AZ

"Sabah" şəxsi intiriqalara niyə qurban verilir?

Hər şey ondan başladı ki, "Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına verdiyi müsahibədə Bakıya gəlməsindən, Azərbaycan klubunu çalışdırmağa necə razılıq verməsindən danışdı. Məlum oldu ki, Musayevin "Sabah”a baş məşqçi təyinatında klubun prezidenti Maqsud Adığözəlovun rolu olmayıb. Onu "Sabah”a Balaş Qasımov dəvət edib. Məhz onun dəvətindən sonra rusiyalı mütəxəssis "Sabah”la maraqlanmağa başlayıb, Bakıya səfər edib. Ondan sonra da tərəflər əl sıxışıb, "Sabah”ı işıqlı sabahlara çatdırmaq missiyasını Murad Musayev öz üzərinə götürüb.

İnsafən, heç də pis alınmırdı. "Sabah” ötən mövsüm Misli Premyer Liqasında yetərincə inamlı təsir bağışlayır, baxımlı futbol sərgiləyirdi. Çempionluğa real namizəd "Qarabağ” da, ölkənin ən köklü futbol klubu olmasıyla öyünən "Neftçi” də "Sabah”la oyunlarda çətinlik çəkirdi. "Sabah” üçün səfərdə, yaxud da evdə oynamaq fərq etmir, komanda qolları sıralayır, qələbələrinı qazanır, aktivinə xallar əlavə edirdi. Ta o zamana ki, klub prezidenti Murad Musayevin məlum müsahibəsinə "cavab atəşi” açıb, ona "yerini göstərməyə” çalışmayana qədər. Maqsud Adıgözəlov "Sabah”ın ən uğurlu dönəmində yerli mətbuata müsahibə verdi və təxminən belə bir fikir səsləndirdi: "Komandanın uğurlarının arxasında təkcə Murad Musayev dayanmır, qazandıqlarımız yalnız baş məşqçinin adıyla bağlı deyil”. Məhz Adıgözəlovun bu açıqlamasından sonra "Sabah”da eniş başladı.


Maqsud Adıgözəlov

Özü də necə?! Masazır təmsilçisi "Şamaxı”ya qarşı keçirdiyi oyunlarda büdrədi, "Turan Tovuz”a bata bilmədi. Bütün bunlar azmış kimi, ölkə kubokunda da "Səbail”i üstələmək mümkün olmadı və "Sabah” mükafatdan əlini üzdü. Bu, əsl sensasiya idi. Turnir cədvəlinin sonuncu pilləsində gedən "Səbail” "Qarabağ”la çempionluq uğrunda yarışan "Sabah”ı kubok mübarizəsindən kənarlaşdırdı. Çoxları bunun necə baş verdiyinə inana bilmirdi. Fakt faktlığında qalırdı ki, "Sabah” ölkə kuboku uğrunda gedən mübarizəni vaxtından xeyli əvvəl dayandırdı. Düzdür, sonradan vəziyyət bir qədər düzəldi və gümüş medalları qazanmaq mümkün oldu. Bu həm də o demək idi ki, "Sabah” Azərbaycanı avrokuboklarda təmsil etmək şansı qazanmışdı.

Latviya təmsilçisi RFS-lə oyunlar "Sabah” üçün uğrulu keçdi, təmsilçimiz hər iki oyunda rəqibini üstələdi. Elə Serbiyanın məşhur "Partizan”ı da Bakıda "Sabah”a boyun əydi. Özü də iki top fərqi ilə. Düşünmək olardı ki, "Sabah” bu əngəli də aşacaq, debütantı olduğu avrokuboklarda tarix yazmağa davam edəcək. Amma "bayquşlar” səfərdə iki topluq üstünlüyü əldən verdi, həm də penaltilər seriyasında. Hələ "Partizan”la oyun ərəfəsində komandanın düşərgəsində narazılıq yaşanmağa başladı, qəribə hadisələrə şahidlik etdik. "Sabah”ın ən məhsuldar və faydalı futbolçularından olan Con Mikels daha çox qazanmaq həvəsi ilə Səudiyyə Ərəbistanın ikinci dəstə təmsilçisinə yollandı. Təsəvvür etmək belə çətin idi ki, avrokuboklarda yarışan, Azərbaycanın ən zəngin və iddialı klublarından biri vacib sınaqlar ərəfəsində özünün əhəmiyyətli futbolçularından birini heyətdə saxlaya bilmədi. 


Con Mikels

Mikelsi saxlamaq olmazdımı? Ərəblərin legioner futbolçuya daha çox pul təklif etməsi heç də inandırıcı görünmür. Nə oldu, "bir vaqon legioneri” heyətində saxlayan "Sabah” Mikelsə daha yaxşı maaş təklif etməyə pul tapmadı? Hazırda "Sabah”ın heyətində 13 əcnəbi futbolçu var. Heç şübhə etməyə dəyməz ki, onların hər biri yüksək məvacib qarşılığında "Sabah”a gətirilib. Di gəl ki, həmin o 13 nəfərin meydanda hansısa faydalı iş gördüyünü görmək mümkün deyil. Təqdimatı xeyli gurultulu alınan İshak Belfodil "Araz Naxçıvan”la oyunda "fərqləndi”. Lakin onun vurduğu top "Sabah”ın yox, rəqibin aktivinə yazıldı. Çünki fransalı hücumçu qapıların yerini dəyişik salmış, topu öz qapısına göndərmişdi. Lüksemburqlu Vinsent Til hələ "Sabah”a hansısa fayda verməsiylə öyünə bilməz. Eləcə də niderlandlı Marqarita Jarl. Vəziyyət o qədər acınacaqlıdır ki, "Kəpəz”lə oyunda Murad Musayev rəhbərliyin tələbi ilə qapıçı Yusif İmanovu cəzalandırıb, onu ehtiyatda saxlamışdı. İmanovun yerinə "çərçivə”yə keçən çəlimsiz, heç xarici görünüşcə də qapıçıya bənzəməyən Rüstəm Samiqullin iki kobud səhvlə görüşün taleyini həll etdi. 



Sonradan məlum oldu ki, rəhbərliyə itaət etməyən ikinci qapıçı Nicat Mehbalıyev də əvəzedici heyətə göndərilibmiş, onu bu yolla cəzalandırıblarmış. Əvəzində "Sabah” üçün prinsipial oyun "çərçivə” adı heç Premyer Liqası üçün iştirak ərizəsində belə qeyd olunmayan təcrübəsiz qapıçıya tapşırılıb. Budurmu peşəkar klub idarəçiliyi? Komandanın qızıldan qiymətli xalları bu cür şəxsi prinsiplərə necə qurban verilib? "Kəpəz”lə oyundan sonrakı mətbuat konfransında Murad Musayev açıq dillə rəhbərliyi (oxu: Maqsud Adıgözəlovu) nişan vermişdi. Sitat: "Nicatın əvəzedici heyətə göndərilməsinin səbəbini rəhbərlikdən soruşun”. Konfrans salonunu tərk edərkən isə alçaq səslə üzünü şəxsən mənə tutaraq bunları dedi: "İndi hər şeyi Rüstəmin üzərinə atmaq asandır...”


Murad Musayev

Bəli, Murad bəy ürəyinin dərinliklərində üsyan edirdi. Ürəyindəki fırtınalar onu üsyana çağırır, amma peşəkar müqaviləsi onu susdurur. Görünən odur ki, bu gün "Sabah” şəxsi intiriqaların qurbanına çevrilib. Baş məşqçiylə klub prezidenti arasındakı "soyuq müharibə”nin nəticəsi turnir cədvəlində əks olunub. Azərbaycan çempionatında ilk dövrə başa çatdı. "Sabah”ın aktivində cəmi bir qələbə var. "Sabah” az qala "Qarabağ”ı üstələyən büdcəylə, iki komandaya yetəcək bahalı legionerlərlə turnir cədvəlinin 8-ci pilləsində yer alır. "Sumqayıt”la "Turan Tovuz” belə "Sabah”ı 4 xal üstələyir. İnanmaq çətin olsa da, acı reallıq budur. 

Günahkar kimdir? Maqsuz Adıgözəlov, yoxsa Murad Musayev? Səbəb nəticəni dəyişmir. O nəticə də çox acınacaqlıdır. Ölkənin ən zəngin klublarından biri şəxsi intiriqalara qurban verilir. 

Amal Abuşov
Seçilən
381
5
qaynarinfo.az

10Mənbələr