İkinci dəfə minaya düşərək həyatını itirən Yaquar Hadıyevdən ailəsinə qalan xatirə əşyalarıdır. Həyat yoldaşı Şəfiqə Bayramova deyir ki, Yaquar Hadıyev oktyabr 6-da Suqovuşan ərazisində qonşusuyla əkin sahəsinə baxmağa gedərkən minaya düşüb.Həyat yoldaşı Şəfiqə Bayramova Yaquar Hadıyevə şəhidlik statusu verilməsini tələb edir:“Həyat yoldaşım minanın qurbanı olub. Ən azından onu nəzərə alsınlar. Mənə köməklik etsinlər. Yoldaşıma mülki şəhidlik versinlər. Bununla ikinci dəfədir ki, o mina qurbanı olub. Birinci dəfə ayağını itirdi, ikinci dəfə həyatını. Və 3 dənə oğlu var geridə. Gələcəyin əsgəridirlər, həm də körpədirlər. Birinin 5, birinin 3, birinin də 1 yaşı var. Mən onları necə saxlayaram? Necə saxlayım, yetiməm.’’Yaquar Hadıyev bu ilin martında da Tərtərdə qoyun otararkən minaya düşüb ayağını itirmişdi. Şəfiqə Bayramova deyir ki, həyat yoldaşının minaya düşdüyü ərazilərdə məlumat lövhəsi olmayıb. Yaquarın ölümündən sonra onun çəkdiyi videogörüntü ortaya çıxıb. Görüntüdə polis əməkdaşlarının Suqovuşan ərazisində dəmir tullantıları yığmağa çalışdığı görünür. Baş Prokurorluğun yaydığı məlumatda isə Yaquarın dəmir tullantıları toplayarkən minaya düşdüyü qeyd olunur.Şəfiqə Bayramova 3-cü qrup əlilliyi olan yoldaşının dəmir toplamağının mümkün olmadığını deyir:’’Mənim yoldaşım bir dəfə minaya düşmüşdü. 3-cü qrup əlil idi, ayağının biri yox idi. Protezi qoyduğu hardasa bir aydır, ay yarımdır. Yəni tam yeriyə bilməyən adam necə dəmir yığa bilər? O əlində heç bir kiloqram ayın-oyun gətirə bilmirdi.’’Hüquq-mühafizə orqanları minalı ərazilərdə mülki əhalinin təhlükəsizliyini niyə qoruya bilmir?Daxili İşlər Nazirliyi dəmir tullantıların yığılması ilə bağlı iddiaların əsassız olduğunu və minadan təmizlənməmiş ərazilərdə daxili qoşunların və hərbçilərin fasiləsiz olaraq təhlükəsizliyi qoruduğunu deyir.Şəfiqə Bayramova deyir ki, Yaquarı dəfn edəndən sonra yenidən övladı olacağını öyrənib. Heç bir gəliri olmayan Şəfiqə Bayramova 4 uşağını necə böyüdəcəyini bilmir.’’Bizim uşağımız bir az gec olub. İki ildən sonra olub. Onların hər gəlişi bizi çox sevindirib. Mənim qardaşım yoxdur, birdənəyəm. Yoldaşım da bacısını tez itirib, bir qardaşı var. Deyirdi ki, qoy uşaqlarımız çox olsun. Bir-birləriylə qaynayıb-qarışsınlar. Onlar nəslimin davamçılarıdır. Sevinirdik, amma bu hamiləliyimi eşidəndə heç sevinmədim. Necə böyüdərəm? Necə böyüdəcəm atasız, atasının xəbəri yox. Mənim balalarım bu dəqiqə atasını istəyir. Gecə durub deyirlər atamız hanı? Heç nə deyə bilmirəm. Mən də oturub onlarla bərabər ağlayıram. Nə edim? Allaha yalvarıram ki, yoldaşım yuxuma gəlsin. Heç olmasa bir kəlmə onunla söhbət edim. Gəlmir’’.Şəhidlik statusu almaq üçün Tərtər rayon İcra Hakimiyyətinə müraciət edən Şəfiqə Bayramovaya isə arayış verilməyib.Tərtər rayon İcra Hakimiyyətinin Meydan TV-yə verdiyi məlumata görə, iş prokurorluqda araşdırılır. Nazirlər Kabinetinin qərarına görə, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunur.Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra minaya düşənlərin sayı 330-a çatıb.Yaquarı itirəndən həyat yoldaşı onun köynəyini geyinir. Paltarlarından qoxusunu alanda öldüyünə inanmaq asan olmur. //meydanTV//
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta