AZ

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

Cənubi Qafqazın “silkələnməsinin” arxasında hələ də regionun alovlanmasını istəyən, başqa bölgələrə sıçrayacaq yanğını körükləməyə çalışan Qərb dayanır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov deyib.

“Çoxdan bəllidir ki, Qərbin məqsədi regionda sülhün bərqərar olması deyil, Rusiyanı oradan qovmaq və Cənubi Qafqaz dövlətləri ilə dalaşdırmaq istəyidir. Gürcüstanda gördüklərimizə gəlincə, bu ölkədəki vəziyyət həyəcan doğurmaya bilməz. Qərbin Tiflis hakimiyyətinə qarşı həyasız, açıq aqressiyası, daxili işlərə birbaşa müdaxiləsi o yerə çatıb ki, bir sıra Qərb dövlətlərinin XİN rəhbərləri müxalifətin mitinqində çıxış edib, onu dəstəkləyiblər. Bu etirazların təşkilində məlum sxemlər hazırlanır, külli miqdarda vəsait yatırılır. Bütün bunlar Gürcüstanı Rusiyaya qarşı qoymaq məqsədi daşıyır”, - o bildirib.

Klaçkovun sözlərinə görə, Ermənistan bu gün öz milli maraqlarına xəyanət yoluna qədəm qoyub:

“Baxın, Ermənistanda da bu gün yeni etiraz dalğasının şahidi oluruq. Amma Qərb bu məsələdə susur. Bunun cavabı isə budur ki, indiki baş nazir onun himayəsindədir. Qərb xalqları və dövlətçiliyi, Cənubi Qafqaz xalqlarının və ölkələrinin gələcəyini ocağa atmağa çalışır. Məqsədləri onlardan istehlak materialı, öz geosiyasi maraqlarına nail olmaq üçün vasitə kimi istifadə etmək, Cənubi Qafqazda möhkəmlənmək, orada öz rejimlərini qurmaqdır. Gələcəkdə bu və ya digər Cənubi Qfaqaz dövlətinin mövcud olub-olmaması onları həqiqətən maraqlandırmır. Gürcüstan yanır, Ermənistan yanır. Azərbaycan isə bu gün Cənubi Qafqazda sabitliyin qalasıdır. Bu isə Qərbin regionu öz təsiri altına almasını çox çətinləşdirir. Azərbaycanın beynəlxalq statusu sıçrayışlarla artır. Azərbaycan Prezidenti Əliyev öz sözünün adamı olduğunu sübut etdi və bu gün dünyada Bakıya böyük inam var. İlham Əliyevin qurduğu siyasi, təhlükəsizlik sistemi, xarici siyasət effektivdir, həm xarici, həm də daxili burulğanlara davamlıdır. Təbii ki, Rusiya da Cənubi Qafqaza təzyiqlərə müqavimət göstərir. Əliyevin də bu yaxınlarda qeyd etdiyi kimi, Moskva ilə Cənubi Qafqazda qarşılıqlı fəaliyyət sabitlik və təhlükəsizlik amilidir. Azərbaycanın regionun ən qüdrətli dövləti kimi bu və ya digər dərəcədə konstruktiv prosesləri təşviq etmək və bunda maraqlı olan tərəfdaşlarla birlikdə Cənubi Qafqazda xaos səpmək cəhdlərinə qarşı durmaq üçün bu imtiyazdan yararlanmaq imkanı var”.

Seçilən
367
20
axar.az

10Mənbələr