Afsəddin Nəbiyev: “Bu, ermənilərə məxsus hiyləgər və təhlükəli bir taktikadır”
Baş nazir Nikol Paşinyan yenidan bəyan edib ki, Ermənistan Konstitusiyasında düzəlişlərin edilməsini sülh prosesi üçün vacib saymır. Azərbaycan Ermənistan Konstitusiyasında ona qarşı ərazi iddialarının olduğunu və bunun iki ölkə arasında sülh müqaviləsinə əngəl yaratdığını desə də, Paşinyan bunu qəbul etmir.
Paşinyan bildirib ki, Ermənistan Konstitusiyası Azərbaycanın ərazisinə heç bir iddia ehtiva etmir. Onun sözlərinə görə, Bakının təzyiqi altında Konstitusiyaya dəyişikliklərin edilməsi mümkün deyil: “Ermənistan Konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın daxilində əks olunan müddəalara aiddir”.
Burada diqqəti çəkən məqam odur ki, bu dəfə Nikol öz aləmində Konstitusiya Məhkəməsinin qərarından çıxış edərək bunu inkar etməyə çalışır. Halbuki, onun bu izahı və yanaşması yetərli sayıla bilməz.
“Biz bu vəziyyətdə sülh müqaviləsi imzalasaq, günün birində Ermənistan Konstitusiya Məhkəməsi həmin qərarı yenidən tətbiq edə bilər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, görünür, bir sıra Qərb dövlətləri tərəfindən siyasi oyuncağa çevrilmiş erməni siyasətçilərinə yenidən "yuxarı" dairələrindən yeni təlimatlar daxil olub: “Son bir ildə Ermənistan Konstitusiyası ilə bağlı erməni siyasətçilərinin qeyri-müəyyən açıqlamaları ilə hiyləgər vasitələrə əl atmalaları onların əsl mahiyyətini ortaya çıxarır. Paşinyan yenidən bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycana qarşı iddialar yer almır. Paşinyan göz görə-görə Ermənistanın Müstəqillik Bəyannaməsini təhrif etməsi erməni hiyləgərliyinin bariz nümunəsidir. Birincisi, Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də qardaş Türkiyə dövlətinə ərazi iddiaları yer alır. Bu azmış kimi, bu bəyannamənin 11-ci bəndində iddia edilir ki, Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir. Bütün bu uydurma iddialardan sonra bəyannamənin 12-ci bəndində deyilir ki; "Bu Bəyannamə Ermənistan Respublikasının konstitusiyasının hazırlanması, mövcud konstitusiyaya əlavə və dəyişikliklərlərin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyəti və respublikanın yeni qanunvericiliyinin hazırlanması üçün əsasdır”. Göründüyü kimi, bu bəyannamə qanunvericilik üçün əsas sayılır. Paşinyan hər dəfə hiyləgər manevrlər edərək Konstitusiya Məhkəməsinin qərarını əsas gətirir. Bu, ermənilərə məxsus hiyləgər və təhlükəli bir taktikadır. Biz bu vəziyyətdə sülh müqaviləsi imzalasaq, günün birində Ermənistan Konstitusiya məhkəməsi həmin qərarı yenidən tətbiq edə bilər. Bu məsələnin birdəfəlik həlli yolu Ermənistanın öz Konstitusiyasında referendum keçirərək ərazi iddialarından əl çəkməlidir”.
Vidadi ORDAHALLI