AZ

Bukayo Saka əməliyyat olundu

Futbol üzrə İngiltərə milli komandasının və London “Arsenal”ının cinah hücumçusu Bukayo Saka əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta məlumat verib.

Mütəxəssis futbolçunun uzun müddət oynamayacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, Saka İngiltərə Premyer Liqasının 17-ci turunun “Kristal Pelas”la səfər oyunu zamanı zədələnmişdi. İngilis futbolçu 5:1 hesablı qələbə qazandıqları oyunun 24-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Oyundan sonra Saka “Selherst Park” stadionunu qoltuqağacıların köməyi ilə tərk etmişdi.

Müayinələrdən sonra Bukayo Sakanın təxminən bir aya yaxın oynamayacağı barədə məlumatlar yayılmışdı. Lakin klubun həkimləri sonradan futbolçunun əməliyyat olunmasına qərar veriblər. Sakanın bərpa müddəti barədə dəqiq məlumat verilmir.

Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 24 oyuna çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
2
arena.az

3Mənbələr