"Vağzalı" Azərbaycan xalqının ən sevimli rəqslərindən biridir. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlər, bu rəqsi xalq arasında daha geniş yaymışdır. Azərbaycanda elə bir toy olmur ki, orada vağzalının cazibədar sədası eşidilməsin. Vağzalı çox qədim, hətta öz adından da xeyli qədim rəqsdir. Onun mənbəyini tarixdə axtarmaq lazımdır. Məlum olduğu kimi, 16-cı əsrdə Azərbaycanda qaraqoyunluların böyük bir qəbiləsi məskən salmışdı. Onlar çoxlu mahnı və rəqslər yaratmış, lakin bunlardan tarixdə iz qalmamışdı. Təkcə bir melodiya əsrimizə qədər gəlib çatmışdır ki, qaraqoyunluların nəslindən olub, hazırda Şəki rayonunun Təpəcənnət, Çay Qaraqoyunlu, Dərəcənnət, Hətəm obası, Şirinbulaq, Kəhriz və başqa kəndlərdə yaşayanlar qoruyub saxlamışlar. Vağzalı rəqsinin əsasını təşkil edən, əvvəllər "Qarabağın ağırı" adlanan qədim melodiya sonralar iki hissəyə şaxələnərək, "Asta Qarabağı" və "Vağzalı" melodiyasına çevrilmişdir. Bu rəqs xalq arasında “gəlin havası” adı kimi qəbul olunub. Təəssüf ki, bu gün toylarımızda “Vağzalı” əvəzinə “Mendelson marşı” və yaxud digər xarici musiqilər səslənir.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova Moderator.az-a açıqlamasında bildirib ki, milli-mənəvi dəyərlərimizin bir parçası olan xalq mahnıları, toy havaları Azərbaycan toylarında çox az ifa olunur:
“Zaman-zaman bu günlərimizdə dəyişkən musiqilər özünə yer almağa başlayır. Qədim toy adətlərimizdə “Vağzalı” çalınmadan bir qızın evdən gəlin köçməsi, ər evinə qədəm qoyması mümkün deyildi. Çox təəssüf istər şəhər, istərsə də kənd toylarında qızların “Vağzalı” sədaları altında ər evinə qədəm qoymasının qarşısını alırlar. Burada səbəb mənə toy sahiblərinin özü gəlir. Çünki tələb etsələr ki, mənim gəlinim qapıma “Vağzalı” sədaları altında gəlsin, həmin musiqiçilər də məcbur olub gəlini o musiqi sədaları altında yola salacaqlar. İnsanlar bəzən musiqinin belə onların həyatında nə qədər rol oynadığını dərk etmirlər” deyə o bildirib.
O daha sonra ermənilərin bu musiqini mənimsədiyini vurğulayıb:
“Mən dəfələrlə hansı musiqi salonlarında, düyünlərdə görmüşəm, rastlaşmışam və musiqiçilərdən xahiş etmişəm ki gəlinlər üçün “Vağzalı” səsləndirin. Özümüz bu mədəniyyətin qorunub saxlanılmasında xidmət göstərək ki, zaman-zaman ermənilərin əlimizdən aldığı digər şeylər kimi “Vağzalı” da əlimizdən alınmasın. Buna biz şərait yaratmayaq. Biz nə qədər toylarımızda vağzalısız gəlin gətirəcəyiksə, 20-30 il sonra “bu musiqi bizimdir” deyə isbatımız olmayacaq. Mənfur erməni “Vağzalı” çalınmadan heç bir gəlini bəy evinə gətirmir. Onlar artıq musiqimizi, rəqslərimizi də özününküləşdirirlər” deyə İlhamə Qəsəbova bildirib.
Tanınmış rəqqasə Fatimə Fətəliyeva saytımıza açıqlamasında bildirib ki, uşağa kiçik yaşlarından milliyi təbliğ etmək lazımdır.
“ “Vağzalı”, “Mirzeyi” rəqsi toylarımızın ən şah əsərləridir. Sadəcə olaraq çox dəyişiklər var. Toylar bizə məxsus olmayan xarici musiqilərlə, rəqslərlə açılır. Bunun hamımız şahidi oluruq. Biz nə qədər müasirləşmiş dövrdə yaşasaq da, əlbəttə ki, öz adət ən-ənəmizi, rəqslərimizi, musiqimizi unutmamalıyıq. Özbəklərin, hindlilərin mədəniyyətinə heyranam da. Onlar musiqilərində, rəqslərində nə qədər müasir elementlərdən istifadə etsələr də, öz qədim mədəniyyətlərini unutmurlar. Bizdə isə əksinədir. Köhnələri unuduruq. Mənim rəqs məktəbimdə uşaqlar milli ruhda böyüyürlər. Uşaqlara xüsusi olaraq milli rəqslərimizi təbliğ edirik. Bütün rəqs aləmində olan, peşəsini sevən peşəkarlar da bunu unutmamalıdırlar ki, bizdən sonrakı nəsil də mədəniyyətimizi qoruyub saxlasın” deyə Fatimə Fətəliyeva bildirib.
Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır. Məlumat üçün bildirək ki, Azərbaycan bəstəkarı Süleyman Ələsgərov " Vağzalı" mahnısında Vağzalı melodiyasından istifadə etmişdir. Erməni bəstəkarı Aram Xaçaturyan "Qayane" baletində ünlü "Qılınclarla rəqs" inin bir hissəsində Vağzalının melodiyasından istifadə etmişdir.