Azərbaycan Hava Yollarının qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında B.İgidov deyib.
“Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. Minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik”, - deyə o bildirib.
B.İgidov deyib ki, qadın Bakıdan tək uçub. Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. B.İgidov deyib ki, Nərminə son dəfə səhər onlayn olub.
“O, (red. - Nərminə) məni orada gözləməli oldu. Yanvarda yanlarına getmək istəyirdim”, - Bəşir İgidov bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.