"Suriyanın formalaşmış müvəqqəti hökuməti 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək".
OXU24.COM "Əl-Vatan" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.
“Müvəqqəti hökumət quruldu, o, “xilas hökuməti”ndən bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunana qədər 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, - Əl-Bəşir bildirib.
O qeyd edib ki, hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq. Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.
Siyasətçi əvvəlki Nazirlər Kabinetinin nazirlərinin müvəqqəti hökumətə yardım göstərəcəyinə ümid etdiyini bildirib.
Dekabrın 10-da Əl-Bəşirin onun rəhbərliyi altında formalaşacaq Suriyanın müvəqqəti hökumətinin başçısı vəzifəsinə təyin edildiyi bildirilib. Siyasətçi bildirib ki, bu qərar silahlı müxalifət rəhbərliyinin nümayəndələri, “xilas hökuməti” üzvləri və keçmiş hökumətin vəkillərinin görüşündə verilib. Onun sözlərinə görə, müvəqqəti hökumət dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.