AZ

Anası həbsdə olan fəalın səhhətindən narahatdır

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Möhyəddin Orucovun səhhətində ciddi problem yarandığı bildirilir.

Anası Təranə Orucova AzadlıqRadiosuna deyib ki, 2023-cü ilin oktyabrında oğlu inzibati həbs olunarkən uzun müddət açıq havada saxlanıldığına görə böyrəklərində problem yaranıb: "İnzibati həbsdə olanda heç müayinə etməyiblər, sadəcə ağrıkəsici veriblər. Evə buraxılandan sonra müalicəsi gedirdi, amma növbəti dəfə həbs olunduğuna görə müalicə yarımçıq qaldı".

T.Orucova əlavə edib ki, hazırda problem daha da dərinləşib, oğlunun böyrəklərində şiddətli ağrılar var: "Saxlandığı 3 saylı İstintaq Təcridxanasında səhhətində problem olduğu barədə desə də, ona yalnız ağrıkəsici dərman verilir, müalicə müəssisəsinə köçürülmür. Bununla bağlı vəkil gedib yenə müraciət edəcək".

"Növbə ilə yatırlar"

Onun sözlərinə görə, oğlunun saxlandığı şərait də pisdir: "Dörd-beş nəfərlik otaqda əvvəl 18 nəfər saxlanılırdısa, son vaxtlar say daha da artıb, növbə ilə yatırlar. Bu da oğlumun səhhətinə daha da pis təsir göstərir".

Bu deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

M.Orucov 2023-cü il dekabrın 13-də həbs olunub. Onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Orucov CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

Ötən ilin oktyabrında Orucov "polisə tabe olmama" ittihamı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi. 

O, həmin vaxt bildirib ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub.

Rəsmilər ölkədə sifarişli siyasi həbslərin olması ilə bağlı deyilənləri inkar edirlər.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. 

Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. 

O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə ictimai fəala CM-in 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.

Avqustun 4-də "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə həmin qurumun üzvü Ayxan İsrafilov tutulub.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. 

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

Seçilən
182
50
arqument.az

10Mənbələr