AZ

Tramp İranın nüvə silahının qarşısını müharibə ilə alacaq...

Image

Zərdüşt Əlizadə: "Bəli, Amerika çox güclü və azğın dövlətdir, beynəlxalq hüquqla heç vaxt hesablaşmır, beynəlxalq hüququ dəfələrlə pozub, insaf və ədalət məfhumu onlara tamamilə yaddır"

"The Wall Street Journal" yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə silahı yarada bilməsini dayandırmaq variantlarını, o cümlədən qabaqlayıcı hava hücumları ehtimalını nəzərdən keçirir ki, bu, Tehranı diplomatiya və sanksiyalarla cilovlamaq kimi uzunmüddətli siyasətə zidd olacaq:

"Nüvə obyektlərinə qarşı hərbi zərbə variantı indi onun keçid komandasının bəzi üzvləri tərəfindən daha ciddi şəkildə nəzərdən keçirilir. Onlar Tehranın müttəfiqi olan Suriya prezident Bəşər Əsəd rejiminin süqutunu, ABŞ qoşunlarının gələcək taleyini qiymətləndirirlər. Keçid dövrü rəsmiləri bildiriblər ki, İranın zəifləmiş regional mövqeyi və Tehranın sürətlə inkişaf edən nüvə işləri ilə bağlı son açıqlamalar həssas daxili müzakirələri gücləndirib. Bununla belə, məsələ ilə bağlı bütün müzakirələr hələ ilkin mərhələdədir".
 Əslində Bayden dönəmində İsrailin İranı bombalaması da elə ABŞ-ın iradəsi ilə reallaşmışdı. Amma bu dönəmdə ABŞ birbaşa özü İranı vurmadı. Tramp administrasiyası İranı birbaşa özü vura bilərmi?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirdi ki, İrana hücum məsələsi 25 ildir müzakirə olunur: "Vaxtaşırı olaraq bu hücum məsələsi aktuallaşır, daha sonra təxirə salınır.
Texniki baxımdan İrana hücum mümkündür - ABŞ və İsrailin havada ciddi üstünlüyü var. Amma İranın ali hərbi komandanlarından biri, ayətullah Seyid Əli Xamneyinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani deyib ki, əvvəllər Amerikaya bizim əlimiz çatmırdı, indi onlar artıq gəlib bizim qonşuluğumuzda yerləşib. Amerikanın İran sərhədləri boyunca xeyli hərbi qüvvələri yerləşib. ABŞ-ın İraqda, Suriyada, Bəhreyində, Küveytdə, Səudiyyə Ərəbistanında hərbi bazaları var. Odur ki, əgər geniş miqyaslı müharibə başlasa, Amerikanın hərbçiləri İrana hava zərbələri endirsələr, İranın raketləri ABŞ hərbçilərinin başına enəcək. Belə olsa, İran İsraili də vuracaq. İndiyə qədər İran İsrailə cavab zərbələri endirəndə çox ehtiyatla davranırdı ki, dünyanı özünə qarşı qaldırmasın. Amma məsələ ölüm-dirim həddinə çatsa, İsrailin şəhərləri də, dinc əhali də, hərbi obyektləri də bombalanacaq. İsrail Fələstində 45 min adam öldürüb ki, siz niyə 1200 yəhudini öldürmüsünüz. Öldürülən fələstinlilərin 15-17 mini uşaq və yeniyetmədir. Bu ehtimalı Amerika administrasiyası da nəzərə alır. Ona görə də biz ABŞ-ın İrana hücum ehtimalına inanırıq, amma gözləmirik. Buna blef, şantaj, alver deyirlər.
Bəli, Amerika çox güclü və azğın dövlətdir, beynəlxalq hüquqla heç vaxt hesablaşmır, beynəlxalq hüququ dəfələrlə kobud şəkildə pozub, insaf və ədalət məfhumu onlara tamamilə yaddır. Yaxşı siyasi möhtəkirlik bacarırlar, hansısa ülvi məfhumları əsas gətirib, çox alçaq işlərlə məşğul olurlar. Bunu bilə-bilə müsəlman dövlətlərinin ağlı çatmır ki, birləşib, hansısa bir tədbir görsünlər.
Nəticə olaraq hesab edirəm ki, hələlik bu şantajdır, siyasi təzyiqdir. Məsələn, Tramp 10 gün əvvəl dedi ki, mən səlahiyyətlərimin icrasına baslayana qədər HƏMAS yəhudi girovları azad etməsə, mən bilirəm nə edəcəm. Mən sual verirəm, indiyə qədər neyləmisiniz? Girovlar azad edilməyib, 45 min fələstinlini öldürmüsünüz, girovlar azad edilməsə daha nə edəcəksiniz, dübarə 45 min fələstinlini öldürəcəksiniz. Onsuz da fələstinlilər ölməyə öyrəşiblər, hamısı da mömindir, bilirlər ki, şəhid olub, Cənnətə gedəcəklər".

Dəniz NƏSİRLİ





Seçilən
50
50
baki-xeber.com

10Mənbələr