Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Edeb Erkan” jurnalının baş redaktoru, türk tayfaları və xalqlarının mədəniyyəti və dini etiqadlar haqqında çoxsaylı elmi əsərlərin müəllifi, professor Ahmet Taşğınla jurnalların akademik bazalara daxil edilməsi, beynəlxalq indeksli jurnallarda məqalələrin nəşr şərtləri ilə bağlı görüş keçirilib.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, görüşdə professor Ahmet Taşğın “Elmi jurnalların akademik bazalarda tanınması, məqalələrin bu kimi jurnallarda dərc olunması imkanları, “Edeb Erkan” jurnalının etik qaydaları və əhatə dairəsi” mövzusuna həsr olunmuş məruzəsini təqdim edib.
Professor A.Taşğın baş redaktoru olduğu “Edeb Erkan” jurnalı haqqında məlumat verərək bildirib ki, nəşrdə tədqiqatçılar tərəfindən elmi meyarlara uyğun olaraq türk və ingilis dillərində hazırlanmış orijinal tədqiqat işləri, tərcümələr və nəşr dəyərləndirilmələri (resenziya) dərc edilir. Jurnalın əsas istiqamətlərinə sosial elmlər – mədəniyyət, memarlıq, ədəbiyyat, din, sosiologiya, musiqi, tarix və fəlsəfə daxildir.
Daha əvvəl “Scopus” indeksli “Türk kültürü və Hacı Bektaş Veli araşdırmaları jurnalı”nın baş redaktoru olduğunu xatırladan alim deyib ki, hazırda “Edeb Erkan” jurnalının da “Scopus” bazasına daxil edilməsi üçün müraciət edilib.
Son zamanlar azərbaycanlı tədqiqatçıların adlarının akademik nəşrlərdə yer almasını müsbət hal kimi dəyərləndirən alim bu araşdırmaların sayının artırılmasının vacibliyinə diqqət çəkib. Daha sonra professor Ahmet Taşğın muzeyin tədqiqatçılarına öz praktik tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Sonda birgə jurnalın nəşri istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta