AZ

Bukayo Saka bir aya yaxın oynamayacaq

Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın cinah hücumçusu Bukayo Saka təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta məlumat verib.

Mütəxəssis ingilis futbolçunun 1 aya yaxın yaşıl meydanlardan kənar qalacağını bildirib.

Xatırladaq ki, Saka İngiltərə Premyer Liqasının 17-ci turunun “Kristal Pelas”la səfər oyunu zamanı zədələnmişdi. İngilis futbolçu “topçular”ın 5:1 hesablı qələbə qazandıqları oyunun 24-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Oyundan sonra Saka “Selherst Park” stadionunu qoltuqağacıların köməyi ilə tərk etmişdi. Ətraflı müayinələrdən sonra futbolçunun məcburi istirahətə ehtiyacının olduğu üzə çıxıb.

Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 24 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Bukayo Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis sağ cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
41
2
arena.az

3Mənbələr