Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutunun gediş haqqı qiyməti açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi -AYNA məlumat yayıb.
Bildirilib ki, ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Bu marşrutda sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.
Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək. Sumqayıtdan avtobusların ilk çıxışı saat 05:50, Bakıdan saat 06:20-də, son çıxışı isə Sumqayıtdan saat 22:30, Bakıdan saat 23:00-dadır.
Qeyd edək ki, Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.