AZ

"“Yanlış xəbər”, “saxta xəbər” xəbər dövriyyəsində böyük paya malikdir" - ŞƏRH EDİLDİ

"Rəqəmsal transformasiya, internet informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması informasiya axınını sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media ekspertiMüşfiq Ələsgərli deyib.

O bildirib ki, insanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər: "Yaxud, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır.

Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, dezinformasiya da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir.

Bu cür xəbər bolluğunda cəmiyyətin informasiya etibarlılığını müəyyənləşdirmək üçün müəyyən bacarıqlara malik olması şərti yaranır. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar".

"Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur. Əlamətdar haldır ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir. Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini artırmaq üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalının yaradılaraq istifadəyə verilməsi bu istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Həmçinin, “media savadlılığı həftəsi” qismində kampaniyaların təşkil edilməsi vətəndaşların bu mövzuya marağını artırır. Fikrimcə, bu cür addımların atılması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır" - deyə o, əlavə edib.

https://medialiteracy.media.gov.az

Müəllif: Söylü Ağazadə
Seçilən
17
4
sia.az

8Mənbələr