Panama prezidenti Xose Raul Mulino, Trampın Panamanı kanaldan istifadəyə görə həddindən artıq yüksək ödənişlər almaqda ittiham etdiyini və kanal düzgün idarə olunmadığı təqdirdə ABŞ-a geri verilməsini istəyə biləcəyi ilə bağlı sözlərinə cavab verib.

İndex.az xəbər verir ki, Mulino Tramp administrasiyası ilə yaxşı əlaqələr qurmaq istədiklərini ifadə etsə də, kanalın ABŞ-a geri verilməsinə sərt reaksiya verib.

“Qeyri-qanuni immiqrasiya, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi prioritet mövzularımız var. Biz hər zaman dialoqa açıq olan bir ölkəyik. Bununla belə, vətən hər şeydən əvvəl gəlir, bu məsələ heç vaxt danışıqlar mövzusu ola bilməz.

Vətəndaşlarım, bir prezident kimi, birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamay aiddir. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Panama Kanalı Panamaya məxsusdur və belə də qalacaq”, – Mulino deyib.

Kanalın aydın qaydalar çərçivəsində işlədildiyini vurğulayan Mulino, baxım və idarəetmə proseslərinin təhlükəsiz, davamlı və peşəkar şəkildə həyata keçirildiyini bildirdi.

1914-cü ildə ABŞ tərəfindən inşa edilən Panama Kanalı 1977-ci il sentyabrın 7-də Vaşinqtonda o zamankı Panamanın lideri Ömər Torrixos və ABŞ prezidenti Cimmi Karter arasında imzalanan Torrixos-Karter sazişləri çərçivəsində 31 dekabr 1999-cu ildə Panamaya verilib.