AZ

Prezident: Qeyri-hökumət təşkilatlarımız, əlbəttə ki, bu işləri davam etdirməlidirlər

Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi.

QHT.AZ  xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

"Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir və siz də qeyd etdiniz, bizim televiziya kanalları o bölgələrdə olarkən, yerində o insanların vəziyyəti ilə tanış olarkən bir daha, o acı mənzərəni görür.

Sözün düzü, bəlkə on il bundan əvvəl heç mənim də bu bölgələrlə bağlı o qədər də çox xəbərim yox idi. Amma bu son qasırğa nəticəsində üzə çıxan məlumat məni bir daha, belə desək, dərindən sarsıtdı. Sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır. Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir.

Son illərə qədər bütün bunlar ört-basdır edilirdi. Heç kim bu barədə danışmırdı, heç kim o bölgələrin insanlarını heç yerə dəvət etmirdi. Orada haqlı etiraz başlayanda, görün, Fransa hansı qəddarlıqla bu etirazın qarşısını aldı, 13 nəfər həlak oldu, min nəfər həbs edildi. Onları oradan Fransanın əsas yerlərinə gətirdilər. Ona görə biz, əlbəttə, dövlət olaraq öz sözümüzü deyirik. Amma qeyri-hökumət təşkilatlarımız, əlbəttə ki, bu işləri davam etdirməlidirlər." -  deyə Prezident İlham Əliyev bildirib.

 

Seçilən
59
49
qht.az

10Mənbələr