AZ

“Məni sönməyə qoymayın!” – Gözündən əməliyyat olunan aktyor İMDAD GÖZLƏYİR

“55 illiyimi hələ gələn il qeyd edəcəyəm. Səhnədə deyiləsi çox sözüm var. Mənim də sənətimi sevən insanlar var. Məni sönməyə qoymasınlar! Heç olmasa kor qalmayım. Nə qədər ömrüm varsa, ailəmlə xoşbəxt yaşayım”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru Elşad Məmmədov KONKRET.az-a ünvanladığı müraciətində belə deyib. Aktyor gözündə aparılan əməliyyatdan sonra üzləşdiyi problemləri dilə gətirib.

Bildirib ki, ötən il Mərkəzi Neftçilər Xəstəxanasında həkim Elşən İbrahimov tərəfindən gözləri əməliyyat olunub. Və bundan sonra görmə qabiliyyətini demək olar ki, tamamilə itirib:

“Mən 1980-ci illərdən peşəkar teatr sahəsində çalışıram. Sənət müəllimim Lütfi Məmmədbəyov olub. Allah ona rəhmət eləsin. Məni Milli Dram Teatrına aparıb. Oradan əsgər getmişəm. Əsgərlikdən qayıdandan sonra isə Opera və Balet Teatrında səhnə maşinisti işləmişəm. Və buradan da tamaşalara çıxmışam. Bir çox rollarda və filmlərdə oynamışam. Amma hazırda həkim səriştəsizliyi ucbatından hər şeydən məhrum olmuşam.

Deməli, mən keçən il Neftçilər Xəstəxanasında iki gözümdən əməliyyat olunmuşam. Əməliyyatdan qabaq həkim mənə dedi ki, bir gözümdə toyuq korluğu var. Mən isə mirvari suyuna görə müraciət etmişdim. Gözüm də yaxşı görürdü. Həkim sentyabr ayında əvvəlcə bir gözümü, noyabrda isə ikinci gözümü əməliyyat elədi. İkinci gözümün əməliyyatından sonra sol gözüm daha da zəifləməyə başladı, görməm 3 faizə endi. Əməliyyatdan sonra sağ gözüm də 30 faiz görür. 30 faiz də heç nədir, halbuki əvvəl bundan yaxşı görürdüm. Həkimə dedim ki, əməliyyatdan sonra sol gözüm pisləşib. Sol gözün zəifləməsi də sağ gözə dəlalət edir”.

Aktyor qeyd edir ki, əməliyyatdan sonra oftalmoloq Elşən İbrahovun yanına gedib, həkim isə ona gözündə toyuq korluğu olduğunu deyib:

“Mən də dedim ki, əgər məndə toyuq korluğu var idisə, gözümə əl dəymək olmazdı. Sən əl dəydin, o da oyandı. İndi mən neyləməliyəm? Mənə dedi ki, bunun heç yerdə müalicəsi yoxdur”.

Həmsöhbətimizin sözlərinə görə, əməliyyatdan sonra başqa klinikalara da üz tutub və ona ancaq Gürcüstan, Rusiya və İtaliyada müalicə oluna biləcəyini deyiblər:

“Yaxın qohumlarımızın Gürcüstanda göz klinikası var, klinika ilə əlaqə saxladıq. Məni may ayında Gürcüstana dəvət etdilər. Amma gedə bilmədim. Çünki müalicəmə 14500 (on dörd min beş yüz) dollar lazım idi. Yolpulunu demirəm hələ. Sərhədlər də açıq deyil. Bununla bağlı bir çox rəhbər işçilərə müraciət etdim, məktub yazdım, amma kömək edən olmadı”.

Oftalmoloq Elşən İbrahimovun məsələyə münasibətinə gəlincə, həkim mövqeyini belə açıqlayıb:

“Xəstə bizə azgörmə şikayəti ilə müraciət edib. Müayinə əsnasında xəstəyə mirvari suyu və piqmentoza dediyimiz toyuq korluğu diaqnozu qoyulub. Toyuq korluğu da katarakta əmələ gətirir. Katarakta əmələ gəldiyi üçün də o, ortadan götürülüb ki, görmədə müəyyən fərq yaransın. Özünə də dəfələrlə izah eləmişik ki, əməliyyat olunmasa, katarakta çoxaldıqca, görmə keyfiyyəti daha da azalacaq. Bildirmişik ki, hazırda görmə pozuqluğunun katarakta, yəni mirvari suyu pozma faizi nə qədərdirsə, o bərpa olunacaq. Amma geridə qalan toyuq korluğuna pozulmuş hissəsi bərpa olunmayacaq.

Xəstə də bildirib ki, müəyyən yerlərdə müayinə olunub və bütün bunlardan məlumatlıdır. Əlavə olaraq deyib ki, xəstəliyi yeni deyil, gənc yaşlarından başlayıb.

Yəni göz dibində toyuq korluğu olduğunu və əməliyyatdan sonra böyük fərq yaranmayacağını əvvəldən izah etmişik. Təbii ki, özünün razılığı ilə əməliyyat olunub və cərrahi əməliyyatla bağlı heç bir problem də yoxdur. Problem sadəcə göz dibində olan toyuq korluğu, yəni piqmentoza dediyimiz xəstəlikdir. Bunun da hazırda dünyada müalicəsi yoxdur.

Xəstə əməliyyatdan sonra görməsinin dəyişdiyini özü də etiraf etmişdi. Əməliyyatın gedişində bir sıxıntı olmayıb yəni.

Sonradan təkrar gələndə isə narazılıq elədi. Bu da təbiidir. İnsandır, gözlədiyi nəticəni görmədiyi üçün belə narahatlıq keçirir”.

Toyuq korluğu xəstəliyinin dünyanın digər ölkələrində müalicə edildiyi ilə bağlı aktyorun iddialarına isə E.İbrahimov belə aydınlıq gətirib: “Bu xəstəliyi kök hüceyrə üstündə əməliyyat etməklə aradan qaldırmaq mümkündür. O isə bizdə yoxdur. Türkiyədə və digər Avropa ölkələrində var. Sadəcə maliyyəsi çox bahadır. Dünyada heç bir sığorta tərəfindən də qarşılanmır. Ancaq maddi durumu yüksək olanlar etdirə bilir. Bizim pulla təxminən 200 min manata başa gələn bir əməliyyatdır. Və onun yüzdəyüz fayda verəcəyinə təminat da yoxdur. Elşad Məmmədova 14.500 dollara müalicə ediləcəyi deyilib. Düşünürəm ki, özəl sektorda fəaliyyət göstərən tibb müəssisələri maddiyyata görə belə deyiblər. Bu da təbii ki, xəstənin öz seçimidir”.

Deyilənlərə rəğmən, hazırda çətin durumda olan aktyor saytımız vasitəsilə xeyirxah insanlara üz tutaraq onlardan maddi dəstək göstərmələrini xahiş edir: “Yardım üçün sosial verilişlərə çıxmaq istəyirəm, amma proqramlara buraxmırlar. Dəfələrlə Zaurun, Elgizin, Lalə Azərtaşın prodüserlərinə zənd eləmişəm. Amma hamısından eyni cavabı almışam. Mənə deyirlər ki, sənin üçün kampaniya başlada bilmərik. Niyə? Nə üçün? Axı 14500 dollar bir sənət adamının həyatını xilas etmək üçün nə böyük puldur?

Mən 55 illiyimi hələ gələn il qeyd edəcəyəm. Səhnədə deyiləsi çox sözüm var, oynayası çox rolum var. Arzum var ki, gələcəkdə “Məşədi İbad”ı oynayım. Amma bir çox problemlər mənə imkan vermir.

Hər dəfə qızımın əlindən tutub xahiş edirəm ki, məni ora-bura aparsın. Axı mən də sərbəst gəzmək istəyirəm. Nə vaxta qədər əziyyət çəkəcəyəm?!

Üzümü xalqımıza, mədəniyyətimizə, incəsənətimizə qiymət verən insanlarımıza, nazirliyimizə, teatr kollektivimizə, sənət dostlarıma tuturam. Mənim də sənətimi sevən insanlar var. Məni sönməyə qoymasınlar. Heç olmasa kor qalmayım. Nə qədər ömrüm varsa, ailəmlə xoşbəxt yaşayım”.

Qeyd edək ki, Elşad Məmmədov sağlıq durumu ilə əlaqədar olaraq hazırda teatr səhnələrində fəaliyyət göstərə bilmir. Və Bakının istirahət parklarından birində məhdud vaxtlarda klounluq etməklə ailəsini dolandırır.

Ümid edirik ki, qocaman aktyorun səsi aidiyyəti qurumlar və xeyirxah insanlar tərəfindən eşidiləcək və onun mümkün müalicəsi üçün dəstək göstərənlər tapılacaq.

Sevinc Paşayeva,

KONKRET.az

Seçilən
464
50
konkret.az

10Mənbələr