiyasında da bəzi şəxslər, guya, Azərbaycana loyal olduğu üçün Paşinyana qarşı çıxırlar: “Əlbəttə, Paşinyanı tam olaraq konstruktiv adlandırmaq düzgün olmazdı. Rəsmi İrəvan sülh sazişinin imzalanmasına əsas maneə olan konstitusiyaya dəyişiklik etməkdən çəkinir. Bu təbəddülat özünü xarici siyasətdə də göstərir. Paşinyan Rusiyadan uzaqlaşmaq istəyir, Qərbə yaxınlaşır. Amma Qərbə yaxınlaşmaqla Rusiyanı da əldən buraxmır. Bütün bu təbəddülatlar, ziddiyyətlər hakim partiya daxilində də fikir ayrılıqlarına gətirib çıxarır. Paşinyan Aqazaryan kimi ona qarşı çıxan deputatları zərərsizləşdirməklə yaranmış problemlərdən birini aradan qaldırmağa çalışır”.
Müsahibimiz onu da da bildirdi ki, Paşinyanın sülh sazişinə əngəl olan məsələləri aradan qaldırması onun özünün mövqeyini gücləndirən amilə çevrilə bilərdi. Bununla da Ermənistan dövlətinin siyasi və iqtisadi problemlərini həll edərdi. Paşinyan parlament seçkiləri ərəfəsində komandasını gücləndirməlidir. Amma sülh müqaviləsi imzalanmadan onun mövqeləri zəif olaraq qalacaq. Əks-təqdirdə mövqeyi indiki kimi qalacaq və hətta, bəzən öz partiyadaşları da ona qarşı çıxacaqlar. Ovik Aqazaryanın timsalında olduğu kimi...
Səxavət HƏMİD
XQ