AZ

Bir ilin yekunu: Uğurlar, sınaqlar və gözləntilər

Yeni təqvim ilinə daxil oluruq. 2025-ci ildən gözləntilər çoxdur. 

Başa vurduğumuz 2024-cü il zəngin il oldu. Bakı-Qroznı marşrutu ilə bağlı uçan təyyarə qəzası olmasaydı, ili bütünlükdə uğurlu hesab etmək olardı. Təəssüf ki, Azərbaycan xalqı ilin sonuna bir neçə gün qalmış bu qəzanın sarsıntısını yaşadı. Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” hava gəmisi Qroznı səmasında xarici texniki və fiziki təsirdən ciddi zədələnərək, Aktau hava limanına enməyə cəhd göstərdi.

Təyyarənin Rusiya səmasında aldığı zədə və vurulması ilə bərabər, onun əraziyə yaxın hava limanlarına eniş etməsinə icazə verilməməsi bu fəlakətin miqyasını böyütdü. Ekipaj heyərtinin qəhrəmanlığı hesabına Azərbaycana məxsus təyyarəyə edilən qəsd 100 faizlik fəlakətlə bitmədi. 62 sərnişin və 5 heyət üzvündən 29 nəfəri qəzadan sağ qurtuldu. 

Rusiyaya gedən Azərbaycan Prezidenti dərhal səfərini yarımçıq saxlayaraq geri döndü və hadisəni birbaşa öz nəzarətinə götürdü. Şübhəli məqamlar, baş verən hadisəyə səmimi yanaşmamaq, zədələnmiş təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə icazə verilməməsi haqlı olaraq Azərbaycan tərəfində şübhələr yaradır. 

Prezident Əliyev də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bunu açıq şəkildə söylədi və Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Prezident bununla bildirdi ki, Kremlin və onun sahibinin telefon zəngi, fikirləri üzrxahlıq kimi qəbul edilsə də, digər məsələlər hələ də açıq qalır. Günahkarların cəzalandırılması, səmimi etiraf və kompensasiya ödənilməsi kimi mühüm mesajlar ortada yoxdur.

Baş vermiş faciənin miqyasına və sarsıntısına baxmayaraq, 2024-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. 

Prezident seçkiləri

2024-cü il Prezident seçkilərinə hazırlıqla başladı və Azərbaycan xalqı seçkini uğurla başa vurdu. 

Növbədənkənar prezident seçkilərində 6 namizəd iştirak etdi. Onlardan 5 nəfəri siyasi partiyaları təmsil edirdi, bir nəfər isə bitərəf namizəd idi. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməklə yanaşı, ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar tərəfindən də dəstəklənirdi. 

7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev qalib gəldi. Bu, qalibiyyət Azərbaycan xalqının öz Prezidentinə etimad və etibarının növbəti göstəricisi idi. 92,12 faiz səs toplayaraq qalib gələn Prezidentə xalq dəstəyi əvvəldən də məlum idi. Lakin səsvermənin bu nəticələri bir daha göstərdi ki, İlham Əliyevə xalq tərəfindən Müzəffər Ali Baş Komandan deyilməsi söz xatirinə və bir siyasi ifadə tərzi deyil.

Dövlətin siyasi nüfuzunun artması, sosial-iqtisadi inkişafdakı tərəqqi, regionun ən güclü və hərbi-nizami, təmin edilmiş ordusunun qurulmasında, torpaqların azad edilməsində göstərdiyi qətiyyət, əzmkarlıq, şücaət, sərkərdəlik məharəti və siyasi ustalığının nəticəsidir. 

İlham Əliyev Prezident seçkiləri elan olunmamışdan cəmi bir neçə ay əvvəl Azərbaycanın öz torpaqları üzərində de-yure olan yuridiksiyasını de-fakto olaraq təmin etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycan xalqı öz liderinə inanırdı və əmin idi ki, 2020-ci il Zəfəri tam olacaq. İlham Əliyev o sevinci 20 sentyabrda Azərbaycan xalqına bəxş etdi. Xankəndi xunta rejiminin işğalından azad edildi. Bununla da müstəqillik tariximizdə ilk dəfə olaraq, Azərbaycan bütün ərazilərində konstitusiya quruluşu və suverenliyimiz bərpa olundu. 

Qarabağda illərlə separatizmi alovlandıran, torpaqlarımızı hərbi cinayətlərlə işğal altında saxlayan, milli-mədəni abidələrimizi dağıdan, sərvətlərimizi talan edən xunta rejiminin cinayətkar rəhbərləri həbs edildi. Bu gün xunta rejiminin rəhbərləri olan Arayik Arutyunyan, Ruben Vardanyandan Bako Saakayana qədər hamısı həbs olunub və Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasındadırlar. Qarşıdan gələn 2025-ci ildə onlar Azərbaycan Respublikasının qanunları qarşısında cavab verəcək, məhkəməyə çıxarılacaqlar. 

Azərbaycan xalqı torpaqlarını 30 illik işğaldan azad edərək ona qaytaran, Qarabağ dərdini birdəfəlik həll edən liderini 2024-cü ilin fevarlında yenidən Prezident seçməklə, ZƏFƏR YOLUna davam etdi. 

Onu da xüsusi qeyd edək ki, müstəqillik tariximizdə seçki prosesi ilk dəfə bütün ölkə ərazisini əhatə etdi, seçki məntəqləri yaradıldı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də məhz Xankədidə yaradılan seçki məntəqəsində səs verdilər. Bu, Azərbaycanın seçki tarixində bir ilk oldu. 

Parlament seçkiləri

Başa vurduğumuz ildə Azərbaycanın siyasi həyatında yaddaqalan hadisələrdən biri Milli Məclisə VII çağırış növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. 2024-cü il sentyabrın 1-də keçirilən seçkilərdə 13 siyasi partiyadan və birtərəf qaydada namizədliyi irəli sürülmüş 900 nəfərdən çox namizəd millət vəkili olmaq uğrunda yarışdı. 

Yəni sonuncu parlament seçkilərindəki aktivlik bu prosesin geniş siyasi plüralizm şəraitində baş tutması ilə bağlıdır. Dövlət qeydiyyatına alınmış siyasi partiyaların seçkilərdə fəal rəqabət mühiti yaratması cəmiyyətdə seçkilərə marağın artmasında mühüm rol oynadı. Bütün bunlarla yanaşı, parlament seçkilərinin də ən mühüm tərəflərindən biri səsvermə prosesinin işğaldan azad edilmiş ərazilərdə keçirilməsindən ibarətdir.

1993-cü ildən sonra 30 il davam edən işğal və erməni separatizmi həmin ərazilərdə Azərbaycanın seçkili hakimiyyət orqanlarına seçkilərin keçirilməsi mümkün olmamışdı. Bu, 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasının növbədənkənar prezident seçkilərindən sonra baş tutan ikinci seçki oldu. Beləliklə, 2024-cü il sentyabrın 1-də Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında qanunverici orqana ilk dəfə seçkilər keçirildi. Bu, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və konstitusion hüquqlarının tam bərqərar olmasının növbəti göstəricisi idi.

2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin daha bir özəlliyi siyasi partiyaların seçkidə iştirakı ilə bağlıdır. Bu seçkilərdə ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i iştirak etdi. Onların hər biri üçün bərabər imkanlar yardıldı. Bununla da seçicilərə siyasi alternativlər təqdim edildi.

Növbədənkənar parlament seçkilərində 990 nəfər namizəd 125 yer uğrunda mübarizə aparırdı ki, bunların da 305 nəfəri 25 siyasi partiyanı təmsil edirdi. Seçkilərdə iştirak etməyəcəyini bəyan edən və seçiciləri boykota çağıran Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli bütün çağırışlarına baxmayaraq, bu seçkidə də növbəti dəfə siyasi iflasa uğradı. Seçicicilər seçkiyə böyük maraq göstərməklə, həm seçki prosesində, həm də səsvermədə aktivlik nümayiş etdirdilər. 

Seçkilərin yekun nəticələrinə görə, parlamentdə müxalifətdən 10 partiya 13 nəfərlə təmsil olunur. Seçkiyə qatılan 25 partiyanın hər biri dövlətdən “Siyasi partiyalar haqqında” 2023-cü ildə qəbul edilmiş Qanuna görə maliyyə dəstəyi alırlar. 

COP29: Dünyanın diqqətində olan ən böyük tədbir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un Azərbaycanda keçirilməsi xüsusi hadisə idi. Bu baxımdan, 2024-cü il Azərbaycanın diqqət mərkəzində olduğu illərdən biri kimi tarixdə qalacaq. 

Noyabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çox uğurla başa çatdı.  COP29-a Azərbaycanın ev sahibliyi ilə bağlı qərar qəbul ediləndən başlamış konfransın keçirilməsi ərəfəsində də bəzi beynəlxalq təşkilatlar və bir sıra dövlətlər səviyyəsində əks-təbliğat aparıldı. Hətta bir çoxları iqlim dəyişikliyi və onun qorunmasına həsr olunan beynəlxalq bir tədbirin petro-dövlətdə keçirilməsinə yol verilməməsi ilə bağlı çağırışlar da edirdilər.

İnsan hüquqları, söz və media azadlığı məsələləri onların ritorikasında əsl bəhanəyə çevrilsə də, bu çağırışların arxasında duran əsas məqamlar Azərbaycanın ərazi bütünlüyünə və xalqına qarşı törədilən cinayətlərdə iştirakları faktlarla sübut olunan erməni hərbi cinayətkarların azad edilməsi idi.

Lakin Prezident İlham Əliyevin qətiyyəti həmin xarici güclərin, onların muzdlu təşkilatlarının, Azərbaycanın daxilində müvafiq təlimat alanların bütün çağırış və səylərini boşa çıxardı. Konfransa 196 ölkədən 76 mindən çox iştirakçı qatıldı. Konfransın işində 80 Prezident, Vitse-prezident və Baş nazir iştirak etdi. 

Beləliklə, təşkil olunan əks-təbliğat kampaniyalarına və təzyiqlərə baxmayarq, Azərbaycan COP29-a layiqincə ev sahibliyi etdi. Konfransın yekunlarına və qəbul edilən qərarlar baxımından COP29 indiyə qədər keçirilən konfranslar tarixində ilk pillədə dayanır. COP29 iqlim konfransları tarixində dönüş nöqtələrindən biri sayılır və bu tədbir tarixdə öz layiqli yerini tutacaq. 

Konfransda illərlə müzakirə olunan məsələlər müsbət həllini tapdı. Bu, iqlim diplomatiyasında Azərbaycanın sədrliyi ilə qazanılan uğur deməkdir. Beləliklə, Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfə çatdı ki, bu da əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi deməkdir.

Eyni zamanda, BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntilərindən daha yüksək oldu. İnkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul edildi. 

Qəbul edilən qərarlar əhəmiyyətinə görə tarixi bir mərhələnin başlanğıcı deməkdir. 

Milli həmrəylik və siyasi birlik

Hər il olduğu kimi, 2024-cü ilin son günü Azərbaycan xalqının Milli Həmrəylik Günüdür. 

Lakin son illər Azərbaycanın ictimai-siyasi həyatında baş verən bir sıra hadisələr milli birliyi, siyasi həmrəyliyi təmin edən amilə çevrilib. Bu baxımdan, 2024-cü il Azərbaycanda xalq və dövlət mənafeyini briləşdirən əhəmiyyətli proseslərlə yadda qalıb. 

Qeyd etdiyimiz kimi, 2024-cü ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident və sentyabr ayının 1-də növbədənkənar parlament seçkilərində öz evlərinə qayıtmış keçmiş məcburi köçkünlərin fəal iştirakını, işğaldan azad edilmiş ərazilərdə dövlət hakimiyyətinin legitim strukturlarının və konstitusion əsaslarının bərqərar olmasını təmin etdi.

Milli birlik və siyasi həmrəylik həm də dövlət maraqlarının müdafiəsini tələb edən siyasi tendensiyadır. Yəni milli birlik siyasi həmrəyliyin olmasını şərtləndirən əsas amillərdən biridir. 

Ümummilli və dövlət məsələlərində siyasi ayrıseçkilik xalq-dövlət birliyini pozan amil kimi çıxış edir. Bu səbəbdən bəzi radikaların xarici qüvvələrin təsirlərinə düşərək təxribatçı çağırışları milli birliyimizi pozan hərəkətdir və buna qarşı Azərbaycan cəmiyyətində ictimai müqavimət artıq formalaşıb. Ona görə də həmin qüvvələr cəmiyyətin dəstəyini qazana bilmir və siyasi fəaliyyətləri bu gün dərnək səviyyəsindədir. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi millət və dövlət mənafeyini birləşdirən mühüm hadisə kimi tarixə düşdü. Lakin bu prosesi gözdən salmaq istəyən bəzi daxili qüvvələr xarici siyasi “oyunçu”ların əlində alətə çevrilərək, öz təxribatları, müəyyən antixalq və antidövlət çağırışları ilə milli birliyi və siyasi hmrəyliyi pozmağa cəhd edirdilər.

Lakin xalq-dövlət birliyi, siyasi qüvvələr arasında dialoq, əməkdaşlıq, yeni yaranmış və təməlləri qarşılıqlı etimad üzərində qurulan yeni konfiqurasiya, siyasi və ictimai dayaqlar güclü olduğundan, bütün “qara piar”lar nəticə vermədi. Əksinə, formalaşmış müqavimət xarici və daxili təzyiqləri tamamilə neytrallaşdıraraq, məğlub etdi. 

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması faciəvi hadisə olmaqla yanaşı, həm də milli həmrəyliyi təmin edən növbəti hadisə kimi müşahidə olundu. İctimai-siyasi qüvvələr eyni mövqedən çıxış etdi.

24 siyasi partiya baş vermiş faciədən siyasi maraqlar naminə istifadə edən radikal qüvvələrə və şəxslərə etiraz edərək, onların ictimai qınağa çəkilməli olduqlarına dair cəmiyyətə mühüm mesaj verdilər. 

Azərbaycan xalqının birlik və həmrəylik əzmini qırmaq mümkün deyil. Milli və dövlət mənafelərinin müdafiəsi, xalqın maraqlarının qorunması üçün xalq-dövlət birliyi öz sözünü deyir. Bu istiqamətdə ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin də üzərinə böyük vəzifə düşür. 2020-cildən etibarən Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların böyük əksəriyyəti bu vəzifəni şərəflə yerinə yetirir. Dövlətin və xalqın mənafeyi naminə birgə fəaliyyət göstərir, siyasi həmrəyliyin qorunub saxlanmasına öz töhfələrini verirlər. 

Təbii ki, bu birliyin pozulmasına çalışanlar da var. Lakin onlar cəmiyyətdən təcrid olunmaqda davam edir, sosial bazalarını və siyasi arenada öz yerlərini sürətlə itirirlər. Çünki Azərbaycan cəmiyyəti illərlə birlik və həmrəylik arzulayıb. Uzun müzakirələrdən, aparılan dialoqlardan sonra yaradılan, qarşılıqlı etimad mühiti hesabına nail olunan birliyi və həmrəyliyi qoruyub saxlamaqda maraqlı olan Azərbaycan cəmiyyəti onu pozmağa çalışanlara qarşı müqavimət göstərəcək. 

2025-də bizi gözləyən uğurlar...

Ötən ilin yekunları təhlil olunmaqla yanaşı, 2025-ci ildə Azərbaycanı müxtəlif sahələrdə əldə ediləcək nəticələr də proqnozlaşdırılır. 

2025-ci il Azərbaycan Prezidentinin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunub. 2025-ci ildə gözlənilən mühüm hadisələrdən biri də Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi olacaq. İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə yerli özünüidarəetmə orqanlarına da seçkilər keçiriləcək və hakimiyyətin konstitusion dayaqlarının bərqərar olması istiqamətində növbəti addım atılacaq. 

Bundan başqa, 2025-ci il Azərbaycan-Ermənistan sülh danışıqlarının yekunlaşması baxımından, faydalı olacağı ilə bağlı proqnozlar var. Yəni gələn il ən azı sülh prosesi ilə bağlı Çərçivə Sazişinin imzalanacağına ümidlər böyükdür. Əgər Ermənistan tərəfi sülh prosesinin tezliklə yekunlaşmasında maraqlı olacaqsa, Çərçivə Sazişinin imzalanması mümkündür. 

Bu isə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətlənməsi, işğal altındakı anklav kəndlərin azad edilməsi istiqamətində mühüm addım ola bilər. 

Eyni zamanda, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı müsbət dinamika da gözlənilir. Təbii ki, Cənubi Qafqazda baş verənlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gələcək inkişafı regiondakı geosiyasi proseslərin, o cümlədən dünyada baş verən müharibələrin perspektivindən çox asılı olacaq.

Həmrəylik Gününüz və Yeni iliniz mübarək!

Seçilən
72
50
cebheinfo.az

10Mənbələr