AZ

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib


Azərbaycan öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir
 
Ekspertlər bu qərarı başa çatmaqda olan 2024-cü ilin ən önəmli hadisələrindən, mühüm yekunlarından biri kimi qiymətləndirir

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Vurğulanıb ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb. Öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib: 

"1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarıb. Dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmayıb, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmayıb. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı". Bildirilib ki, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib: "Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilib, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilib. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir". 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Şərq"ə deyib ki, dövlət başçısının bu qərarını başa çatmaqda olan 2024-cü ilin ən önəmli hadisələrindən, mühüm yekunlarından biri kimi qiymətləndirir. Ekspertin sözlərinə görə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qanunauyğunluğun nəticəsidir: 

"Konstitusiyamızın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizin 5-ci ildönümü məhz 2025-ci ilə təsadüf edir. Beləliklə, Ana Yasamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün baş qanunumuzun qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olması üçün əsaslı zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətçiliyimizin möhkəmləndirilməsi, genişmiqyaslı qanunvericilik və institusional islahatların aparılmasının əsasını təşkil edib. 30-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb". 

Ə.Hüseynov vurğulayıb ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub:

 "Son 30 ildə keçib gəldiyimiz şərəfli yol və əldə etdiyimiz uğurlar, qələbələr bu arzumuzun gerçəkləşdiyini göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Konstitusiyamızın təntənəsidir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək".

Seçilən
71
50
sherg.az

10Mənbələr