AZ

“Azərbaycanla Gürcüstan arasında fəal siyasi dialoq mövcuddur”-ŞƏRH

“Gürcüstan baş nazirinin bu il ərzində ölkəmizə ikinci səfəri baş tutdu. Bu dəfə isə İrakli Qaribaşvili Azərbaycana BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün xüsusi proqramının ölkəmizdə keçirilən 25 illik Zirvə Görüşünə fəxri qonaq qismində səfər etmişdi”.

Bu sözləri Editor.az-a Azərbaycan-Gürcüstan münasibətləri ilə bağlı şərh verərkən politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, Azərbaycan və Gürcüstan arasında bütün sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur:

“Cənubi Qafqaz regionunun iki tranzit ölkəsi olaraq təbii ki, iqtisadi münasibətlər hər zaman ön planda olub. Bu isə öz növbəsində siyasi müstəvidə də əlaqələrin inkişafına təkan verib.

Azərbaycanla Gürcüstan arasında fəal siyasi dialoq mövcuddur. Xüsusilə də xarici siyasətlə bağlı məsələlərdə iki ölkə arasında sıx əməkdaşlıq hökm sürür. Ölkələr arasında siyasi əlaqələrin gücləndirilməsi təkcə Azərbaycanla Gürcüstan üçün deyil, bütün region üçün olduqca önəmlidir. Hazırda iki ölkə arasında iqtisadi inkişaf sahəsində kifayət qədər yaxşı irəliləyişlər mövcuddur və ticarət dövriyyəsi də hər keçən il artmaqda davam edir. Neft, qaz, elektrik enerjisi, nəqliyyat sahələri ilə bağlı bir çox böyük layihələr həyata keçirilib. Məlumdur ki, ölkələrin birlikdə reallaşdırdıqları enerji layihələri Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır və hazırda Avropa enerji resurslarına tələbatın artdığı bir zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Həmçinin yol infrastruktur layihələrinin həyata keçirilməsi, bu xüsusda Bakı-Tblisi-Qars dəmiryolu layihəsinin genişləndirilməsi istiqamətində birgə aparılan fəaliyyət də olduqca vacib və əhəmiyyətlidir.

Şübhəsiz ki, ölkə rəhbərlərinin hər səfəri və hər görüşü mövcud olan əlaqələrin daha da genişləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bu dəfəki görüşün də kifayət qədər məhsuldar olduğunu deyə bilərik. Belə ki, səfər zamanı Azərbaycan, Gürcüstan, Rumuniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyəti geniş müzakirə edildi.

Düşünürəm ki, Qaribaşvilinin ölkəmizə səfəri bundan sonra iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar və perspektivlər açacaq”.

//Səbinə Hüseynli, Editor.az

Seçilən
497
50
editor.az

10Mənbələr