AZ

Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, həqiqəti deyirik

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına  müsahibəsində növbəti hədəfimiz olan Qərbi Azərbaycana qayıdışdan bəhs edərək bildirdi ki, nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq

Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının mühüm reallıqlarından biri təbii ki, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Dövlətimizin başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həm də yanvarın 7-də ənənəvi  olaraq yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə görülən və görüləcək işlərdən geniş bəhs etdi. Yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb.  On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar.

Hədəflərə gəldikdə Prezident İlham Əliyev bildirdi ki, bu il üçün  planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Əsas infrastruktur layihələri, bir-iki ilə başa çatdırılacaq.  Ən çox vəsait bu layihələrin icrasına sərf olunur.  Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq bu torpaqlarda  30-dan çox su elektrik stansiyası işə salınıb,  dəmir yolları çəkilib. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Burada  həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstərilir. Burada  söhbət  yalnız maliyyə resurslarından getmir. Resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Bunun üçün  son illərdə kadr hazırlığına da böyük investisiyalar qoyuldu. Texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Bizdə çox ciddi texniki potensial, kadr potensialı, maliyyə resurslarımız  və güclü düşünülmüş siyasət var. Bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. Artıq bu torpaqlarda  iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.

«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki,  əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq, bütün bunlar  buranı doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevirəcək. Azad edilmiş ərazilərimiz  çox böyük coğrafiyadır: «Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq.» Dövlətimizin başçısı bu təcrübənin sonralar  ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyimizi bildirir. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Planlarımız bundan ibarətdir. Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Cənab İlham Əliyev bu çağırışı etdi: «Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.»

Sözügedən müsahibədə diqqət yönəldilən məsələlərdən biri Qərbi Azərbaycana qayıdış oldu. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası prioritet məsələyə çevrildi.  2022-ci ilin 24 dekabr tarixində cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu hədəfi açıqladı ki, biz Qərbi Azərbaycana qayıtmalıyıq. Buna əsas verən xalqın tarixi yaddaşıdır. Dövlətimizin başçısı bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr,  tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da  bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və  yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.

Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə biz bu məsələ ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl  bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və  tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi, bütün bunları biz o vaxt da elə görürdük. Çünki bu, haqlı istəyimiz idi. Hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi. Beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salındı.

Nəzərə alaq ki, indiki Ermənistan ərazisi, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün  deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxaq. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrinə nəzər salaq. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Cənab İlham Əliyev bildirdi: «Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi.»

Azərbaycan  XX əsrdə üç dəfə deportasiyaya məruz qaldı və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. Tarixi faktlar təsdiqləyir ki,  XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.

Sonrakı dövrdə ermənilər  azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib. Bu mühüm məqamı da qeyd edək ki,  Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

1905-1907, 1918-1920, 1948-1953- cü illərdə  Rusiya  imperiyasının havadarlığı ilə həyata keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Mixail  Qorbaçovun yenidənqurma və  aşkarlıq proseslərindən istifadə edən Ermənistanda görünməmiş  anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən  Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr,  qətllər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın  öldürülməsi ilə nəticələnən Qukark faciəsi,  Vardenis (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın  qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə  nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə  həyata keçirilən  soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti, ötən əsrin 80-ci illərinin sonlarında  daha da şiddətlənən və qanlı olaylarla müşayiət olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə Ermənistan dövlətinin  rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri  soyqırımları zamanı qətlə yetirilənlərin,  dağıdılan kəndlərin,  tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. 1988-ci ildə ortaya atılan qondarma   Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız  narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə  keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. Separatçı ermənilərin  Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq  bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı.   Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa- olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı  İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı  Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfər  Ermənistana və ona havadarlıq edən dövlətlərə  bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eyni zamanda, Qərbi Azərbaycana qayıdışımızı  daha da  yaxınlaşdırır və Azərbaycan xalqının nümayəndələri öz əlləri ilə qurduqları və əsrlərlə yaşadıqları İrəvana, indiki Ermənistan ərazisində olan digər tarixi yerlərə qayıtmaq imkanına malik olmalıdır və olacaqlar. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki,  bizim işimiz  tarix üzərində qurulmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki,  vaxt gəlib, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Bu çağırış da edildi ki, əlbəttə ki, Azərbaycan  bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki  bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz. Sadəcə  təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Bizim tələbimiz bundan ibarətdir. Gün gələcək  Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.

Prezident İlham Əliyev bu hədəfi  də açıqladı ki, yaxşı olardı  Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir: «Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq… azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.»

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
12
1
ikisahil.az

10Mənbələr