AZ

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlərin ifadələri elan olunub - YENİLƏNİB-2

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri elan olunub.

Məhkəməyə gələ bilməyən Elmira Mehraliyeva istintaqa ifadəsində qeyd edib ki, hadisələr baş verəndə Meşəli sakini Novruzun evinə yığışıblar. Zərərçəkmişin sözlərinə görə, o, Meşəlidə xəsarət alıb və Ağdamnda xəstəxanada müalicə alıb.

Zərərçəkmiş deyib ki, 1997-ci ildən əlil kimi təqaüd alır.

Daha sonra Vaqif Xaçatryan dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun suallarını cavablandırıb.

O, hadisələr baş verən zamanı kənddə olmadığını deyib: “Sadəcə, Badara kəndində danışırdılar ki, Müşəlidə iki nəfər ölüb. Onlar Əvəz və arvadı idi. Kim hücumlarda iştirak edibsə, Allah onların canını alacaq. Onsuz bir çoxu orada öldü, bəziləri də 2020-ci ildə üçtərəfli bəyanatdan sonra kənddən qaçıb getdilər. Badara kəndindən 220 nəfər 2020-ci ildə çıxaraq getdi və geri qayıtmadı".

V. Xaçatryan həmçinin "Meşəli hadisələrində kimin əli var, Allah bəlasını verib, çoxu ölüb", deyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

***

12.05

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadə vermələri ilə davam edir.

Prosesdə elan olunub ki, Meşəli hadisələrində zərərçəkənlərdən biri, hazırda 90 yaşı olan Firuzə Mehraliyeva məhkəməyə teleqram göndərərək yataq xəstəsi olduğunu, bu səbəbdən məhkəməyə gələ bilmədiyini bildirib.

Onun istintaqda verdiyi ifadə məhkəmədə elan olunub.

Firuzə Mehralıyeva istintaqda ifadəsində deyib ki, ermənilər kəndə səhər saatlarında hücum ediblər: “Evimizi, pəncərələri qırdılar, evi gülləyə tutdular. Ailə üzvlərimlə birlikdə döşəmənin altında gizlənmişdik. Ermənilər evimizin qapısını açdılar. Silahı mənə tuşlamışdılar. Məni silahla vuraraq xəsarətlər yetirdilər. Bizi evimizə gələn polislər onların əlindən ala bildi. İki polis də yaralandılar. Birinin adı Elçin idi, digərinin adı yadımda deyil. Həmin günü Tofiq Hüseynovun dəstəsi gəlib bizi oradan çıxardılar. Tofiqin dəstəsi erməniləri kənddən çıxardı. Ermənilər Allahverdi Novruzovu, onun ailə üzvlərini də öldürdülər. Oğlunu isə girov götürdülər. Sonradan onu girovluqdan azad elədilər. Bizə hücum edən ermənilərdən birinin qulağında sırğa vardı, qalanları hamısını kaskalı idi".

Zərərçəkən Elnarə Babayevanın himayəsində iki azyaşlı olduğu və Qəbələ şəhərində yaşaması səbəbindən məhkəməyə gələ bilməyəcəyi ilə bağlı teleqram göndərdiyi də qeyd olunub. Onun da ifadəsi elab edilib.

Elnarə Babayeva istintaqda verdiyi ifadəsində deyib ki, Meşəli kəndinin işğalı zamanı 10 yaşı olub: "1988-ci ildən ermənilərinin azərbaycanlılara qarşı aqressiv münasibətini xatırlayıram. Bu barədə valideynlərim də danışırdı. Meşəli kəndinin erməni kəndlərinə yaxın olduğundan silahlı hücumları olurdu. Bu səbəbdən kəndin camaatı müdafiə dəstləri yaranmışdı. Milli Ordu və polis könüllüləri də bizim kəndin müdafiəsi ilə bağlı posta çıxırdılar. Hadisə günü isə səhər 7 radələrində kəndə hücum oldu. Qonşumuz Novruzun evini yandırdılar. Həmin vaxt Novruz və ailə üzvləri, orada olan hərbçi Hidayət həmin evdə şəhid oldular. Ermənilər hər tərəfdən hücum edirdilər. Bibimlə mən xəsarətlər aldıq. Novruz dayının qızı isə ermənilər tərəfindən öldürüldü. Qaçıb evə girib, üstümüzə yorğan atmışdıq ki, güllələr bizə dəyməsin. Elmira bibimlə qaçmağa çalışdıq. Bibim yarıyolda qaldı, mən isə qaçıb oradan çıxa bildim. Yolda erməni silahlısı bizim qarşımıza çıxdı. Yanımızda olan Mətləb dayını güllə ilə vurub öldürdülər.

Badara kəndindən olan ermənilər İsmayıl adlı oğlanı və bəzilərini gözümün qarşısında güllələyərək qətlə yetirdilər. Biz qaçaraq çayı keçəndə ayağım buza düşdü, xəsarət aldım. Qarağat kəndi istiqamətinə çıxdıq. Atam Çərkəz gəlib bizi tapdı. Sonra bizi təxliyə etdilər, səhəri helikopeterlə Ağdama apardılar. Atam bibimin dalınca kəndə qayıtdı, onu yaralı halda gətirib çıxartdı. Sonradan mən bildin ki, kəndimizdən 28 nəfər öldürülüb".

Proses davam edir.

***

11.32

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək.

***

09.08

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bugünkü məhkəmə prosesində zərərçəkən və zərərçəkənlərin hüquqi varislərinin dindirilməsi davam edəcək.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Seçilən
461
50
apa.az

10Mənbələr