Gələn həftə - dekabrın 18-də İrəvanda “Hosank” adlı erməni neonasist təşkilatı yığıncaq və mətbuat konfransı keçirəcək. Yerli media yazıb ki, tədbirdə neofaşistlər özlərinin gələcək planlarını təqdim edəcəklər.
Bilirik nə planlardır. Bəlli ki, Türkə nifrətdən yaranmış irqçi təşkilatın köhnə-təzə planları başdan-ayağı anti-Azərbaycan, anti-Türkiyə mahiyyətli olacaq. Burası zərrəcə təəccüblü sayılmaz. Təəccüblüsü ABŞ vətəndaşı olan Hayk Nazaryanın başında durduğu bir terrorçu qurumun Nikol Paşinyanın “demokratik” hesab elədiyi Ermənistanında qeydiyyata alınması və 3 ildir sərbəst fəaliyyət göstərməsidir...
Əslində bu da təəccüblü deyil. Çünki qədim Türk diyarı Ermənistan öz ərazisindən bütün aborigen xalqları çıxararaq monoetnik dövlətə çevrilən, Türkə nifrətin səngimədiyi, “Türk” sözünün hətta təhqir sayıldığı, Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışını ağlının ucundan belə keçirməyən bir məkan, toplum. Məktəb dərslikləri ksenofobiya ilə “bərq vuran”, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı, etnik təmizləmələr törədən və buna görə indiyədək tükü belə tərpənməyən bir toplum. Nəhayət, “Axırıncı türk kar-kor-lal da ölsə öldürülməlidir!” irqçi şüarını özünün əsas həyat amalı elan eləmiş faşist Qaregin Njdeyə, digər terrorçu-cəlladlara və körpə qatillərinə (“Nemezis” abidəsi, Tələt Paşanın qatili və s.) abidələr, heykəllər ucaldan, qısası, faşizmin rəsmi ideologiyaya çevrildiyi bir coğrafiya.
Yada salaq, “Nemezis” abidəsi İrəvanda Nikol Paşinyanın dövründə - ötən ilin aprelində qoyulub. Açılışına hakim partiyanın nümayəndəsi də qatılıb. Baş nazirin özü isə dəfələrlə Njdenin müdafiəsinə qalxaraq onu “milli qəhrəman” adlandırıb. Bu ilin yanvarında isə həmin bu neofaşist “Hosank”çılar Njdenin heykəli ətrafında yerli polisin tam neytrallığı fonunda Njdenin “ad günü” ilə bağlı nasist simvolunu nümayiş etdirməklə aksiya keçirmişdilər...
“Hosankın gələn həftəyə nəzərdə tutulan tədbirinə də polis hər hansı müdaxilə etməyəcək. Halbuki Ermənistan konstitusiyası ölkədə formal da olsa, mili, irqi, dini ayrı-seçiciliyi qadağan edir. Hanı bəs? Nədən neonasistlər, Njde sevdalıları Ermənistanda açıq şəkildə meydan sulayır, özlərinə ofislər, saytlar açıblar, ianələr toplayır, nasist ideologiyasını əks etdirən materiallar dərc edirlər?!
Suallar əlbəttə, ritorikdir. Ona görə ki, irqçilik, milli dözümsüzlük, özlərini başqa millətlərdən üstün tutmaq, Türkə aşırı nifrət N.Paşinyan daxil, bu millətin qanında, genindədir. Qan-yaddaşı ilə də nəsildən-nəslə ötürülür. Yalnız kiçik fərqlə: birində bu, qismən az, o birində çoxdur, biri bunu aşkar büruzə verir, o biri isə, məsələn, Paşinyan içində gizli daşıyır.
Amma bütün hallarda bu, erməniliyin əsas testi, şərti. Yəni söhbət böyük ölçüdə irqçiliyə mübtəla olmuş bir qəbilədən, tayfadan, toplumdan, xalqdan gedir...
Gəl indi bunlarla sülh müqaviləsi imzala. Biz də deyirik niyə Paşinyan konstitusiyasını dəyişmək istəmir, nədən cəmiyyətin 80%-i dəyişikliyə qarşıdır? Ona görə ki, Azərbaycan və Türkiyəyə əsassız torpaq iddialarının olduğu Ermənistan konstitusiyası hər şeydən öncə irqçi-neofaşistlər və “miatsum”çulara qol-qanad verən əlavə ruh mənbəyidir.
Ən absurdu isə bilirsizmi nədir? Odur ki, keçən ay BMT-nin nasizmin tərənnümünə qarşı mübarizəyə dair qəbul etdiyi qətnamənin (tam adı belədir: “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümü ilə mübarizə”) həmmüəlliflərindən biri məhz Ermənistan olub!
Sözün bitdiyi yer yəni...
Z.SƏFƏROĞLU