ABŞ hakimiyyəti İsrailin siyasi və hərbi rəhbərliyinə xəbərdarlıq edib ki, onların hərəkətləri Livanın şiə “Hizbullah” hərəkatının Təl-Əvivlə hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər.
Editor.az bu barədə “The Times of Israel”ə istinadən xəbər verir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton İsrail hakimiyyətini “Hizbullah”a zərbə endirərkən diqqətli olmağa çağırıb. “Hizbullah”ın mövqelərinin atəşə tutulması şiə hərəkatının rəhbərliyinin İsrailə açıq müharibə elan etməsinə səbəb ola bilər.
“ABŞ prezidenti Co Baydenin administrasiyası özəl olaraq İsraili “Hizbullah”a qarşı hərbi kampaniya başlatmamağa çağırır”, – nəşrin həmsöhbətləri izah ediblər. Bundan əlavə, Amerika hakimiyyətinə yaxın mənbələr vurğulayırlar ki, “Hizbullah” fəal şəkildə hərbi əməliyyatlarda iştirak edərsə, bu, Yaxın Şərqdə “qlobal müharibənin” başlanmasına səbəb ola bilər.
Bir müddət əvvəl Amerikanın “Axios” nəşri mənbələrə istinadən yazıb ki, Livan “Hizbullah”ı İsrailə qarşı “ikinci cəbhə” açarsa, Birləşmiş Ştatlar hərbi güc tətbiq etməyə hazırdır. Lakin Amerika prezidenti Co Bayden bu məlumatı təkzib edib və Vaşinqtonun heç vaxt belə bəyanatlar vermədiyini bildirir.
//Samir Qurbanov, Editor.az