AZ

Azərbaycanın SÜLH TƏŞƏBBÜSÜ...

Bakı COP29 günlərində Rusiya-Ukrayna müharibəsinə ara verilməsi üçün ciddi əmək sərf edir

Məhəmməd Əsədullazadə: "Azərbaycanla Avropa İttifaqı arasında siyasi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi Qərbdən gələn təzyiqləri normallaşdıracaq"

Elxan Şahinoğlu: "COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq"

Elxan Şükürlü: "İlham Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür, yetər ki, Qərbin alətinə çevrilməyəsən!"

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərdə "Observer" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər. Belə ki, "Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək" deyən Hikmət Hacıyevin sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə, sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülh gündəmini irəli aparmaq üçün çalışırıq: "İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər. Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir".

"Gələn ildən isə Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa edilməsi gözlənilir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirməklə yanaşı, məhz Avropanın siyasi və iqtisadi cəhətdən nəhəng ölkələr ilə münasibətlərin inkişafının Fransanın Azərbaycana qarşı siyasətini fiaskoya uğratdığını da deyib: "Azərbaycan Avropanın siyasi və iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ikitərəfli siyasi əlaqələri inkişaf etdirməklə müəyyən siyasi təzyiqləri neytrallaşdırır. Xüsusilə, Almaniya ilə son aylarda əlaqələrdə dinamika var və rəsmi Berlində bu əməkdaşlıqdan məmnun görünür. Həmçinin, İtaliya və Böyük Britaniya ilə Azərbaycan münasibətlər yüksək səviyyədədir. Almaniya ilə əlaqələr də bu müstəviyə qaldırılır. Qeyd edim ki, məhz Avropanın siyasi və iqtisadi cəhətdən nəhəng ölkələr ilə münasibətlərin inkişafı Fransanın Azərbaycana qarşı siyasətini fiaskoya uğradır". Politoloq əlavə edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına Avropanın hökumət və dövlət başçıları dəvət ediləcək: "Ümumiyyətlə, Azərbaycana qarşı Qərbdən gələn təzyiqlər normallaşacaq. Gələn ildən isə Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa edilməsi gözlənilir".

"Müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr, bu, Bakıda keçirilən konfransın əhəmiyyətini artırar"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə prezidentin köməkçisi Hikmət Hacıyevin atəşkəs, eləcə də sülhlə bağlı fikirlərinə münasibət bildirərkən, qeyd edib ki, əgər müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr, bu, hamı üçün faydalı olar: "Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması təklifinin müzakirə edildiyini bildirib. Adətən, olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib. Müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr, bu, hamı üçün faydalı olar. Digər tərəfdən, bu, Bakıda keçirilən konfransın əhəmiyyətini artırar, diqqət iqlim böhranı, ərzaq və su çatışmazlığı kimi problemlərin müzakirəsinə yönələr".

Politoloq hesab edir ki, burada söhbət əsasən Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsinə ara verilməsindən gedir: "Birinci müharibə iki ildən çoxdur davam edir və toqquşmaların bu il də davam etməsi ehtimalı yüksəkdir. İsrail Qəzzada apardığı müharibənin isə noyabr ayında qədər bitməsi ehtimalı az da olsa var. Deməli, əsas müzakirə Moskva və Kiyevlə getməlidir ki, noyabr ayında iqlim dəyişikliyi ilə bağlı konfrans günlərində müharibəyə ara versinlər. Ukrayna prezidenti Volodimir Zelenskinin noyabr ayında Bakıdakı konfransda iştirakı mümkündür. Zelenskinin Bakıya gəlişi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Ancaq əgər Volodimir Zelenski Bakıda olacaqsa, Kiyev Bakının çağırışına uyğun müharibəyə bir müddət ara verə bilər. Kreml Bakının təklifini qəbul edəcəkmi? Bunu söyləmək çətindir, çünki Rusiya hücumu genişləndirməyə və işğal ərazisini böyütməyə çalışır. Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Çində yay olimpiya günlərinə təsadüf etmişdi. Yəni, olimpiada müharibəyə mane olmadı. Bakıda konfrans günlərində müharibələr dayandırılmasa belə, tədbirə qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq".

"Gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq: "Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir, bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi sülh sazişinin mətniylə bağlıdır. Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edirlər. İkinci istiqamət isə Xarici İşlər Nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir. Önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir. Qazaxıstan vasitəçi deyil, Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki baş nazirlərin müavinlərindən fərqli olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək".

"Böyük ehtimalla, Paşinyanın 8 mayda Rusiyaya səfərindən və Putinlə görüşündən sonra Ermənistan da Avropa İttifaqı və NATO-ya inteqrasiya arzularına yenidən baxmalı olacaq"

Politoloq Elxan Şükürlü isə bildirib ki, Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır: "Onun 44 günlük Vətən Savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi “3+3” formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, artıq bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır. Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan Əliyevin Rusiya prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri və həm də bu münasibətlər hesabına ölkəsinin əsas problemini həll edə bilməsi qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib və yeni hərəkatlara təkan verib. Baxın, son günlər Gürcüstanda yaşanan hadisələr zamanı bu ölkənin əsas siyasi gücünün -“Gürcü Arzusu – Demokrtik Gürcüstan” partiyasının qurucusu, keçmiş baş nazir Bidzina İvanişvili artıq kölgədən çıxaraq, yenidən aktiv siyasətə dönüb və 29 apreldə qatıldığı mitinqdə açıq şəkildə Qərbi ittiham edib. İvanişvili 2008-ci ildə Gürcüstan, 2014 və 2022-ci ildə isə Ukraynada torpaqların işğalıyla nəticələnən hadisələrin məsuliyyətini birbaşa Qərbin üzərinə yıxaraq, onları hər iki ölkənin Rusiya ilə münasibətlərini qəsdən korlamaqda suçlayıb. Missiyasının hələ sona çatmadığını, Gürcüstanın tam suverenliyini əldə edənədək mübarizə aparacağını xüsusi vurğulayan İvanişvili onu da bildirib ki, Qərbin Gürcüstan üzərindən Rusiya əleyhinə ikinci cəbhə açmaq planları mövcuddur və onlar öz agentlərini Gürcüstanda yenidən hakimiyyətə qaytara bilsələr, buna nail olacaqlar".

Politoloqun fikrincə, görünən odur ki, bu ilin 26 oktyabrında parlament seçkiləri keçirməyə hazırlaşan Gürcüstanda, 20 oktyabrında Avropa İitifaqına üzvlüklə bağlı referendum keçirməyi nəzərdə tutan Moldovada, eləcə də 5 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinədək Ukraynada Qərb-Rusiya qarşıdurması həlledici olacaq: "Çox böyük ehtimalla, Paşinyanın 8 mayda Rusiyaya səfərindən və Putinlə görüşündən sonra Ermənistan da Avropa İttifaqı və NATO-ya inteqrasiya arzularına yenidən baxmalı olacaq və Azərbaycanın təkliflərini qəbul etmək istiqamətində daha real addımlar atacaq. İlham Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür. Yetər ki, Qərbin əlində Rusiyanı zəiflətmək alətinə çevrilməyəsən!"

Vazeh BƏHRAMOĞLU

Seçilən
221
20
hurriyyet.az

10Mənbələr