Panama kanalının hər metri Panamadır, ölkənin suverenliyi və müstəqilliyi ilə bağlı danışıqlar aparıla bilməz.
APA xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə biləcəyi barədə sözlərinə cavab olaraq bildirib.
Mulino sosial şəbəkələrdə və yerli mediada dərc olunan xalqa müraciətində Panama kanalının hər metrinin Panama olduğunu və bundan sonra da belə olacağını deyərək Panama kanalını ölkə tarixinin bir hissəsi adlandırıb.
Mulino xatırladıb ki, 1977-ci ildə imzalanmış Torriksos-Karter müqaviləsi Panama kanalı zonası adlanan ərazinin ləğvini nəzərdə tutur və bu su yolu üzərində Panama suverenliyini təsdiqləyir.
Kanalın Panamaya verilməsi 1999-cu ilin dekabrında tamamlanıb və "Tezliklə biz bu proqramın 25 illiyini qeyd edəcəyik", - deyə Panama lideri vurğulayıb.
O xatırladıb ki, o vaxtdan bəri bununla bağlı heç bir sual və ya şikayət olmayıb.