Portuqal mütəxəssis Serjio Konseysao “Milan”ın baş məşqçisi vəzifəsinə təyin edilməsi ilə bağlı açıqlama verib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən “Milan”a təyin edildiyim üçün fəxr edirəm. Biz dünyəvi futbol miqyasında böyük bir klubu təmsil etməliyik, bunun üçün əlimizdən gələni etməliyik. Vaxtımız azdır, amma bunun bir bəhanə olduğunu düşünmürəm. Mən istəyirəm ki, faktlar və nəticələr mənim adımdan danışsınlar. Qarşımızda çox iş var”, deyə Konseysao vurğulayıb.
Xatırladaq ki, Serjio Konseysao “rossoneri”nin sükanı arxasında həmvətəni, portuqal mütəxəssis Paulu Fonsekanı əvəzləyib.
Serjio Konseysaonun sonuncu iş yeri Portuqaliya nəhəngi “Portu” olub, cari ilin iyun ayında portuqal mütəxəssis “əjdahalar”dan ayrılıb.
Serjio Konseysao “Portu”nu 2017-ci ilin iyul ayından çalışdırırdı. Həmin vaxtdan Konseysaonun rəhbərliyi altında “əjdahalar” 377 oyuna çıxıblar, 272 qələbə qazanıblar, 50 heç-heçə ediblər, 55 oyunda məğlub olublar. Topların fərqi isə 822:327 nisbətindədir.
Serjio “Portu”ya 3 dəfə Portuqaliya Premyer Liqasını, 4 dəfə Portuqaliya Kubokunu, 1 dəfə Portuqaliya Liqa Kubokunu və 3 dəfə Potuqaliya Super Kubokunu qazandırıb.
Vurğulayaq ki, “Portu”ya gəldikdən sonra Konseysao klub tarixində ən çox mükafat qazanmış məşqçi və “əjdahalar”ın sükanı arxasında ən çox qələbə qazanmış mütəxəssis olub.
Serjio Konseysao “Portu”ya yad bir şəxs deyil. Serjio məhz “Portu”nun yetirməsidir və futbolçu karyerası ərzində “əjdahalar”ın heyətində püxtələşərək, Portuqaliya yığmasına yol tapıb. Konseysao Portuqaliya yığmasının heyətində 2000-ci il Avropa çempionatının qrup mərhələsi oyununda Avropa çempionu adını daşıyan Almaniya yığmasının qapısına vurduğu üç qolla məşhurlaşıb.
“Əjdahalar”ı portuqal mütəxəssisin rəhbərliyi aldında 2023/2024-cü illər mövsümü Portuqaliya Premyer Liqasını 72 xalla 3-cü pilədə bürünc mükafatçı olaraq başa vurublar.
50 yaşlı mütəxəssisin qarşısında “Milan”ı düşdüyü çətin vəziyyət qurtarmaq, avrokuboklarda iştirakını təmin etmək vəzifəsi qoyulub.
“Rossoneri”nin keçmiş baş məşqçisi, portuqal mütəxəssis Paulo Fonsekadan “miras” qalmış “Milan” 17 oyundan 27 xalla İtaliya A Seriyasının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.