AZ

Prezident İlham Əliyev: "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır”.



Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına  müsahibəsində növbəti hədəfimiz olan Qərbi Azərbaycana qayıdışdan bəhs edərək bildirdi ki, nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq
Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının mühüm reallıqlarından biri təbii ki, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Dövlətimizin başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həm də yanvarın 7-də ənənəvi  olaraq yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə görülən və görüləcək işlərdən geniş bəhs etdi. Yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb.  On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar.
Hədəflərə gəldikdə Prezident İlham Əliyev bildirdi ki, bu il üçün  planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Əsas infrastruktur layihələri, bir-iki ilə başa çatdırılacaq.  
«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki,  əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq, bütün bunlar  buranı doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevirəcək. Azad edilmiş ərazilərimiz  çox böyük coğrafiyadır: «Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq.» Dövlətimizin başçısı bu təcrübənin sonralar  ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyimizi bildirir. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Planlarımız bundan ibarətdir. Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Cənab İlham Əliyev bu çağırışı etdi: «Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.»
Nəzərə alaq ki, indiki Ermənistan ərazisi, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün  deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxaq. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrinə nəzər salaq. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Cənab İlham Əliyev bildirdi: «Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi.»
2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı  Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfər  Ermənistana və ona havadarlıq edən dövlətlərə  bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eyni zamanda, Qərbi Azərbaycana qayıdışımızı  daha da  yaxınlaşdırır və Azərbaycan xalqının nümayəndələri öz əlləri ilə qurduqları və əsrlərlə yaşadıqları İrəvana, indiki Ermənistan ərazisində olan digər tarixi yerlərə qayıtmaq imkanına malik olmalıdır və olacaqlar. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki,  bizim işimiz  tarix üzərində qurulmalıdır.
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki,  vaxt gəlib, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Bu çağırış da edildi ki, əlbəttə ki, Azərbaycan  bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki  bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz. Sadəcə  təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Bizim tələbimiz bundan ibarətdir. Gün gələcək  Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Prezident İlham Əliyev bu hədəfi  də açıqladı ki, yaxşı olardı  Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir: «Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq… azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.»

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
1
1
aia.az

10Mənbələr