594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.
Korrespondent.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bildirir ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 ədəd “Neoplan” markalı avtobusu ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə metronun “20 Yanvar” stansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.
Əks istiqamətdə isə başlanğıcını metro stansiyasının Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcəklər.
Avtobusların ilk çıxışı Sumqayıtdan saat 05:50, Bakıdan saat 06:20-də, son çıxışı isə Sumqayıtdan saat 22:30, Bakıdan saat 23:00-dadır.
Ekspres xətt üzrə gediş haqqı 0,80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.