AZ

ABŞ və Panama arasında gərginlik davam edir

“Panama kanalının hər metri Panamaya məxsusdur, ölkənin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Amerika dövlətinin rəhbəri Xose Raul Mulino ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə biləcəyi barədə sözlərinə cavab olaraq deyib:

"Vətəndaşlarım, bir prezident kimi, birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamaya aiddir. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Panama Kanalı Panamaya məxsusdur və belə də qalacaq".

Kanalın aydın qaydalar çərçivəsində işlədildiyini vurğulayan Mulino, baxım və idarəetmə proseslərinin təhlükəsiz, davamlı və peşəkar şəkildə həyata keçirildiyini bildirib:

"Tariflər özbaşına müəyyən edilmir. Bu ödənişlər bazar şəraiti, beynəlxalq rəqabət, istismar xərcləri və kanalın saxlanması və modernləşdirilməsi ehtiyacları nəzərə alınmaqla açıq şəkildə müəyyən edilir".

Mulino Panama kanalının birbaşa və ya dolayı yolla Çin, Avropa İttifaqı, ABŞ və ya hər hansı digər güc tərəfindən idarə olunmadığını vurğulayıb.

Tramp administrasiyası ilə yaxşı əlaqələr qurmaq istədiklərini ifadə edən Mulino, "Qeyri-qanuni immiqrasiya, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi prioritet mövzularımız var. Biz hər zaman dialoqa açıq olan bir ölkəyik. Bununla belə, vətən hər şeydən əvvəl gəlir. bu məsələ heç vaxt danışıqlar mövzusu ola bilməz” - deyib.

Xatırladaq ki, 1914-cü ildə ABŞ tərəfindən inşa edilən Panama Kanalı 1977-ci il sentyabrın 7-də Vaşinqtonda o zamankı Panamanın lideri Ömər Torrixos və ABŞ prezidenti Cimmi Karter arasında imzalanan Torrixos-Karter sazişləri çərçivəsində 31 dekabr 1999-cu ildə Panamaya verilib.

Seçilən
0
2
cebheinfo.az

4Mənbələr